Bu ilin oktyabr ayında Bakıda mənzillərin 1 kvadratmetrinin qiyməti 1568 dollar olub. “MBA” konsaltinq və qiymətləndirmə şirkətindən verilən məlumata görə, bu, sentyabr ayı ilə müqayisədə 3,09% azdır. Son 1 ildə isə mənzillər 24,47% ucuzlaşıb.
968 dollardan 2123 dollara qədər
Hazırda paytaxtın ayrı-ayrı əraziləri arasında ən bahalı mənzillər Səbail rayonunda təklif olunur – 1 kvadratmetri orta hesabla 2123 dollara. Digər rayonlarda isə qiymətlər 1000-2000 dollar arasında dəyişir.
1 kvadrat metr mənzil üçün Nəsimidə 1777 dollar, Nərimanovda 1650 dollar, Yasamalda 1583 dollar, Binəqədidə 1505 dollar, Nizamidə 1411 dollar, Xətaidə 1316 dollar, Sabunçuda 1150 dollar, Xəzərdə 1078 dollar, Qaradağda 1074 dollar, Suraxanı isə 1023 dollar ödəmək lazımdır.
Bakının qonşuluğunda yerləşən Abşeron rayonunda isə qiymət orta hesabla 968 dollardır.
Rayonlar üzrə qiymətlər (ABŞ dolları ilə) | |
Abşeron | 968 |
Binəqədi | 1505 |
Nərimanov | 1650 |
Nəsimi | 1777 |
Nizami | 1411 |
Qaradağ | 1074 |
Sabunçu | 1150 |
Səbail | 2123 |
Suraxanı | 1023 |
Xətai | 1316 |
Xəzər | 1078 |
Yasamal | 1583 |
Torpaq bahalaşıb
Bakıda mənzillər ucuzlaşsa da, torpaq sahələri bahalaşıb. Belə ki, ötən ay paytaxtda torpağın 1 sotu 16 383 dollara təklif olunub ki, bu da əvvəlki aya nisbətən 1,71% çoxdur. Son 1 ildə isə torpaq sahələri 14,04% ucuzlaşıb.
Kommersiya obyektləri ucuzlaşıb
Azərbaycanda kəskin devalvasiyadan sonra iqtisadi aktivliyin zəifləməsi kommersiya obyektlərinin icarə qiymətlərinin azalması ilə müşaiyət olunur. Oktyabrda bu bazarda 1 kvadratmetrin icarə qiyməti 3011 dollar təşkil edib. Bu da əvvəlki ayla müqayisədə 4,06 azdır. İllik ucuzlaşma isə 6,07%-dir. (fins.az)