elnurastanbeyli@gmail.com
Artıq mandatsız qalmış keçmiş deputatlardan birinin açıqlamasını oxuyuram, noyabrın 1-də Milli Məclisə keçirilən seçki-meçkidəki özbaşınalıqlardan, saxtakarlıq hallarından danışır. Zənn edərsən, buna 5 il əvvəl mandatı çox demokratik, ədalətli seçki keçirib vermişdilər. Anlamıram, bu qara-qışqırıq nəyə lazımdır axı? Sənə o mandatı necə vermişdilərsə, o cür də alıblar, daha nədən narazısan? Necə deyərlər, “məclis onun məclisidir”, istəyər deputat eləyər, istəyər eləməz.
Yoxsa durub seçki saxtakarlığından elə danışmaq ki, guya bu, bizim ölkədə birinci dəfə baş verir, nəsə qeyri-adi, nadir hadisədir… Ayıbdır, siz allah, ətimizi tökməyin.
Hələ “MTN işi” ortaya çıxandan bəri qəzetlərdə, saytlarda, sosial şəbəkələrdə yazılanlara nə deməli? Guya o nazirliklə bağlı ortaya çıxan cinayət əməllərinin hansı təəccüblüdür? Təkcə üç il öncə NIDA-çılarla bağlı baş verənlər, 18-19 yaşlı gənclərə qarşı başdan-ayağa yalan, iftira üzərində qurulmuş əməliyyat MTN haqqında hər şeyi çılpaqlığı ilə göstərmirdimi? Belə bir qanunsuzluğa, özbaşınalığa imza atmış bir nazirlikdən hər şey gözləməyə dəyərdi. Di gəl, o vaxt “dövləti və dövlətçiliy iğtişaş təhlükəsindən xilas etdiyinə görə” Eldar Mahmudova və onun MTN-inə mədhiyyə oxuyanlar, tərif söyləyənlər indi Eldar Mahmudov və MTN barədə dişlərinin dibindən çıxanı söyləyirlər, yazırlar.
Bunları yazmaqda məqsədim var. Azərbaycanda nəhəng bir riyakar ordusu yetişib, onlar çox asanlıqla istənilən situasiyaya uyğunlaşırlar. Onlar üçün 30 il əvvəl cibində Kommunist Partiyasının biletini gəzdirməkdən böyük fəxr yox idi, indi isə onlar sanki heç nə olmamış kimi alovlu millətçidirlər, liberaldırlar. Nə vaxtsa universiet auditoriyalarında ateizmdən dərs deyənlərin səsi bu gün Həcdən, Məşhəddən, canım sizə desin, Kərbəladan gəlir.
Dünənin beynəlmiləlçisi indi türkçüdür, bozqurd işarəsini addımbaşı adamın gözünə soxur.
Müstəqilliyin ən böyük bəhrəsini müstəqilliyin əleyhinə səs verənlər görür.
Sovet dövründə uşaqlarını rus məktəbində oxudub, onlara ailə içində belə bir-birləri ilə rusca danışmalarını, yalnız bu yolla özlərinə karyera qura biləcəklərini təlqin edən adam tanıyıram, bir neçə il əvvələdək hər yerdə Sovet hakimiyyəti illərində dilimizin sıxışdırılmasından, unutdurulmağa çalışmasından bəlağətli nitqlər söyləyər, pala-palaz məqalələr guppuldadardı.
30 il öncəyədək az qala Leninin külliyyatını əl basıb and içən adamlar bir günün içində Lenini söymək üçün növbəyə dayanmağa başladılar.
Ənənə qırılmayıb, ənənə davam edir. Bu ölkədə fikirlərini, əməllərini, baxışlarını situasiyaya uyğunlaşdırılanların siyahısı günbəgün genişlənir, belələri azalmaq əvəzinə çoxalır. Onlar üçün dünən “yaxşı” dediklərinə bu gün “pis” demək su içimi kimi bir şeydir.
Onlar üçün hər zaman şəxsi maraqlar öndədir. Onlar üçün özlərinin, övladlarının karyerası qədər önəmli olan heç nə yoxdur.
Onlar üçün zamana, formasiyaya uyğun olaraq “dahi rəhbər”lərini dəyişmək əyinlərindəki qiyafəti dəyişməkdən daha asandır.
Onlar üçün hansısa ideoloci baxışı dəyişmək telefonunun, avtomobilinin markasını dəyişmək qədər asandır.
Onlar üçün güclü həmişə haqlıdır. Belələrindən ötrü güclünün haqlılığı, sayğınlığı o, öz gücünü itirdikdən dərhal sonra bitir. Necə deyərlər, “bağda ərik var idi, salaməleyk var idi, bağda ərik qurtardı, salaməleyk də qurtardı”.
Odur ki, indi məni nə özü deputat mandatı qazananda seçkiyə “demokratik” don geyindirməyə çalışıb, amma mandatsız qaldıqda seçki saxtakarlığından dəm vuranlar təəccübləndirir, nə də dünənədək Eldar Mahmudovun “dövlətçilik naminə xidmətlərindən” basıb-bağlayanların bu gün Eldar Mahmudovu yerdən-yerə vurmaq üçün növbəyə dayananlar!
Əmin olun, nə vaxtsa bu torpaqlardan şərin, zülmün ayağı kəsiləndə zalımların ünvanına ən yüksək səslə, ən amansız tonla, ən kəskin üslubla, ən bəlağətli sözlərlə döşəyənlər də indi onlara mədhiyyə söyləyənlər, onlara tərif oxuyanlar olacaqlar.
Və buna görə də nə üzləri qızaracaq, nə vicdanları sızlayacaq, nə də alınlarını xəcalət təri basacaq.
Sanki elə belə də olmalı imiş!