Sentyabrın 1-də baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.
Bu barədə AzərTAc Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, Artur Rasizadə gələn ilin büdcəsi layihəsinin “ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla” tərtib edildiyini deyib. Baş nazir məlumat verib ki, layihənin hazırlanmasında dövlət büdcəsinin sosialyönümlü olması əsas götürülərək, əhalinin maddi rifahının yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.
Sonra maliyyə naziri Samir Şərifov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.
Müzakirələrin yekununda büdcə zərfinə daxil olan sənədlər toplusunun ölkə prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib.