Hökumətin 5 milyonluq teatr sevgisi Bakıda niyə özünü göstəmir?
Hökumətimizin yumor hissi güclüdür. Elə addımlar atılır, elə sərəncamalr verilir ki, gülməmək olmur. Bəlkə də bütün sahələrdəki imitasiya siyasəti yumor hissinin güclü olması ilə bağlıdır. Belə ki, bugünlərdə ölkə başçısı Ilham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam imzalayıb.
Məlumata görə, dövlət başçısı hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq qərara alıb ki, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrınınÿbinasının yenidən qurulması və təchizatı məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılsın.
Ilk baxışdan bu sərəncamı əsaslandırmaq asan görünür. Deyə bilərik ki, Azərbaycanın mədəniyyətinin, tarixinin, incəsənətinin təbliğatı üçün hökumətimiz addımlar atır. Amma arxaya dönüb baxanda məlum olur ki, hökumət yenə də vətəndaşlarla zarafat edir.
Əgər hökumət həqiqətən də teatrın inkişafında maraqlıdırsa, ölkənin kinoteatrları niyə bu gündədir. Xatırlayırsızsa, şəhərin mərkəzində “Dostluq” (“Drujba”) kinoteatrı fəaliyyət göstərirdi və kifayət qədər populyar bir məkan idi. Indi bu kinoteatrın ətrafında ancaq damino, nərdtaxta oynayırlar. “Drujba” hökumətimizlə dostluq edə bilmədi. Yaxud məşhur “Sevil” kinoteatrını xatırlayaq. Indi bu kinoteatrın yerində göydələn tikilib. “Şəfəq” kinoteatrı da analoji taleyi yaşayır. Qara Qarayevdəki “Təbriz”, Əhmədlidəki “Bakı” kinoteatrlarının da nimdaşlığı insanı “valeh” edir. Bu siyahını uzatmaq da olar. Amma bir neçə fakt kifayət edir ki, hökumətimizin kinoya, teatra “qayğısını” aşkar edək. Bu gün ölkənin ən tanınmış aktyorları günü 50 manata teleseriallara, müxtəlif məhsulların reklam çarxına çəkilir, toylarda tamadalıq edir, əttökən şou verilişlərdə səssiz müğənnilərin təqdimatı ilə məşğul olur. Yəni Azərbaycanda kino, teatr adamları ucuzlaşmaqdadı. Bu sahənin adamları da əlabaxana çevriliblər. Teatr işçiləri ən aşağı məvacib alır. Son dövrlər nə qədər xalq artistinin, əməkdar artisin müalicəyə pulu olmadığının, uçuq daxmada yaşamasının, dövlətdən kömək istəməsinin şahidi olmuşuq. Nə qədər sənət adamı imkansızlıq səbəbindən dünyasını dəyişib. Bu ölkədə sənət adamlarına fəxri adların verilməsi də, təminatlı həyat sürməsi də hökumətə sədaqətdən asılıdır. Nə qədər filmlər çəkilib ki, hökumətin maraqlarına uyğun olmadığı üçün efirə buraxılmayıb. Amma mərhum və indiki prezident haqqında çoxseriyalı filmlər ard-arda çəkilir və kino nümunəsi kimi təqdim olunur. Azərbaycna tamaşaçısı həftədə 5 dəfə qədim filmlərə baxmağa məcbur qalıb. Artıq hər bir vətəndaş sovet dövrünün filmlərindəki bütün süjetləri əzbər bilir. Demək istəyirik ki, bu hakimiyyətin dövründə kino, teatr adanmlarına, kinoteatrlara da ögey münasibət sərgiləndi. Indi ölkənin mərkəzində kinoteatrları qazanc yerinə çevirənlər, Dərbənddəki teatr binasının təmirinə 5 milyon vəsait ayırır. Ümumi vəziyyəti analiz edəndə məlum olur ki, hökumət sadəcə olaraq imitasiya ilə məşğuldu.
Bəlkə də hökumətimizin bu jesti Rusiya amili ilə bağlıdır. Bu ölkənin Ermənistana 200 milyonluq hərbi yardım etməsi, qondarma Dağlıq Qarabaq respublikasının prezidenti Bako Saakyanı mükafatlandırması hökumətimizi məmnun edib. Ona görə də siyasət teatrında tamaşa göstərirlər.