Bu da «dost» qayğısının nəticəsi
Həqiqətən də qeyri-şəffaf, antidemokratik ölkələrdə bütün sahələr istisnasız tənəzzülə uğrayır. Çünki, yürüdülən siyasətin məqsədi dövlətin inkişafı yox, şəxslərin daha çox qazanması, hakimiyyətdə daha çox qalmaqdı. Məhz hökumət avtoritar və korrupsioner olduğundan səhiyyədən tutmuş, kənd təsərrüfatına qədər bütün sahələr “protez ayaqlar”la gəzir. Ən çox öyünülən sahə idmandır. Amma diqqət etdikdə məlum olur ki, idmanın əksər sahələrində legionerlərdən asılı vəziyyətdəyik. Yəni bu sahəyə xərclənən milyonlar əslində idmanın hərtərəfli inkişafına yox, inkişafın imitasiyasına xidmət edib.
Amma hökumətin öyündüyü başqa bir sahə də var. Bu da mətbuat sahəsidir. Hətta bu ölkənin prezidenti “Jurnalistlərin dostu” da seçilib. Gecə-gündüz mətbuatın inkişafı, jurnalsitlərə qayğı, azad sözə yaradılan imkanlardan danışırlar. Amma bu qədər “diqqət və qayğı” jurnalistikaya marağı azaltmağa xidmət edib. 2015-2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində “Jurnalistika” ixtisası üzrə 198 plan yeri ayrılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “modern.az”a verilən məlumata görə, ayrılan plan yerlərindən 90-ı dövlət sifarişli, 108-i isə ödənişli əsaslarladır.
Jurnalistika ixtisası üzrə Bakı Dövlət Universitetində 115, Azərbaycan Dillər Universitetində 15, Bakı Slavyan Universitetində 48, Naxçıvan Dövlət Universitetində isə 20 yer ayrılıb.
Artıq “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanı verən 163 abituriyentdən 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir.
Göründüyü kimi, 198 jurnalist yerinə 163 abituriyent imtahan verib və 57 nəfər məqbul qiymət alıb. Sual meydana çıxır. Əgər ölkədə jurnalistikaya bu qədər qayğı və diqqət varsa, niyə 198 yer üçün 163 abituriyent mübarizə aparır? Əslində bu məhdud yer uğrunda 100-lərlə abituriyent gərgin mübarizə aparmalı idi.
Deməli, hökumətin mətbuata həqiqi münasibəti cəmiyyətə də aydındı. Bu ölkədə qələmi ilə külüng çalan, yazıları ən çox oxunan curnalsitlər şərlənərək həbs olunub, bu ölkədə müstəqil mətbuat çökdürülüb, bu ölkədə curnalisti yarınmağa, recimə mədhiyyə oxumağa məcbur edirlər, bu ölkədə mətbuatı bir ailənin, hökumət komandasının sözçüsünə çeviriblər, bu ölkədə jurnalist obyektiv araşdırmalarına görə təqib olunur, yaxınları ilə şantaj edilir, bu ölkədə vicdanlı jurnalist olmaq təhlükəlidi. Məhz bu səbəblərə görə insanlar jurnalsitikadan uzaq gəzirlər. Bu hakimiyyət mətbuatı o qədər bozlaşdırıb ki, hamı bu bozluqdan iyrənib. Təkcə telekanallara baxmaq kifayət edir ki, jurnalistin hansı səviyyəyə salındığı aydın olsun. Bu gün adını jurnalsit qoymuş adamlar müxtəlif verilişlər vasitəsilə vicdanlı insanları ləkələməyə, cəmiyyətə yanlış informasiya çatdırmağa, dövlətin deyil, hökumətin maraqlarını müdafiə etməyə girişiblər.
Ona görə də peşə seçimi edən gənclər ümumi mənzərəni analiz edir və ölkədə mətbuata verilən qiyməti dəqiq müəyyənləşdirir. Bu hakimiyyət cəmiyyətin obyektiv informasiya ilə qidalandırılmasını istəmir. Bu hakimiyyət bütün yalanları həqiqət kimi təqdim edən jurnalistikada maraqlıdır.
Bir sözlə, cəmiyyət jurnalistlərlə belə “dostluğu” qəbul etmir. Çünki, belə dostları olana düşmən lazım deyil. Bu gün 10 minlərlə insan az sayda cəsarətli qələm əhlinin yazılarını oxuyurlar. Amma onu da bilirlər ki, bu yazıları yazmaq təhlükəlidir. Axı bu ölkədə jurnalsitin qətlə yetirilməsi, bıçaqlanması, döyülməsi, həbs olunması təhlükəsi var.
Həqiqətlərə yer olmayan ölkədə jurnalist yerinin boş qalması təbiidir.
Akif