«İşıqlar tez-tez sönür, ventilyator işləmir, biz orada qaynayırıq, boğuluruq»
Abdulla Abdullayevin işi üzrə məhkəmə istintaqı tamamlandı
“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin işi üzrə təxminən yeddi aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proses deyəsən, yekunlaşmaq üzrədir. Dünən bu iş üzrə məhkəmə istintaqının tamamlanmasına dair qərar qəbul olunub. Həm Abdulla Abdullayev, həm də vəkili məhkəmədən ədalət gözləmədiklərini vurğulayaraq, prosesin qısa müddətdə yekunlaşdırılmasını istəyiblər.
“AMAY Abdulla” kimi tanınan iş adamının hüquqlarını müdafiə edən vəkil Əkbər Bağırov deyib ki, bu iş üzrə nə ibtidai istintaqda, nə də məhkəmədə normal araşdırma aparılıb: “Abdulla Abdullayev əvvəldən deyirdi ki, məhkəməni tez bitirin, cəzamı verin gedim. Çünki məhkəməyə inamımızı ilk gündən qırdınız. Ibtidai istintaqın elədiklərini məhkəmə də təkrarladı. Verdiyimiz vəsatətlərin heç biri təmin olunmadı. Hətta Abdulla Abdullayevin qəfəsdən çıxarılıb bizim yanımızda əyləşməsi barədə elementar vəsatəti də təmin etmədiniz. Heç bir məsələyə aydınlıq gətirilmədi…”
Dövlət ittihamçısı Fərid Nağıyev isə vəkilin bu cür çıxış etməsini ötən məhkəmə iclasında baş verənlərlə əlaqələndirib. Həmin iclasda Abdulla Abdullayev vəkili Əkbər Bağırovdan narazılığını ifadə etmişdi.
Əkbər Bağırov prokurorun replikasına belə cavab verib: “Abdullayev bir vəkil kimi mənə hər hansı irad tutursa, deməli, mənə hələ də inanır, məndən gözləntisi var. Burada söhbət işin gedişindən gedir. Bu, məhkəmə istintaqı olmadı. Gəlin Abdulla Abdullayevi bezdirməyək”.
Abdulla Abdullayev özü hakimlərə müraciət edərək, məhkəmənin tez yekunlaşdırılmasını istəyib: “Ən acınacaqlı hal laqeydlikdir. Məndə artıq laqeydləşmə gedir. Fikirləşirəm ki, iş versinlər, çıxım gedim ”zon"a. Indi qaldığımız kamerada nəfəs almaq mümkün deyil. Işıqlar tez-tez sönür, ventilyator işləmir, biz orada qaynayırıq, boğuluruq. Bir azdan orada bişəcəyik. Ona görə də işi tez bağlayın, qurtarıb getsin".
Bundan sonra hakim Əfqan Hacıyev məhkəmə istintaqının başa çatdığını elan edib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün on gün vaxt istəyib. Abdulla Abdullayev buna etiraz edib: “Dövlət ittihamçısı gəlib deyəcək ki, ittiham öz təsdiqini tapıb. Belə olan halda axı işi niyə uzadırsız? Nəzərə alın ki, içəridə vəziyyət çətindir…”
Abdulla Abdullayevin etirazına baxmayaraq, məhkəmə 10 gün yox, hətta 15 gün uzadılıb və proses avqustun 18-dək təxirə salınıb.
Xatırladaq ki, Abdulla Abdullayev ötən ilin aprelindən həbsdədir. Bu iş üzrə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanlar arasında onun özü ilə yanaşı, beş nəfər işçisi – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Nadejda Ilyasova da var. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Aytən