O azad düşüncə uğrunda mübarizə imtahanından əla aldı və ən böyük universitet olan həyat ona kamillik diplomu verdi
Milli Şura sədri Cəmil Həsənli Milli Şuranın və NİDA Hərəkatının üzvü, hazırda həbsdə olan İlkin Rüstəmzadəni ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:
"Dostlar! Bu gün Millli Şuanın üzvü, müasir Azərbaycan gəncliyinin ən ləyaqətli, ən mübariz, ən vətənpərvər nümayəndələrindən biri olan İlkin Rüstəmzadənin doğum günüdür. 2013-cü ilin may ayının 17-də həbs edilən İlkin bəy vicdan məhbusudur. Məsələ yalnız statusda deyil, sözün əsl mənasında o, mövqeyi olan vicdanlı vətəndaşdır, öz vətəninin qayğıları ilə yaşayan vicdanlı gəncdir, azadlıq amallarına ürəkdən bağlı olan vicdanlı demokratdır. İlkin artıq 3-cü doğum günün zindanda keçirir. Saxta ittihamlar əsasında ağır cinayətlər məhkəməsinin hakimi Cavid Hüseynov bu istedadlı, yumor hissi güclü olan gəncə 8 il iş verdi. Əhali arasında işsizliyin kütləvi hal aldığı çağdaş Azərbaycanda bax beləcə gəncləri “işlə” təmin edirlər. Rəhmətlik Baba Pünhan demiş: “Verməz heç kim iş bizə, İş verməsə hakim bizə”.İlkinə bu “işi vermək üçün üzərinə “xuliqanlıq” madddəsini qoymuşdular. O, “Harlem Shake” vidiorolikini hazırlamaqda və onu Youtube-da yerləşdirməkdə ittiham edilirdi. Bir il sonra bu iş məhkəməyə çıxarılanda mən NİDA-şı gənclərin məhkəmə prosesində yaxından iştirak edirdim. Düzünü deyim ki, bütün məhkəmə prosesində gənclərin günahlandırıldığı iki məsələ axıra qədər aydın olmadı. Bunu biri “Molotov kokteyli” ilə bağlı idi, ikincisi isə. “Harlem Shake” vidioroliki idi ki, nə hakim heyyəti, nə dövlət ittihamçısı, nə də məhkəmə izləyiciləri bunların nədən ibarət olduğundan baş çıxarmadı. Nəticədə hakim özünün də məlumatsız olduğu məsələ barədə hüquqa zidd olan hökm çıxardı. Əslində, xuliqanlıq və “Harlem Shake” bəhanə idi, İlkini aktiv vətəndaş mövqeyinə görə, az vaxt içərisində öz mübarizə əzminə görə gənclər arasında geniş populyarlıq qazandığından həbs etmişdilər. Həmin vaxt keçirilən əsgər ölümləri ilə bağlı iki ən kütləvi aksiyada onun müstəsna rolu var idi. “Avrovizion” ərəfəsində keçirdiyimiz 17 mart aksiyasından sonra daha kütləvi və təsirli iki aksiya: 12 yanvar və 10 mart aksiyaları gənclik hərakatının formalaşasında mühüm rol oynadı. 2013-cü ilin yanvar ayının 26-da sosial şəbəkələrdə keçirilən İsmayıllıya dəstək aksiyasının əsas əlaqələndiricisi idi. Hakimiyyətin bütün repressiv addımlarına baxmayaraq, bu üç tədbirin kütləviliyinin təmin edilməsində, aksiyanın dinc, zorakı olmayan qaydada baş tutmasında Ilkin Rüstəmzadənin böyük rolu olmuşdu. 21 yaşlı İlikinin cəmiyyətdən təcrid edilməsi, saxta və bir az da gülməli ittihamlarla həbs edilməsi onun bu aksiyalardakı təşkilatçılığı, gənclər arasında nüfuzu və mübarizə əzmi ilə bağlı idi. Məhkəmə prosesində mən bir neçə dəfə İlkinin parlaq çıxışlarının şahidi oldum. Güclü məntiqi vardı, öz gözlənilməz atmacaları ilə ağır cinayətlərin təcrübəli hakimini asanlıqla yüngül vəziyyətə sala bilirdi. İlkin 2009-cu ildə Azərbaycan İqtisad Universitetinin informatika və idarəetmə fakültəsinə daxil olmuşdu. Bu həbs onun təhsilini yarımçıq qoydu. Amma İlkin vətənpərvərlik, azad düşüncə uğrunda mübarizə imtahanından əla aldı və ən böyük universitet olan həyat ona kamillik diplomu verdi. Natamamlıq girdabına yuvarlanmış bir ölkədə 23 yaşında kamillik diplomu almaq hər gəncə nəsib olmur. Bu da, vicdan məhbusu güzaranı yaşayan vicdanlı bir gəncin, şübhəsiz ki, ilk uğurudur".