Mehman Əliyev: «Azərbaycana qarşıdan böhran gəlir və ölkəni ciddi sosial gərginlik gözlədiyindən hakimiyyət repressiyaları artırır»
Azərbaycan hakimiyyəti beynəlxalq aləmdən gələn istəkləri nəzərə almır və bu niyyətini açıq bəyan edir. Bundan başqa, beynəlxalq təzyiq gücləndikcə hakimiyyət daxildəki repressiyanı da artırır. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə, “Meydan” TV-nin rəhbəri Emin Milliyə qarşı atılan addımlar bunu bir daha təsdiqləyir.
Halbuki hakimiyyət mediası uzun müddətdir onun təbliğatını aparır ki, hakimiyyətin Qərblə münasibətləri normallaşıb. ABŞ rəsmilərinin, Avropa Ittifaqı Şurasının prezidenti Tuskun səfərləri məhz Qərbin jesti kimi dəyərləndirilir. Amma baş verənlər, hakimiyyətin atdığı addımlar, beynəlxalq aləmdən gələn təpkilər onu deməyə əsas verir ki, Qərblə münasibətlər heç də iqtidarın təqdim etdiyi kimi normal deyil. Bundan başqa, Dövlət Departamentinin Q.Zahid və E.Millinin qohumlarına olan təzyiqləri pisləməsi onu deməyə əsas verir ki, ABŞ demokratik prinsiplərdən əl çəkmək niyyətində deyil.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Azərbaycana qarşı sanksiyaların gündəmə gəlməsinə rəğmən, onun tətbiq edilməməsi hakimiyyətin əl-qolunu açır. Amma Azərbaycan hakimiyyətinin daxildə repressiya siyasətini gücləndirməsini təsadüfi saymayan M.Əliyev vurğuladı ki, hakimiyyət preventiv addımlar atmaqla cəmiyyətdə aktivliyin qarşısını almağa çalışır: “Hakimiyyət cəmiyyətdə aktivlik edən adamlara qarşı repressiyanı artırır. Bu da təsadüfi deyil. Çünki, Azərbaycana qarşıdan böhran gəlir. Ölkəni ciddi sosial problemlər gözləyir, sosial gərginlik artacaq. Hakimiyyət sadəcə olaraq addımları ilə toplumu qorxutmağa, onları iqtidara qarşı fəaliyyətdən çəkindirməyə çalışır”.
Xəyal