«Qanun və haqq-ədalətdən qorxmayan bu adamlar məmur qohumlarına güvənirlər»
Bakının Sabunçu qəsəbə sakini Nicat Xəbərov onun hüquqlarını pozan, əmlakını zorla əlindən alan məmurların cəzalandırılması üçün dövlət başçısına müraciət edib. O, Ilham Əliyevə ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib. Vətəndaş yazır:
“Mən və ailəm bir qrup dəstənin qurbanı olmuşuq. Hüquq-mühafizə orqanları onlarla bacara bilmir. Onların hər yerdə adamları var. Qanun və haqq-ədalətdən qorxmayan bu adamlar məmur qohumlarına güvənirlər. MTN-nin yüksək rütbəli məmurunun qohumu olduğu deyilən Ruslan Cavadov və Sabunçu məhkəməsinin icra məmuru, Prezident Administrasiyasının məmuru Sabirin bacısı oğlu olduğunu deyən Daşqın Həsənəliyevdən şikayətim var.
Bu adamlar barədə müxtəlif dövlət orqanlarına ərizə yazmışam. Lakin ərizəmi ötür-ötür oyununa salıblar.
Biz bu adamlara görə hədə-qorxu altında yaşayırıq. MTN-nin vəzifəli şəxsinin qohumu olduğu bildirilən şəxs mənə 4 min manat faizlə pul verib. Maşınımı ona girov qoymuşdum. 4 min manatı və üstündə də 3300 manat faizi ödəyərək maşınımı girovdan çıxarmışam. Borc ödəniləndən sonra maşınım gecə saatlarında evimin qarşısından oğurlanıb və geri qaytarılmayıb.
Hər gün həmin maşınla Bakıxanov qəsəbəsində məhkəmənin yaxınlığında “xaltura” edib ailəmi dolandırırdım. Mayın 19-da baş verən hadisə vaxtı gecə saat 12.30-da evə gəlmişəm. Deyilənə görə, evin yaxınlığında məni güdüblər və mən evə girib yatandan sonra maşını oğurlayıblar.
Mən hansısa məsuliyyətdən qaçıramsa, mənə xəbərdarlıq olunmalı, maşını qanunla aparırlarsa, aktlaşdırılmalı və ailəmə, özümə məlumat verilməlidir.
Maşının oğurlandığını biləndə DIN-in 102 xidmətinə və Sabunçu Rayon Polis Idarəsinə şikayət etdim. Məlum oldu ki, yuxarıda adlarını çəkdiyim adamlar aparıb. Hüquq-mühafizə orqanlarına ərizə yazsam da, bu günə qədər heç bir nəticə yoxdur.
Xahiş edirəm, mənimsənilən əmlakımın, ailəmin çörək yeri olan maşınımın qaytarılması, özbaşınalıq edən, məmur qohumlarına güvənənlərin, eyni zamanda, vəzifəsindən sui-istifadə edib qanun pozucularını himayə edənlərin cəzalandırılması üçün göstəriş verəsiniz".
Sosial şöbə