Azərbaycan hakimiyyəti Boko Saakyanın mükafatlandırılmasına niyə susur?
Dəfələrlə sübuta yetirilib ki, hakimiyyət milli maraqların deyil, şəxsi maraqların keşikçisidi. Əgər zərrə qədər milli maraqların keşiyində dayandaysdılar, düşmən postu keçə bilməzdi. Bu gün Azərbaycanın ən böyük problemi Qarabağ məsələsidi. 20 ildən artıqdı danışıqlar gedir və heç bir nəticə yoxdur. Düşmən isə öz təbliğatını davam etdirir, 20 faiz torpağı əlində saxlayıb və hər gün atəşkəsi pozur.
Məsələ burasındadır ki, düşməni ayaqda saxlayan hökumətimizin dostudur. Bəli, Rusiya bu gün Ermənistana birmənalı şəkildə dəstək verir və münaqişənin hələ də həllini tapmaması Rusiya faktoru ilə bağlıdır. Xatırlayırsızsa, bir müddət öncə Rusiya Ermənistana 200 milyonluq jest elədi və bu jest sırf hərbi silah-sursatla bağlı idi. Məlum oldu ki, düşmən bizə qarşı “Isgəndər” raketlərindən atəş açacaq. Həmin vaxt XIN biabırçı bir bəyanat yaydı və Rusiyanın ermənipərəstliyini görməzdən gəldi. Bundan öncə isə Vladimir Putin qondarma erməni soyqırımı abidəsini ziyarət etmişdi. Amma dünyada “ermənipərəst” axtarışına çıxan hökumətimiz bu boyda erməni sevdalısını görmədi.
Bugünlərdə isə Rusiyadan Azərbaycana daha bir “sürpriz” oldu. Belə ki, Dağlıq Qarabağdakı qondarma erməni rejiminin rəhbəri Bako Saakyan Rusiyanın “Böyük Pyotr” ordeninin birinci dərəcəsi ilə təltif olundu. Bu fakt Saakyanın rəsmi bioqrafiyasında yer alır və müstəqil erməni jurnalist Vaqram Ağacanyan Rusiyanın Irəvandakı səfirinə məktub yazaraq ordenin hansı xidmətlərə görə verildiyini soruşur.
Jurnalistin Rusiyanın Irəvandakı səfiri Ivan Volınkinə göndərdiyi məktubda deyilir ki, Bako Saakyanın rəsmi bioqrafiyasında onun “Rusiya dövlətinin möhkəmlənməsində xidmətlərinə görə” ölkənin ali ordenlərindən biri – I dərəcə “Böyük Pyotr” ordeni ilə təltif edildiyi göstərilib. Habelə orada göstərilir ki, Dağlıq Qarabağdakı rejimin indiki rəhbəri Rusiya Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasının həqiqi üzvüdür.
Rusiya Federasiyasının ali dövlət mükafatları haqda qanunda göstərilir ki, “Böyük Pyotr” ordeni hərbi, xidməti və vətəndaş borcunu yerinə yetirərkən mərdlik, igidlik və qəhrəmanlıq göstərənlərə verilir. Həmçinin Rusiya dövlətinin möhkəmləndirilməsi naminə dövlət işlərində, elmi-tədqiqatda, istehsalda və digər sahələrdə yüksək nailiyyətlər əldə edənlərə bu orden verilə bilər.
Göründüyü kimi, Rusiya birmənalı şəkildə işğalıçını dəstəkləməyə, mükafatlandırmağa davam edir. Qondarma rejimin rəhbərinə fəxri ad verən dövlət Qarabağ münaqişəsinin həllində haqlı mövqe tutarmı? Rusiya açıq şəkildə ifadə edir ki, Ermənistanın yanındadır və bu işğalçılığa haqq qazandırır.
Başqa vaxt ermənilərlə eyni tədbirdə iştirak edənləri “vətən xaini” adlandıranlar, Ermənistana səfər edən Avropalıları “personan non qrata” elan edənlər indi niyə susurlar? Rusiyaya bu qədər güzəşt və xidmət etməyin qarşılığında nə alırıq? Bir nömrəli ermənipərəst ölkəyə bu qədər sevgi hansı zərurətdən doğur?
Hakimiyyətin “milli maraqlar” arqumenti hər gün bir az da ifşa olunur. Rusiya Ermənistana açıq jestlərini gücləndirdikcə, Azərbaycan hakimiyyəti də Rusiyaya sədaqətini gücləndirir. Sanki, ermənipərəstliyə görə Rusiyaya təşəkkür edirlər.
Avropa Şurasını, Avropa Parlamentini, ABŞ-ı erməni lobbisinin təsiri altında olmaqda ittiham edən “vətənpərvər”lər Rusiyanın xəyanətinə səssiz qalıblar.
Bakı Saakyanın Rusiyaya xidmətlərinə görə mükafatlandırılması olduqca ciddi məsələdi. Saakyan Dağlıq Qarabağda Rusiyanın maraqlarını təmin edir və buna görə də şərəfləndirilir. Daha dəqiq ifadə etsək, bu gün rəsmi Bakının siyasəti işğalçıya sığınmaqdı. Artıq təsdiq olunur ki, “Rusiya proyekti” məhz bu hökumətdi və Qarabağ məsələsində status-kvonun saxlanması hər iki hökumətə sərf edir.
Yəqin ki, rejim mətbuatı, telekanallar və “ekspert”lər yenə də Rusiyanı mələk kimi təqdim etməyin yollarını arayacaqlar.
Samir