Biləsuvarın icra başçısı ahıl kişini niyə çöllərə salıb?
Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov ölkə başçısı İlham Əliyevə müraciət edib. Əli Hüseynov müraciətin bir surətini də "Azadlıq"ın redaksiyasına ünvanlayıb. Müraciətdə deyilir: "Cənab prezident, mənim Biləsuvar rayonunda 60 hektar ərazisi olan torpaq sahəm var. Həmin ərazidə ferma da tikimişəm. Amma torpaqdan istifadə etmək mümkün deyil. Şoranlıq olduğu üçün orada nə arpa, nə də yonca əkmək mümkündür. Bel vuran kimi torpaqdan su çıxır.
Biləsuvar rayonunun Su Kanal İdarəsinin müəllimi bir traktor verib. Şoranlığı təmizləmək üçün qazıntı işləri aparılır. Təbii ki, bütün işlər şəxsi vəsaitim hesabına görülür. Halbuki bu işi elə müvafiq dövlət qurumları görməlidir. Amma mən şəxsi vəsaitim hesabına iş gördürürəm, ona da iki ildir ki, yubadırlar. Ərazinin 2000 metr hissəsində qazıntı aparılıb, 1000 metri isə qalıb. Məni, şəhid atasını 80 yaşında süründürməçiliyə məruz qoyublar.
Cənab prezident, sizin icra başçılarına verdiyiniz tapşırıqlar, tövsiyyələr yadıma düşdü. Ona görə də bu işlə bağlı Biləsuvarın icra başçısı Mahir müəllimin qəbuluna getdim. Mahir müəllim göstəriş verdi ki, Əli kişinin işi qısa müddətdə başa çatdırılmalıdır. Təbii ki, yenə də şəxsi vəsaitim hesabına. Amma yenə də bir nəticəsi olmadı. Dəfələrlə teleqram vurdum. Heç bir səs-soraq yoxdur.
Cənab prezident, bilirəm ki, mənim kimi şəhid ailələrinə və sahibkarlara hörmət qoyursunuz. Lakin bəzi "icra başçıları" və "məmurlar" mənim işimi yarımçıq qoyurlar. Bununla da təsərrüfatıma ciddi ziyan vururlar. Ona görə də sizdən xahiş edirəm ki, Biləsuvarın icra başçısına mənim problemimin həll olunması barədə göstəriş verin. Təsəvvür edin, mənim kimi yaşlı adamı salıblar çöllərə. Mən piyada, onlar isə kondisionerli maşınlarla. Qaçıb gizlənirlər, bu adamları tapmaq mümkün deyil. Ümid edirəm ki, mənim müraciətimi diqqətə alacaqsınız".