Ictimai nifrətin yeganə səbəbi dönüklükdür
Artıq gizli qalan heç nə yoxdur. Bütün qaranlıqlara aydınlıq gətirlib. Amma aydın mənzərəyə də bir neçə kəlmə ilə yön vermək lazımdır. Başa düşürük ki, bütün arqumentləri tükənənlər, mövzunu fərqli istiqamətə yönəltməyə məcburdular.
Amma buna imkan vermək olmaz və hadisələri öz isitqamətinə qaytarmaq lazımdı. Belə ki, “Yeni Müsavat”ın kapitanı şəffaf ifşa prosesini ona qarşı paxıllıq kimi təqdim etməyə çalışır. Elə təəssürat yaratmaq istəyirlər ki, Rauf Arifoğluna qarşı aqressiv münasibəti onun prezidentlə görüşü ilə əlaqələndirsinlər. Yaxud, Rauf Arifoğlunun mətbuatdakı rolunu önə çəkməklə ona qarşı ədalətsizlik olduğunu sübut etməyə çalışırlar.
Amma səbəb bu deyil. Rauf Arifoğlunun mətbuatdakı rolu hamıya məlumdur və bunu heç kim danmır. Eyni zamanda bu aqressiyanın səbəbi prezidentlə görüş də deyil. Rauf Arifoğlu 2001-ci ildə mərhum prezident Heydər Əliyevlə də görüşmüşdü. Amma bu görüşdən sonra heç kim onu xəyanətdə suçlamadı. Yəni, Rauf Arifoğluna qarşı ictimai nifrət onun dönüklüyü ilə bağlıdı. Bu nifrətin yeganə səbəbi mübarizə yoluna xəyanət etməsi, vicdanlı adamları hədəf seçməsi, rejimin ən iyrənc planlarında iştirakı və söydüyü ünvana sığınmasıdır.
Bugün bu adamı müdafiə edən kimlərdi? Cəmiyyətdə çəkisi olan hansı ictimai-siyasi xadim onun addımlarını dəstəkləyir. Açıq və dolayı formada hamı bu fəaliyyəti lənətləyir. 1-2 adam qalıb ki, onların da fikri cəmiyyət üçün mötəbər deyil və canıyananlıqlarının səbəbi də məlumdur. Bəli, Rauf Arifoğlu indi yalnız “dilaoq müxalifəti” nin sevimlisinə çevrilə bilər. Çünki, onlar da rejimin sığalından məst olmaq istəyirlər.
Prezidentlə görüşdə siyasi məhbus məsələsini, müstəqil mətbuata basqıları, ölkədəki neqativ tendensiyaları qabartmaq olardı. Amma Rauf Arifoğlu yaxasını qabartdı və ənamını aldı. Inanın ki, özünə hörmət edən heç kim bu mənzərəyə paxıllıq etməz. Çünki, bu yüksəlişin nə qədər aşağılanmaq hesabına təmin olunduğu aydındır.
Bir daha qeyd edək ki, Rauf Arifoğluna qarşı nifrət onun zəif qəzetçi, yaxud prezidentlə görüşdüyü üçün deyil, 180 dərəcə dəyişdiyi üçündür. Həm də bu dəyişiklik bəzilərinin dediyi kimi manevr deyil, satılmaqdı.
Yeri gəlmişkən, bir müddətdir “Azadlıq” qəzetinin “facebook” profili oğurlanıb və bu profildən müxtəlif adamlara qarşı təhqiramiz ifadalər yazılır, insanlara virus göndərilir və.s Biz də baş verənləri qəzetdə, saytda, sosial şəbəklərdə citimailəşdirimişik və oxuculara xəbərdarlıq etmişik. Amma Rauf Arifoğlunun qəzeti reallığı bilə-bilə “Azvizion.az”ın iyrənc materialını səhifəsində dərc edir. Hansıki, Rauf Arifoğlu gözəl bilir ki, “Azadlıq qəzeti” profili hakimiyyətin xakerləri tərəfindən oğurlanıb və istədikləri əməliyyatı bu profilin adından həyata keçirirlər. Bəli, Rauf Arifoğlu o qədər öhdəlik götürüb ki, Vüsal Məmmədovun dezolarından yararlanmağı da özünə sığışdıra bilir. Demək istəyirk ki, Rauf Arifoğlu belə cılız əməllərinə görə hədəf seçilib və ona qarşı münasibət “əməkdar jurnalist” bəxşişindən öncə də pis idi. Sadəcə olaraq bu son akkord oldu və hökumət öz cəsusunu cəmiyyətə təqdim etdi.
Onu da qeyd edək ki, “Azadlıq” qəzeti KIVDF-dən maliyyə alanda da, hansısa mükafata layiq görüləndə də öz kursunu dəyişməyib. Əksinə, daha kəskin, daha prinsipial olub və hakimiyyəti ifşa etməyə davam edib. Ona görə də müqayisə edəndə, kompromat axtaranda biraz diqqətli olun.
Akif