elnurastanbeyli@gmail.com
Başlığı görüb bəzi sadiq oxucular diksinə bilərlər. Təəccüblü deyil. Mənim bir çox yazılarımın “qəhrəmanı” Anardır – AYB sədri, faktiki “ədəbiyyat naziri”, xalqsız xalq yazıçısı, zülmün, yalanın dostu Anar.
Di gəl, məsələ burasındadır ki, bu yazının ünvanı tamam başqa Anardır – Anar Məmmədli! Azərbaycanda ədalətli seçki, hüquqi-demokratik dövlət, azad cəmiyyət uğrunda mübarizənin önündə olanlardan biri, bu mücadiləsinə görə, şərlənərək rejim zindanına salınan, həqiqətin dostu Anar!
Bizim kimi, anti-demokratik Sistemin sayəsində çağın gerisində qalmış, keçmişin keçmədiyi, köhnəliyin hegemon olduğu ölkələrdə Anar Məmmədli kimi dürüst, vicdanlı, irəligörüşlü, demokratik təfəkkürlü, əxlaqlı, aydın insanlar asan yetişmir. Onların qədrini bilmək, onları yüksək qiymətləndirmək lazımdır. Çünki yalnız belə insanların varlığı (onlar itaətkar, müti çoxluq qarşısında hər nə qədər az görünsələr də!) Azərbaycanın azad, işıqlı gələcəyinə ümidi qoruyub-saxlayır. Fikirləşirsən ki, ən ağır şərtlər altında belə, bu ölkədə hələ də bu cür çağdaş zehniyyətli insanlar ortaya çıxır, öz mübarizələrində hər bir çətin sınağı göz önünə alırlarsa, deməli, yaşadığımız bu vətənin də bir gün gəlişmiş, modern, mədəni dünyanın bir parçasına çevrilmək şansı qalır, davam edir.
Anarın bu gün niyə dəmir barmaqlıqlar ardında olduğunu demək artıqdır. Bunu hər kəs bilir – baxmayaraq ki, hər kəsin bunu etiraf etməyə, ya da dilə gətirməyə bilər. Anar 2013-cü ildəki prezident seçkisinin ölkə içində və ölkə dışında anti-demokratik hesab edilməsindəki fəaliyyətinə görə cəzalandırırlar. Hansı ki, bu cəzanı Tarix əvvəl-axır Anar üçün bir ödül olaraq onun tərcümeyi-halına yazacaqdır.
***
26 iyul Anar Məmmədlinin doğum günüdür. Mən həbsdəki əziz dostumu qutlayır, ona sağlamlıq arzulayıram. Əslində “sağlamlıq və azadlıq” yazmaq istəyirdim. Amma bir anlıq əlimi saxladım. Bəyəm Anar azad olduğu, Sistemin diqtə və direktivlərinə boyun bükmədiyi üçün indi həbsdə deyilmi? Azadlığı Anardan çox həbsdə olmayan, amma ruhunu, qəlbini yalana, zülmə, haqsızlığa satanlara, Şərin girovuna çevrilməyə razılaşanlara arzulamalı deyilikmi?!.
Ona görə də Anara cansağlığı və tezliklə dəmir barmaqlıqlar ardından qurtulmağı, bu ölkə üçün gərəkli, faydalı əməllərinə davam etməyi arzulayıram.
Azərbaycanın irəligörüşlü, işıqlı adamlarını meydandan kənarlaşdırmaqla öz rejimlərinin ömrünü uzada biləcəklərini, onu təhlükələrdən sığortaladıqlarını düşünənlərə isə bizdən çox da uzaq olmayan coğrafiyalardakı qorxunc mənzərəni xatırlatmaq istəyirəm. Görün həmin coğrafiyalarda sivil siyasi mübarizəni ləğv, tərəqqipərvər ideyaları və insanları məhv etmək hansı dəhşətli fəlakət yaradıb? Unutmayın ki, hüquqlarsız və azadlıqlarsız cəmiyyətlər IŞID-lərə hamilədir. Azərbaycana bunu rəva görməyin. Onsuz da bu ölkə müasir düşüncəli, yenilikçi, modern, mədəni dünya tərəfdarı olan insanlarla zəngin deyil, siz də bir tərəfdən belə insanların əl-qolunu bağlamayın, onları sıradan çıxarmağa çalışmayın.
Bəli, bizdə çoxluq köhnəlikdən, keçmişin qaranlıq düşüncələrindən qopa bilmir. Siz hesab edirsinizsə ki, bu yaxşıdır, bu sizə hakimiyyətdə daha uzun müddət oturmaq imkanı verir, yanılırsınız. Baxın, ərəb coğrafiyasındakı despotik rejimlər indi hansı qüvvələrin əlində əsir qalıblar, necə bir təhdidlə qarşı-qarşıyadırlar. Sivil müxalifətə aman vermədilər, indi silahlı, vəhşiləşmiş güclərdən aman istəmək zorundadırlar.
Kimsənin öz hakimiyyət maraqları naminə Azərbaycanı tərəqqipərvər, irəligörüqlü, çağdaş təfəkkürlü adamlardan təmizləmək haqqı yoxdur. Ki, axırda belə adamlardan boşalan yeri də hansısa ekstremist niyyətli, terror təfəkkürlü quduzlar tutmağa çalışsın. Bunun hamımıza necə böyük bəlalar gətirəcəyini anlamağın zamanı nəinki gəlib, hətta keçir?
***
Sonda dostum Anarı bir daha qutlayaraq, yazıya da ustad Nazim Hikmətin hər bir vicdanlı insanın günümüz Azərbaycanında ortaq məqsədi olması gərəkən misraları ilə nöqtə qoymaq istəyirəm:
annelerin ninnilərinden
spikerin okuducu habere kadar
yürekte, kitapta və sokakta
yenebilmek yalanı!…