Arif Hacılı: «Hətta ölüm təhlükəsindən çəkinməyən bir çoxları şəxsi rifah naminə irtica qarşısında təslim oldular»
“Ramiz Mehdiyevlə Əli Həsənovun müqavimət mərkəzləri olan demokratik institutları zərərsizləşdirmək sahəsindəki konsepsiyaları arasındakı fərqlər açıq – aydın görünür. Birinci əzmək, məhv etmək, klonlaşdırmaq, ikinci isə şirnikdirmək, ələ almaq, özününküləşdirmək siyasətini daha səmərəli sayır. Daxili dövlət siyasətində hər iki konsepsiyanın ən mürtəce tərəflərindən istifadə olunur".
Bu sözləri Müsavat Partiyasının başqanı Arif Hacılı özünün “Facebook” səhifəsində yazıb. Arif Hacılının statusunda daha sonra deyilir: “Qəzetlər bağlanır, partiyalar, ictimai təşkilatlar təqib edilir, xüsusi fəallıq göstərənlər həbs olunur. Eyni zamanda Şurikin Qafqaz sərgüzəştlərini əks etdirən ”Qafqaz əsiri" filmində olduğu kimi “mane olan yardım edəcək” hiyləsindən istifadə edilir.
Bu sahəyə o qədər resurs cəlb edilib ki, siyasi mübarizəni müxalifət içərisindən çıxarmaq mümkün olmur.
Deputat mandatı siçan tələsində pendirə çevrilib.
Mətbuat Şurası vasitəsi ilə azad mətbuata, QHT Forumu vasitəsi ilə ictimai sektora həlledici zərbə vurulub.
Siyasi partiyaların dialoq masası adı altında çoxpartiyalı sistemi sıradan çıxarmaq cəhdləri davam edir.
Təssüf ki, təqiblərdən, həbslərdən, hətta ölüm təhlükəsindən çəkinməyən bir çoxları, maddi imkanlar, konfortlu həyat, şəxsi rifah naminə irtica qarşısında təslim oldular.
Amma ruhdan düşmək lazım deyil. Təslim olanların sayı artdıqca duruş gətirənlərin də dəyəri artır".