Gültəkin Hacıbəyli: «Hakimiyyətin bu cür davranışı Azərbaycanın təhlükəsizlik, strateji maraqları baxımından çox təhlükəli bir tendensiyadır»
Xəbər verildiyi kimi, bugünlərdə Rusiya Ermənistana bu ölkənin silahlanması məqsədilə 200 milyon dollar kredit ayırdı. Artıq Ermənistan parlamenti də bu krediti təsdiqləyib. Ekspertlərlə yanaşı, yerli ictimaiyyət də bu qənaətdədir ki, iki ölkə arasındakı kreditləşmənin əsas məqsədi Rusiyanın Ermənistana "Iskander-M" operativ-taktiki raket kompleksi satmasıdır.
Bu razılaşmadan bir həftəyə yaxın vaxt ötməsinə baxmayaraq, Azərbaycanın hakimiyyət təmsilçiləri Rusiyanın Ermənistana göstərdiyi böyük jestə hər hansı münasibət bildirməyiblər.
Hər zaman vətənpərvərlikdən, milli maraqlardan danışan hökumətyönlü media mənsubları və bir sıra deputatlar da susqunluq nümayiş etdirməklə kifayətlənirlər.
Ölkənin gündəminə çevrilən bu xəbər ətrafında baş verənləri Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacibəyli şərh edib. Yaranmış vəziyyətin həqiqətən parodoksal olduğunu deyən Gültəkin xanım yada salır ki, bir neçə gün əvvəl AŞ PA-da Azərbaycanda insan hüquqlarının vəziyyətini sərt tənqid edən qətnamə qəbul ediləndən sonra hakimiyyəti təmsil edən məmurlar, millət vəkilləri, hökumətyönlü partiya sədrləri, QHT təmsilçiləri və media qurumları bir-birinin ardınca hücuma keçmişdilər: “Avropa Şurasını ermənipərəstlikdə, az qala, Qarabağı Azərbaycandan alıb Ermənistana verməkdə ittiham edirdilər. Halbuki, qətnamə sırf Azərbaycanda insan haqları və demokratiyanın vəziyyətinə həsr olunmuşdu. Yeri gəlmişkən, AŞ PA-nın Qarabağla bağlı qəbul etdiyi çoxsaylı sənədlərin hər birində Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunması açıq mətnlə göstərilir. Bu, Avropa Şurasının rəsmi mövqeyidir və təşkilat bu gün də həmin mövqeyindədir. Avropa Şurası dəfələrlə Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə ittiham edib, onları işğal etdikləri ərazilərdən qoşunları geri çəkməyə çağırıb. Konkret olaraq son qətnamədə ”işğal" ifadəsinin çıxarılması isə Avropa Şurasının mövqeyi yox, sadəcə, Ermənistanın nümayəndə heyətinin bu epizodda daha yaxşı işləməsinin nəticəsi idi. Erməni nümayəndə heyəti tədbir zamanı bir neçə dəfə təkliflərlə çıxış etdi və son nəticədə öz təkliflərini keçirə bildilər. Ancaq bir daha qeyd etməliyəm ki, bu tamamilə əhəmiyyətsiz, texniki bir məqamdır. Çünki Avropa Şurasının rəsmi mövqeyi ortadadır və qurumun Qarabağla bağlı bütün sənədlərində Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycan ərazisi kimi tanınır".
Gültəkin Hacıbəyli deyir ki, bütün bu faktları Azərbaycana xəyanət, ermənipərəstliyin nümunəsi kimi təqdim edən hakimiyyət Azərbaycan ərazilərini işğal edən Ermənistanı birbaşa silahlandırmaq üçün çox təhlükəli “Iskəndər-M” silahlarını satmaqdan ötrü Rusiyanın onlara iki yüz milyon dollar vəsait ayırması faktının üzərindən sükutla keçir: “Halbuki, AŞ PA-nın qətnaməsindən fərqli olaraq, bu, birbaşa Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təhdid edən faktdır. Çünki burada söhbət Azərbaycanın ərazilərini işğal etmiş Ermənistan ordusunun gücləndirilməsindən gedir. Hakimiyyətin və onları müdafiə edən insanların bu fakta qarşı susqunluğu artıq bir çox mətləblərə aydınlıq gətirir. Bəlli olur ki, AŞ PA-nin sənədi heç də ”işğal" ifadəsinin çıxarılmasına görə yox, orada Azərbaycanda insan hüquqlarının vəziyyəti tənqid edildiyi üçün süngüylə qarşılandı. Eyni zamanda, o da bəlli olur ki, hakimiyyəti müdafiə edən şəxslər hakimiyyətin razılığı olmadan, hətta Ermənistan ordusunun silahandırılmasına görə belə, Rusiyanı tənqid etmək iqtidarında deyil. Çünki hakimiyyətin onlara belə bir icazəsi yoxdur".
Gültəkin Hacıbəyli təəssüflə onu da qeyd edir ki, Azərbaycan hakimiyyəti ölkənin ərazi bütövlüyünü dəstəkləyən, Qarabağın və ətraf əraziləri Azərbaycan torpaqları kimi tanıyan Avropanın deyil, ölkə ərazilərinin işğalında böyük rolu olan, Ermənistanı silahlandıran Rusiyanın yanındadır: “Bu isə Azərbaycanın təhlükəsizlik, strateji maraqları baxımından çox təhlükəli bir tendensiyadır. Azərbaycanın milli maraqları bunun əksini tələb edir. Normalda Azərbaycan hakimiyyəti bu ölkədə vətəndaşların hüquqlarının qorunmasını tələb edən, eyni zamanda, Qarabağ məsələsində prinsipial mövqe göstərən Avropanın yanında olmalıydı. Məsələn, Almaniya Bundestaqında qəbul edilən qətnamədə Ermənistandan didərgin salınmış qaçqınların problemləri bütün detalları ilə qabardılıb. Bundan əlavə, AŞ PA-nın Laçın qaçqınları ilə bağlı qəbul etdiyi sənəddə ermənilərin işğal olunmuş rayonlarda insan haqlarının pozulmasına görə hüquqi məsuliyyəti məsələsi ortaya çıxdı. Bu da o deməkdir ki, Azərbaycan üçün yeni fürsətlər yaranır. Hakimiyyət öz maraqları naminə bu fürsətləri qaçırmamalıdır. Əksinə, ona dostluq əli uzadan Avropanın əlini sıxmalıdır. Həm də bunu ona görə etməlidir ki, Ermənistanda demokratikləşmə prosesi geniş vüsət almaqdadır. Onlar baxmayaraq ki, Rusiyanın forpostu rolunda çıxış edir, lakin insan hüquqları və demokratiya sahəsində Azərbaycandan xeyli irəlidədir. Bizim ölkədən fərqli olaraq, Ermənistan yarım azad ölkədir. Bu baxımdan Ermənistanın demokratiya sahəsində daha önə çıxması Qarabağ probleminin həllində də bu ölkəyə əlavə üstünlüklər qazandırır. Belə bir vəziyyətdə Azərbaycanın Rusiyaya doğru meyllənməsi çox təəssüf doğurur”.
Emil