İlham Əsgərlinin güdazına gedən yük maşınının sürücüsünə verilmiş ən ağır cəza isə qüvvədə saxlanıldı
Qəzada oğlunu itirən «Mc Donald’s» prezidenti qərardan narazı qalıb və Ali Məhkəməyə şikayət edəcək
Afət Qazıyeva: «Bu qərar hər kəsin qanun qarşısında bərabərliyi prinsipinin pozulmasıdır»
Səbail Rayon Icra Hakimiyyətinin başçısı Asif Əsgərovun 17 yaşlı oğlu Ilham Əsgərlinin cəzası yüngülləşdirilib. Bu barədə mətbuatda yayılan məlumatdan belə məlum olur ki, Bakı Apelyasiya Məhkəməsində iyunun 29-da hakim Vaqif Mursaqulovun sədrliyilə çıxarılan qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Daha doğrusu, hökmə yalnız Ilham Əsgərliyə aid hissədə dəyişiklik edilib – onun cəzası 5 il 6 aydan 3 ilə endirilib. Onunla yanaşı mühakimə olunan Əhliman Süleymanova verilmiş 6 il həbs cəzası isə dəyişdirilmədən qüvvəsində saxlanılıb.
Xatırladaq ki, Ilham Əsgərli “Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirli bilinir. Sözügedən yol-nəqliyyat hadisəsi ötən il sentyabrın 27-də baş verib. Ilham Əsgərlinin idarə etdiyi “Mercedes S500" markalı avtomobil Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi ”Howo" markalı yük maşını ilə toqquşub. Həmin vaxt Ilham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində Ilham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib.
Birinci instansiya məhkəməsində hökm çıxarılana qədər həm Ilham Əsgərli, həm də Əhliman Süleymanovun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsində onlardan birinin 5 il 6 ay, digərinin isə 6 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıldığından hər ikisi elə məhkəmə zalında həbs olundu.
Qeyd edək ki, yük maşınının sürücüsü Əhliman Süleymanov məhkəmədə ifadəsində Ilham Əsgərlinin sağdan manevr etməsi nəticəsində qəza baş verdiyini bildirmişdi: “Həmin gün şirkətə məxsus üç yük maşını bir-birinin ardınca hərəkət edirdi. Mənim arxamca Nurlanın, onun arxasınca isə Ayazın sürdüyü maşın gəlirdi. Mənim qarşımda da bir ”ZIL" gedirdi. Mən yolun sağı ilə 50-60 km. sürətlə gedirdim. Qarşımdakı “ZIL”i keçmək üçün işıqları yandırıb, sola çıxırdım. Bu vaxt arxadan çox sürətlə gələn “Mercedes”in “marqat” eləyib, yol istədiyini gördüm. O qədər sürətlə gəlirdi ki, fikirləşdim ötməni çatdırmaram, ona görə yenidən “povarotnik”i sağa yandırıb ki, sağ tərəfə keçirdim ki, ona yol verim. Həmin vaxt bu da gəlib çatıb sağımdan keçmək istəyəndə mənim maşınımın arxa sağ təkərinə çırpıldı".
Elə Ilham Əsgərli özü də ibtidai istintaq zamanı ifadəsində sağdan manevr etdiyini bildirib. Amma məhkəmədə başqa cür danışıb. Deyib ki, qarşıda yolun kənarındakı dəmirlərin kustar üsulla kəsilməsilə sağa açılan bir torpaq yol var. “Howo” da yolun solu ilə hərəkət etdiyi halda, qarşıdan sağdakı o yola dönmək istədiyinə görə bu qəza baş verib.
Əhliman Süleymanov isə bu barədə deyilənlərlə razılaşmayıb və qarşıdan heç yerə dönmək niyyətində olmadığını bildirib.
Ekspertizanın rəyində qəzanın səbəbi kimi, həm Ilham Əsgərlinin saatda 180-200 km. sürətlə hərəkət etməsi, həm də Əhliman Süleymanovun düzgün manevr etməməsi göstərilib.
Onu da qeyd edək ki, Əhliman Süleymanovun ittiham olunduğu CM-nin 263.2-ci maddəsində 2 ildən 6 ilədək həbs cəzası nəzərdə tutulub. Yəni, Əhliman Süleymanovun ilk dəfə məhkumluğu, himayəsində 1 və 3 yaşlı iki övladının, onlardan birinin xəstə olması, hadisədən sonra yaralılara yardım etməsi və s. nəzərə alınmadan, ona ən ağır cəza verildi.
Ilham Əsgərli isə avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə görə ona verilən maddə fərqli idi. Həmin maddədə 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulur və Ilham Əsgərliyə 5 il 6 ay həbs cəzası verilmişdi.
Mətbuatda yayılan məlumatda o da qeyd olunur ki, Ilham Əsgərlinin cəza müddəti azaldılmaqla yanaşı, həm də cəza növü dəyişdirilib. Yəni o, 3 illik cəzanı həbsxanada yox, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Azərbaycan qanunvericiliyinə görə, ehtiyatsızlıqdan törədilən cinayətlər üzrə cəza 5 ilə qədər olanda həbs yerlərində yox, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.
Iş üzrə zərərçəkmiş Maqsud Mirzəyevin nümayəndəsi, vəkil Afət Qazıyeva “Azadlıq”a açıqlamasında Bakı Apelyasiya Məhkəməsində hökmün Ilham Əsgərliyə aid hissədə dəyişdirildiyini təsdiqləyib. Lakin cəza növünün dəyişməsinə gəlincə, vəkil bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarında heç nə göstərilməyib.
Afət Qazıyeva onu da qeyd edib ki, apelyasiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edirlər, kassasiya şikayətilə Ali Məhkəməyə müraciət edəcəklər: “Bu qərarı qanunsuz, ədalətsiz və əsassız hesab edirik. Bu qərar hər kəsin qanun qarşısında bərabərliyi prinsipinin pozulmasıdır. Necə olur, maddəsində 5 ildən 8 ilə qədər həbs cəzası nəzərdə tutulan birinə 3 il cəza təyin edilir, amma maddəsində 2 ildən 6 ilə qədər cəza nəzərdə tutulmuş digərinin cəzası elə 6 il saxlanılır? Ilham Əsgərlinin cəzasının azaldılması gələcəkdə saxlanma rejiminin dəyişdirilməsinə hazırlıq məqsədi daşıyır. Yəni, həbsi məntəqə tipli ilə əvəz etmək planlaşdırılır”.