Səfir Paskal Mönye: “Diqqəti özünə cəlb edən gərək mükəmməl olsun”
“Azərbaycan imicini yaxşılaşdırmaq, dünyada cazibədarlığını artırmaq üçün bir sıra irimiqyaslı tədbirlər keçirir. Amma diqqəti özünə cəlb edən gərək mükəmməl olsun”.
Bu sözləri Fransanın ölkəmizdəki səfiri Paskal Mönye mayın 27-də bir qrup jurnalistlə keçirdiyi görüşdə rəsmi Parisin Azərbaycanda siyasi məhbuslar probleminə münasibətinə dair sualı cavablandırarkən deyib.
Səfir bildirib ki, Fransa rəsmiləri azərbaycanlı həmkarları ilə hər rəsmi təmasda siyasi məhbuslar mövzusunu müzakirə edir.
"Məlum həbslərdən sonra həm Leyla Yunus və Xədicə İsmayıl (sualı verən Meydan TV-nin əməkdaşı onların adını məxsusi çəkmişdi – red), həm də digərləri barəsində müzakirələr hər siyasi kontakt zamanı gündəmə gəlib. Bunu açıq mətbuata yox, Azərbaycan hökuməti ilə birbaşa danışmışıq. Çünki bunun daha effektiv ola biləcəyini hesab etmişik".
Paskal Mönye Azərbaycan hökumətinin onların “dostcasına dediklərini” nəzərə alacağına inamını da ifadə edib: “Düşünürəm ki, Azərbaycan hökuməti bizim dostcasına dediklərimizi də, digər təşkilatların aqressiv şəkildə olan qeydlərini də eşidir. Bu gün də prezident Əliyev diplomatik korpus qarşısında bildirdi ki, Azərbaycanın demokratiya sahəsində öhdəlikləri vardır və bunlar yerinə yetiriləcək".