2012-ci ildə Londonda qəfildən ölən rus əsilli milyonçu Aleksandr Perepiliçnının mədəsində ekzotik Asiya zəhəri aşkar olunandan sonra ondan keçmiş "KQB" üsulu ilə intiqam alınması barədə iddialar artdı.
AzadlıqRadiosu bu illər ərzində Kremlə qarşı “rəqiblərini zəhərləmə yolu ilə aradan qaldırır” itihamlarını bir araya yığıb.
Helsemium – “Ürəkdağlayan ot”
Bir çox zəhərin mənbəyi olan helsemium – “Ürəkdağlayan ot" nadir bitkidir və yalnız Asiyada bitir. Zəhər kimi yeməyə qarışdırılır.
Aleksandr Perepiliçnıy
Rusiya oliqarxı və Kremlin sərt tənqidçisi olan Aleksandr Perepiliçnıy 2009-cu ildə Britaniyaya sığındı və rusların qeyri-leqal pullarını araşdıran İsveç jurnalistinə kömək etməyə başladı.
O, rəsmi Moskvanı korrupsiyada suçlayır və buna sübutlar gətirirdi. Bundan başqa 2009-cu ildə Moskva həbsxanasında ölən Sergei Magnitsky-nin işi ilə bağlı Rusiya rəsmilərinə qarşı ittihamlar səsləndirirdi.
44 yaşlı oliqarx ölümündən əvvəl dostlarına demişdi ki, hədələnir.
Baxmayaraq ki, Aleksandr Perepiliçnıy Magnitski işi ilə bağlı ölən dördüncü adam idi, Surrey polisi onun ölümündə kimsəni şübhəli şəxs saymadı. Ancaq mayın 18-də Britaniya hakimiyyəti yeni ekspertizanın nəticəsindən sonra onun ölümü ilə bağlı cinayət işini təzələdi. Aleksandr Perepiliçnının helsemium-la zəhərləndiyi bildirildi.
Polonium-210
Polonium radioaktiv elementdir. Onun yüksək dozası öldürücü təsirə malikdir.
Aleksandr Litvinenko keçmiş Rusiya kəşfiyyatçısıdır və 2000-ci ildə Britaniyada siyasi sığınacaq alıb. 2006-cı ildə Londonda barda zəhərlənib və onda polonium-210 maddəsi aşkar edilib. Britaniya radiasiya ekspertləri deyirlər ki, Litvinenko bəlkə də ilk adamdır ki, bu maddə ilə öldürülüb.
Ölümündən əvvəl Litvinenko yazdığı məktubda ölümündə Putini gunahkar bilmişdi.
Keçmiş kəşfiyyatçının rəsmi Moskvaya qarşı ittihamları çox idi, o, həm də Putini jurnalist Anna Politkovskayanın qətlini sifariş verməkdə ittiham edirdi.
Tallium
Tallium kimyəvi elementdir. Onun duzu güclü zəhərdir, siçanları və həşəratları qırmaq üçün istifadə edilir. Bununla zəhərlənmə nəticəsində adam saçını itirir. Ondan ölüm silahı kimi istifdə edirlər.
Nikolaн Xoxlov sovet "KQB"sinin cəsusu olub. 1953-cü ildə ABŞ-a qaçıb və KQB əməliyyatları barədə məlumatları açıqlayıb. 1957-ci ildə Almaniyada tallium zəhərlənməsindən müalicə alıb.
Hərçənd Xoxlovun poloniumla zəhərləndiyini iddia edən keçmiş "KQB" rəsmiləri də var.
Rusiyalı araşdırmaçı jurnalist və hüquqşünas Yuri Şekoçixin ölkəsində korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparıb.
Şekoçixin 2003-cü ilin iyulunda ölüb. Ölümündən bir neçə gün qabaq o, ABŞ-da Federal Təhlükəsizlik Bürosunun əməkdaşları ilə görüşməyə hazırlaşırmış. Amma qəfildən xəstələnib və onda allergiya simptomları müşahidə edilib.
Rusiya rəsmiləri onun allergiyadan öldüyünü deyirlər, amma onun tibbi müayinəsi və meyitin ekspertizası nəzarət altında aparıldığından ölümün dəqiq səbəbləri bəlli deyil.
Hərçənd bəzi tədqiqatçılar deyirlər ki, Şekoçixinin xəstəliyinin simptomları Nikolay Xoxlov və Aleksandr Litvinenkonunki ilə oxşar olub.
Tetrachlorodibenzodioxin (TCDD) — "Dioksin"
Dioksin otaq temperaturunda rəngsiz, iysiz bərk maddədir. Ondan ABŞ hərbçiləri Vyetnam müharibəsində istifadə edib.
Xərçəng Tədqiqatları üzrə Beynəlxalq Agentliyi bu maddəni insan üçün təhlükəli sayıb.
Ukrayna siyasətçisi, keçmiş prezident Viktor Yuşenko 2004-cü ildə prezident seçkisi ərəfəsində dioxsinlə zəhərlənib.Onun siyasi rəqibi Rusiyanın dəstəklədiyi Viktor Yanukoviç idi.
Yuşünkonun həyatı xilas edilsə də, zəhər onun üzündə iz saldı.
O, zəhərlənməsini “şəxsi münasibət” saymamış, bunda Rusiyanı ittiham etmişdi.
Zarin
Zarin rəngsiz, iysiz mayedir, sinirə təsir edir. Əzələləri iflic edir, boğulma yaradır. O, qaza çevriliə bilir və dəriyə nüfuz edir. BMT zarini kimyəvi silah kimi qiymətləndirir və Kimyəvi Silahlar Konvensiyası altında ondan istifadə qadağandır..
Rusiyanın Federal Təhlükəsizlik Xidməti bəyan edib ki, Səudiyyə Ərəbistanında doğulan və 1990-2000-ci illərdə Çeçenistanda rus hərbçilərinə qarşı döyüşən Ibn al-Xattab 2002-ci ildə əməliyyat zamanı öldürülüb.
Xattabın yaxınları və başqa çeçen mənbələrisə deyirlər ki, o, əlinə bir məktub alandan sonra zarin və ya ona oxşar hansısa maddə ilə zəhərləndi.
Rusiya mətbuatı yazıb ki, məktubu Xattaba Federal Təhlükəsizlik Xidmətinin satın aldığı dağıstanlı agent göndəribmiş.
Risin maddəsi
Soyuq Müharibə zamanı SSRİ-nin bu maddədən azı üç dəfə istifadə etdiyi ilə bağlı ittihamlar var.
Risin təbii yolla əldə edilir. Onu yeməklə qəbul etməkdən zəhərlənmə halları nadirdir. Çünki bədən bu toksini rədd edə bilir. Risin bədənə iynə ilə yeridiləndə, tozu ilə nəfəs alınanda və ya hansısa formada qana yeridiləndə çox təhlükəli olur.
Çox biabırçı hadisə 1978-ci ildə Londonda bolqarıstanlı dissident Georgi Markovun “çətir ölümü” kimi tanınan qətlidir.
BBC və AzadlıqRadiosunda çalışan Markov zəhərlənəndən dörd gün sonra vəfat edib. Məhlul onun ayağına iynə ilə yeridilibmiş.
Britaniya təhqiqatçıları şübhələnirlər ki, Markov avtobus dayanacağında gözləyəndə ucu zəhərli çətiri onun ayağına sancıblar.
1981-ci ilin avqustunda ikiqat agent Boris Korczak Virciniyada bazarlıq edərkən məhlulu onun gün eynəyinə töküblər. O, sağ qalıb və hücumda "KQB"ni günahlandırıb.
Qeyri-müəyyən zəhərlər
Soyuq Müharibə zamanı 1979-cu ildə Əfqanıstanda bir neçə ay prezidentlik edən Hafizullah Amini də zəhərləməyə çalışıblar. SSRİ onu ABŞ-ın agenti hesab edirdi.
Onu 1979-cu ildə dekabrın 13-də zəhərləməyə çalışıblar, ancaq Amin zəhərlənmə ehtimalını hər zaman gözlədiyi üçün yemək və içməyini öncə yaxın qohumuna dadızdırırdı. Həmin vaxt qohumu zəhərlənir və müalicə üçün Moskvaya göndərilir.
İki həftə sonra Amini Kabulda Tacbəy sarayına hücum edən sovet əsgərləri öldürürlər. SSRİ bundan sonra Babrak Kamalı Əfqanıstan prezidenti vəzifəsinə gətirir.
Rusiyalı araşdırmaçı jurnalist, hüquq müdafiəçisi və Kremlin sərt tənqidçisi Anna Politkovskaya 2004-cü ildə Moskvadan uçarkən çay içib və az sonra ağır xəstələnib.
Politkovskaya güman edirdi ki, onu təhlükəsizlik qüvvələri zəhərləyib. Media yazırdı ki, jurnalistə verilən naməlum zəhər keçmiş sovet zəhər fabrikində hazırlanıb.
Politkovskaya sağ qalsa da, iki il sonra evinin qarşısında öldürülmüşdü.