Milli Şura AXCP fəalı Fuad Əhmədlinin həbsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
AXCP Gənclər Komitəsinin üzvü, gənc fəal Fuad Əhmədli aprelin 28-də həbs edilib. Onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) həbs edib və o, hazırda həmin idarədə saxlanılır.
Lakin idarənin əməkdaşları Fuad Əhmədlini heç bir hüquqi prosedur gözlənilmədən saxlayıblar. Yəni həbs faktiki adam oğurluğu şəklində həyata keçirilib. Atasının verdiyi məlumata görə, Fuad Əhmədli işdən qayıdarkən BMCMİ əməkdaşları onu avtomobillə izləyib və yaşadığı evin qarşısında tutaraq zorla özləri ilə aparıblar.
Fuad Əhmədlinin saxlanması barədə ailə üzvlərinə və yaxınlarına heç bir məlumat verilməyib. Ailə üzvləri onu BMCMİ əməkdaşlarının saxladığını dolayı yollarla öyrənə biliblər. Daha sonra atasına idarədə qeyri-rəsmi şəkildə bildiriblər ki, Fuad 25 sutka inzibati həbs cəzası alıb və orada saxlanılır. Bununla belə, ortaya nə Fuadın həbsinə dair məhkəmə qərarı, nə də onun BMCMİ-də saxlandığını göstərən hər hansı sübut qoyulub. Üstəlik, Fuad Əhmədlinin nə ailə üzvləri, nə də vəkili ilə görüşünə imkan verilir.
Fuad Əhmədli yenicə cərrahiyə əməliyyatından çıxıb və hansı şəraitdə saxlandığının bəlli olmaması, ailə üzvləri və vəkilindən gizlədilməsi onun səhhəti ilə bağlı əlavə narahatlıq yaradır. Milli Şura Fuad Əhmədlinin saxlanılarkən və ya BMCMİ-də zorakılığa məruz qala, buna görə də vəkili və ailə üzvlərindən gizlədilə biləcəyindən narahatdır və hakimiyyət orqanlarını xəbərdar edir ki, Fuad Əhmədlinin həyatı üçün məsuliyyət daşıyırlar.
Milli Şura bəyan edir ki, bu fakt ölkədə hüquqi nihilzmin hökm sürdüyünü, qanunların ayaq altına atıldığını təsdiqləyən növbəti nümunədir. Azərbaycan hakimiyyəti ölkədə inzibati strukturlar üçün xüsusən də siyasi müxalifətə qarşı əməllərə görə cəzasızlıq mühiti yaradıb və hüquq-mühafizə orqanları çəkinmədən bu imkandan sui-istifadə edirlər.
BMCMİ əvvəllər də siyasi fəallara qarşı cəza aparatı kimi məşhur olub və buna görə onun hətta bağlanması da beynəlxalq səviyyədə gündəmə gətirilib. Sonradan bu idarə bu imici üstündən müəyyən qədər ata bilmişdi. İndi təəssüf ki, BMCMİ yenidən əvvəlki obrazında təzahür edir.
Milli Şura Fuad Əhmədlinin qanunsuz həbsinə kəskin etiraz edir və onun azadlığa buraxılmasını tələb edir. Əgər onun saxlanması və ya iddia edildiyi kimi, həqiqətən də inzibati cəza alması üçün hansısa hüquqi əsaslar olubsa, bu, cəmiyyətə açıqlanmalıdır. Milli Şura tələb edir ki, Fuad Əhmədliyə vəkili və ailə üzvləri ilə görüş üçün təcili şərait yaradılsın, onun vəziyyəti, saxlanma şəraiti və səbəbləri barədə obyektiv məlumat verilsin.