«Ittiham olunduğum maddə ilə heç zaman əlaqəm olmayıb»
“Amnesty International” Beynəlxalq Hüquq Müdafiə təşkilatının “vicdan məhbusu” elan etdiyi Rəşad Ramazanov bugünlərdə həbsxanadan redaksiyamıza məktub göndərib. 2 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan məhbus qəzetimiz vasitəsilə Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevə müraciət ünvanlayıb. Müraciəti qısa ixtisarla təqdim edirik:
“Sizə məlum edirəm ki, 09.05.2013-cü il tarixdə Azərbaycanın ən perspektivli gənc alim və filosoflarından birini böyük böhtanla həbs elədilər. Ittiham olunduğum 234.4.3 maddə ilə mənim heç zaman zərrə qədər də olsa əlaqəm olmayıb və ola da bilməz. Gün kimi aydındır ki, siyası və dini baxışlarıma görə belə bir hadisə, daha doğrusu zülmlə qarşı-qırşıya gəlmişəm. Məni saxlayanda Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Idarəsinin rəisi bildirdi ki, guya mən prezidenti və məmurları sosial şəbəkələrdə təhqir etmişəm, buna görə də məni uzunmüddətli həbsə göndərəcəklər.
Mən ziyalı ailəsində doğulub boya-başa çatmışam, yüksək səviyyədə təhsil almışam. Bir neçə xarici universitetin fəxri professoru, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıyam. 12 kitab, onlarla məqalənin müəllifiyəm. Kitablarımdan biri Prezidentin şəxsi kitabxanasınin qızıl fondunda saxlanılır. Mənim kimisə, xüsusən də prezidenti əxlaqsızcasına təhqir etməyim mümkünsüzdür. Narkotik ittihamı ilə həbsim nəinki mənim və ailəmin, eləcə də AMEA-nı, böyük bir elmi mühiti təhqir etməkdir. Əgər doğrudan da kimisə təhqir etmişdimsə, məni elə həmin maddə ilə də ittiham edəydilər. Bu isə mümkünsüzdür.
Ailəliyəm, iki azyaşlı övladım var. Həbsimdən sonra həm özüm, həm də ailəm böyük mənəvi və fiziki sarsıntılar aldı. Atam BMCMI-nin basqılarına tab gətirməyərək infarkt keçirərək dünyasını dəyişdi. Anam da ağır xəstədir, vəziyyəti həddindən artıq pisdir. Qorxuram onu da görmədən itirəm. Qızım Zəhra mənə görə psixoloji travma alıb. Hazırda stres vəziyyətindədir, heç kimlə danışmır, özünə qapanıb.
Cinayətkarlarla bir mühitdə olmaq, etmədiyim bir işə görə belə bir mühitə düşmək mənə çox ağırdır. Elmi fəaliyətimdən kənar qalmağım mənim üçün daha əzabvericidir. Mənim burda olmağım heç kimə, xüsusən də nə sizə, nə də dövlətə xeyir gətirmir. Amma azad olaramsa, həm ailəmə, həm cəmiyyətə, həm də dövlətimə fayda verə bilərəm.
Böyük və uca olan rəbbimiz Allahın izni ilə, Siz öz konstitusion hüququnuzdan istifadə edib mənim azadlığa qovuşmağıma səbəb və vəsilə olsanız, inanın ki, hər şey də olmasa çox şey yaxşı olacaq.
Rəşad Həqiqət (Rəşad Ramazanov)".