elnurastanbeyli@gmail.com
“Uyma dünyaya, ey dili-qafil,
Nə olur bu əcuzədən hasil!
Pəh-pəh! Nə gözəl sözdür və nə ali fikirdir ki, Iranın hakimləri və bəzi üləma və ruhaniləri camaata oxuyub haqqın əl və ayağını yerdən-göydən üzürlər". Böyük Üzeyir bəy bu sətirləri hardasa 100 il öncə “Uyma dünyaya” adlı felyetonunda yazırdı.
Əslində isə oxşar “ali fikir” yalnız Iran coğrafiyası ilə məhdudlaşmır, digər türk-müsəlman coğrafiyalarında, deməli, həm də Azərbaycanda dinin və klassik ədəbiyyatın təsiri altında yüz illər boyunca belə bir düşüncə formalaşıb ki, dünya puç və fanidir, beşgünlükdür, ona görə də başını aşağı salıb bir parça çörək qazanmaqla kifayətlənmək lazımdır, nəinki ömrü mənasız işlərlə yelə vermək.
Bu “mənasız işlər”in siyahısı isə xeyli genişdir: hökumətlə hökumətlik etməmək, hansısa bəşəri idealların arxasınca getməmək, ictimailəşməmək, siyasiləşməmək, sosiallaşmamaq. Düşünməmək, fikirləşməmək (“yüz fikir bir borcu ödəmir”, “fikir adamı sökür”), vətəndaş məsuliyyətini hiss etməmək (“el üçün ağlayan göz kor olar”). Nə qədər əzablı, məşəqqətli həyat yaşasan da, taleyinlə barışmaq, bunu alın yazısı, qəzavü-qədər sayıb aqibətinlə razılaşmaq. Guya əsl səadət o biri dünyadadır, bu dünyadakı əzabların, məhrumiyyətlərin mükafatı orada mütləq və artıqlaması ilə veriləcək.
Üzeyir bəy də həmin felyetonunda elə bunu anlatmağa çalışır və çox dəqiqliklə belə davam edirdi: “Bu hakimlərin və bəzi üləma və ruhanilərin nəzərində hürriyyət istəmək, millət məclisi açdırmaq, kasıb-kusubun qeydinə qalmaq, xalqı maarifləndirmək – hamısı dünyaya uyub qafil olmaqdır.
Amma rüşvət almaq, xalqı aldatmaq, camaatın başını qırxıb, cibini soymaq adəti bir işdir ki, yatıb-durmaq, yeyib-içməklə onların arasında heç bir təfavüt yoxdur. Odur ki:
Uyma dünyaya, ey dili-qafil!
Yəni ay camaat, hürriyyət-filan istəməyin, qoyun hakimlər-filanlar sizi həmişəki kimi soysunlar!"
Bəli, müsəlman-türk Şərqindəki toplumların faciəvi taleyinin, əsrlərdən bəridir zülm altında inləməsinin, çağdaş, mədəni, modern dünyanın bir parçasına çevrilə bilməməsinin kökündə həm də məhz bu zərərli, zəhərli, mentallaşmış düşüncə tərzi dayanır. Bu zərərli, zəhərli, mentallaşmış düşüncə tərzi insanlarda təşəbbüskarlıq vərdişlərinin yaranmasına mane olur, onu tənbəlləşdirir, onun əl-qolunu bağlayır, onu dünyanın inkişaf meyllərindən uzaqlaşdırır, onu dünyanın gedişatından qoparır, onu təslimçi ovqata kökləyir.
Bu çürük, mentallaşmış, metallaşmış, motallaşmış təfəkkür(süzlük!) camaatın xalqa çevrilməsini əngəlləyir, onu üzüyola, başıaşağı edir, döyənə əlsiz, söyənə dilsiz edir. Onu üzləşdiyi yalan və talanı heç bir müqavimətsiz, heç bir dirənişsiz qəbul və həzm etmək, istənilən haqsızlığı, ədalətsizliyi qeyd-şərtsiz sinəyə çəkmək məcburiyyətində qoyur.
Nəticədə meydana amansız tiraniyalar, ədalətsiz rejimlər, talançı sistemlər çıxır. Onlar üçün istənilən qədər hakimiyyətdə qalmaq, taxt-tac sahibi olmaq həddən artıq asan və rahatdır – axı onsuz da kütlə düşünür ki, beşgünlük dünyadır, ona uyub hürriyyət arxasınca düşməkdən, ləyaqətli həyat mücadiləsi verməkdən, beləcə, boynunu cəllad baltasının altına verməkdənsə, çalışıb gora salamat baş aparmaq lazımdır.
Başda azərbaycanlılar olmaqla, türk-müsəlman şərqlisi bu streotiplərdən xilas olmadığı müddətcə onun firavan, azad, zülmdən, zillətdən uzaq bir həyata qovuşması xam-xəyaldır. Dünyaya uymadan, özünü onun bir parçası hiss etmədən, onu irəli aparan, onu gəlişdirən, onu tərəqqiyə yönəldən idealların, dəyərlərin arxasınca düşmədən başda Azərbaycan olmaqla, heç bir türk-müsəlman ölkəsinin çapaladığı bataqlıqdan, büründüyü qaranlıqdan xilas olmaq lüksü yoxdur. Yoxdur!