Hakimiyyətin yarıtmaz siyasəti ölkəni bütün sahələrdə geriyə atıb
Azərbaycan 2014-cü ildə adambaşına düşən aylıq xalis gəlirləri ən yüksək səviyyədə olan ölkələrin reytinq siyahısında 104-cü yerdə qərarlaşıb. “Report” xəbər verir ki, bu barədə statistik informasiyalar toplayan “Nation Master” nəşri məlumat verib.
Toplanan məlumatlara görə, azərbaycanlılar vergiləri çıxmaq şərti ilə ayda orta hesabla 524 dollar qazanırlar.
2014-cü ildə aylıq xalis gəlirləri ən yüksək səviyyədə olan ölkə Isveçrə sayılıb. Bu ölkənin sakinləri ayda 6,3 min dollar vəsait əldə edirlər. Onların ardınca Lüksemburq sakinləri (4,4 min dollar) qərarlaşıb.
Kuba xalis qazanclara görə antirekord vurub. Kubalıların vergilər çıxıldıqdan sonra aylıq gəlirləri 25 dollar təşkil edir.
MDB ölkələri arasında göstəricilər belədir: Rusiya – 86-cı yer (686 dollar), Qazaxıstan – 94-cü yer (614), Belarus – 109-cu yer (502), Özbəkistan – 130-cu yer (360), Ukrayna – 132-ci yer (358) və Qırğızıstan – 136-cı yer (350).
Bununla yanaşı xəbər verilir ki, məlumatlar “Numbeo.com”un vətəndaşlar arasında apardığı sorğunun köməkliyi ilə əldə olunub. Təkcə 85 dövlət üçün statistika 100-dən artıq respondentin cavabları əsasında tərtib olunub.
Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycanla bağlı 524 rəqəmi də mübahisəlidir. Azərbaycanda böyük əksəriyyətin hansı miqdarda maaş alması məlumdur. Digər tərəfdən, adambaşına düşən xalis gəlirin 524 dollar təşkil etdiyi ölkədə, 2.2 milyon insanın kredit borcu ola bilməz və problemli kreditlərin miqdarı milyardlarla ölçülməz.
Onu da qeyd etmək lazımdır ki, Ukraynada 358 dollar qazanan vətəndaş, Azərbaycanda 524 dollar qazanan vətəndaşdan imkanlıdır. Çünki, Ukraynada qiymətlər ucuzdur və pulun dəyəri var. Bir ukraynalı 358 dollarla aylıq zəruri ehtiyaclarını ödəyir və əlavə büdcə də formalaşdırır.
Amma məsələnin daha önəmli tərəfi budur ki, YAP hakimiyyətinin “analoqsuz” adlandırdığı ölkə 104-cü yerdədir və bəzi MDB ölkələrindən də geri qalır. Əgər 524 dollar analoqsuzluğun göstəricisidirsə, o zaman Lüksemburqdan tutmuş, Qazaxıstana qədər bütün xalqlar hakimiyyətə ibadət etməlidir. Göründüyü kimi, Azərbaycan hakimiyyəti “analoqsuzluq yarışına” Ermənistan, Haiti, Somali, Keniya, Efiopiya kimi ölkələrlə çıxır. Bu qədər yeraltı və yerüstü sərvəti olan, təkcə neft satışından son 10 ildə 110 milyard gəlir əldə edən, 180 milyardlıq investisiya yatırımı edilmiş Azərbaycan, 104-cü yerdə qərarlaşıb. Hansıki, əhalisinin sayı az, sərvəti çox olan bir ölkə üçün bu çox utandırıcı göstəricidir.
Ölkə başçısı “bəlkə bir az yavaşlayaq” deyəndə, yəqin ki, müəllimin 150 manat, həkimin 200 manat maaş almasını, təqaüdçünün 100 manatın girovuna çevrilməsini nəzərdə tuturmuş. Bəlkə də Afrikanın cəngəlliklərində yaşayan xalqlarla müqayisədə, bizim xalqımız həqiqətən də inkişafdan əziyyət çəkir.
Amma nəticə göz önündədir. Azərbaycan hakimiyyəti bütün sahələr üzrə ölkəni sonuncu sıralara gətirə bilib. Yalnız korrupsiyanın, siyasi məhbusların, hüquqsuzluğun, savadsızlığın səviyyəsinə görə ön sıralarda qərarlaşa bilmişik.
Bu ölkədə vətəndaşın xalis gəliri minimal ehtiyacları ödəmir. Amma bu ölkədə xalis gəliri 1500-2000 dollar olan məmurların 100 milyonlarla ölçülən varidatı var. Bəlkə də məmurlar arasında adambaşına düşən gəlirlərin statistikası açıqlansaydı, Azərbaycan birinci yeri tutardı.
Akif