Mərkəzi Bankın fevralın 21-də qəbul etdiyi sərt devalvasiya qərarından sonra manatın kursu ilə bağlı suallar səngimir. Bir sıra ekspertlər hesab edir ki, bir müddət sonra manat növbəti devalvasiyanı yarada bilər. Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu “Amerikanın Səsi”nə müsahibəsində manatın dəyər itirməsinin sadə insanların həyatına təsiri, manatın gələcəyi, etibarlılığı və ona təsir edən amillərdən danışıb.
Q.Ibadoğlu istənilən halda manatın ucuzlaşmasının davam edəcəyini proqnoz verib: “Manatın ucuzlaşması sadə insanların həyatına ikili təsir göstərdi. Elə insanlar var ki, onların dollarla depozitləri var idi və onlar bu prosesdən əmanətlərinə ən azı olan depozitlərin 30-35 faizi həcmində əlavə dəyər gətirdilər. Ikinci təsir isə mənfi təsirdi. Bu təsir sıravi Azərbaycan vətəndaşlarının çoxunun həyatında hiss olundu. Mənfi təsirin özünü də iki yerə bölə bilərik: birbaşa təsir və dolayı təsir. Birbaşa təsir ondan ibarətdir ki, banklarda manatla əmanət yerləşdirən vətəndaşlar manatın ucuzlaşmasından itirdilər. Çünki onların vəsaitləri bir gün içərisində 34 faiz dəyərsizləşdi. Amma elə vətəndaşlar da var ki, onların depozitləri yoxdur, qazanclarını gündəlik dolanışıqlarına sərf edirlər. Hökumət süni qiymət artımı ilə bunun qarşısını almağa nə qədər çalışsa da, buna nail ola bilmədi. Qiymət artımı baş verdi və bu da sıravi vətəndaşların ailə büdcəsinin xərclərini artırdı və bundan sonra onların qazanclarının böyük bir hissəsi əsasən ərzağa xərclənəcək”.
Qubad Ibadoğlu: «Neftin dünya bazar qiyməti indiki səviyyədə və ya ondan aşağı olarsa, manatın ikinci devalvasiyası mümkündür»
Manatın məzənnəsinin neftin dünya bazar qiymətindən asılı olduğunu deyən Q.Ibadoğlu vurğulayıb ki, neftin qiymətinin düşməsi manatın növbəti devalvasiyasını qaçılmaz edir: “Hər şey neftin dünya bazar qiymətindən, Azərbaycana daxil olan valyutanın səviyyəsindən asılıdır. 2010-cu illə müqayisədə Azərbaycanda neft hasilatı 20 faiz aşağı düşüb. Digər tərəfdən də qiymətlərin dünya bazarında ucuzlaşması son nəticədə Azərbaycanın valyuta gəlirlərinin kəskin şəkildə azalmasını şərtləndirib. Əgər neftin dünya bazar qiymətləri indiki səviyyədə və ya ondan aşağı olarsa, o halda manatın hətta ikinci devalvasiyası da mümkündür. Manatın gerçək dəyəri ilə dolların faktiki dəyəri arasında hələ böyük fərq var. Bunu yəqin ki Azərbaycan Mərkəzi Bankı müəyyən dövr üçün intervensiya etməklə saxlamalıdır. Ancaq ola bilər ki, bir müddətdən sonra yenə də belə bir devalvasiya ilə qarşılaşaq. Istənilən halda manatın ucuzlaşmasının davam edəcəyini proqnozlaşdırıram”.
Samir Əliyev: «Neftin qiyməti hazırkı kimi qalacağı təqdirdə manatı 10, 30-40 dollara qədər düşəcəyi halda isə 20 faiz ucuzlaşma gözləyir»
Iqtisadçı ekspert Samir Əliyev də bildirdi ki, manatın dəyəri neftin bazar qiymətindən asılıdır. Manatın dəyəri ilə bağlı əsasən 3 ssenari var. Neftin qiyməti 70 dollardan yuxarı qalxarsa, manatın məzənnəsi sabit qalacaq. Məzənnədə yalnız müəyyən bahalaşma müşahidə oluna bilər. Əgər neftin qiyməti dəyişməzsə, ilin sonuna qədər manatı yumşaq ucuzlaşma gözləyir. Yəni ikinci ssenaridə manat daha 10 faiz ucuzlaşa bilər. S.Əliyevin sözlərinə görə, əgər neftin qiyməti 30-40 dollara qədər düşərsə, o zaman manatın ikinci devalvasiyası qaçılmazdır: “Neftin qiyməti 30-40 dollara düşəcəyi təqdirdə manatın ucuzlaşması 20 faizə çata bilər. Hazırda neftin qiyməti oynayır. Yəməndəki proseslər də neftin qiymətinə təsir göstərib. Neft ölkələrinin bu konfliktə qoşulması bazara təsir göstərir. Bu proseslər qiymət artımını şərtləndirən amildir. Təsadüfi deyil ki, neft son günlər 59 dollara qədər bahalaşaıb. Halbuki keçən həftə neftin qiyməti 53-54 dollar arasında dəyişirdi. Geosiyasi proseslər neftin qiymətinə təsir edəcək. Amma bunun güclü təsir olmayacaq. Qiymət artımı olsa da, bu, qısamüddətli xarakter daşıyacaq”.
S.Əliyevin fikrincə, yaxın bir-iki ayda neftin kəskin ucuzlaşmasını da gözləmir. Ekspertə görə, neftin qiyməti 50-60 dollar arasında bir müddət oynayacaq. Bu isə o deməkdir ki, manatın kursunda yaxın bir-iki ayda ciddi sıçrayış müşahidə olunmayacaq. “Amma manatın yumşaq ucuzlaşması bundan sonra da davam edəcək. Son proqnoz bundan ibarətdir. Amma yenə də hər şey neftin son qiymətindən asılı olaraq dəyişə bilər”.
Bir sıra ekspertlərin bir neçə ay sonra 1 dolların 2 manata bərabər olacağı ilə proqnozlarına gəlincə, S.Əliyev bildirdi ki, bu ehtimal çox aşağıdır: “Bir dolların iki manata bərabər olması iki halda baş verə bilər. Bunun üçün ya neftin qiyməti kəskin aşağı düşməlidir, ya da ölkədə siyasi sabitlik pozulmalıdır. Neftin qiymətinin hətta 20 dollara qədər düşməsiylə bağlı proqnozlar var. Böyük ehtimalla bu baş verə bilər. Amma bu zaman bir dolların 1.5 manatdan çox bahalaşmasına imkan verilməyəcək. Ikinci səbəb isə siyasi gərginlikdir. Bəlkə həmin dövrdə Ukraynadakı proseslərə bənzər olaylar yaşansa, bu, manatın kursuna təsir göstərə bilər. Amma bu ehtimal aşağıdır. Ona görə ən azı bu il bir dolların iki manat olmasını gözləmirəm”.
Xəyal