Nemət Əliyev: «Baş verənlər hakimiyyət daxilində monolit birliyin olmadığını daha qabarıq şəkildə göstərir»
ABŞ-ın ölkəmizdəki keçmiş səfirinin “Azərbaycan hakimiyyəti monolit” deyil açıqlaması iqtidarın sərt reaksiyasına səbəb olmuşdu. Hakimiyyətdən gələn reaksiyalar Amerika ilə münasibətlərin kəskinləşməsinə və iki dövlət arasında ciddi problemlərin yaranmasına səbəb olmuşdu.
Manatın devalvasiyasından sonra baş verənlər də hakimiyyətin bir daha monolit olmadığını sübut etdi. Çünki iki dəfə dövlət başçısının və bir neçə dəfə nazirlərin xəbərdarlığına baxmayaraq bazarda qiymətləri tənzimləmək mümkün olmur. Bu bir daha iqtisadiyyatı nəzarətdə saxlayan inhisarçı qrupların hakimiyyətə tabe olmaq istəmədiyini göstərir. Oliqarxiya hazırda müqavimət göstərməklə yanaşı bazarda öz qaydalarını diqtə etməyə çalışır ki, ekspertlər də bunu çox təhlükəli tendensiya kimi dəyərləndirirlər.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, görünür, Morninqstar hakimiyyət daxilində birliyin olmadığına dair təkzibolunmaz faktlara sahib olduğundan belə bir açıqlama ilə çıxış edib. Cəmiyyətin də bu informasiyaya birmənalı yanaşdığını deyən N.Əliyev bildirdi ki, hakimiyyətin belə bir tendensiyanın olmadığını sübut etməyə çalışması bir nəticə vermədi: “Hakimiyyətin vahid bir komanda olduğu fikrini yaratmaqda məqsədlər var. Bu məqsədlər hakimiyyətin yaratdığı imkanlardan sui-istifadə etmək marağından irəli gəlir. Amma hakimiyyətin monolit olmadığı hazırkı dövrdə özünü daha qabarıq formada göstərir”.
Mərkəzi Bankın qərarından sonra qiymətlərin qaldırılmaması üçün heç bir iqtisadi əsasın olmadığını deyən N.Əliyev bildirdi ki, qiymətlərin artmaması sahibkarlara, hətta inhisarçıların yanında olan biznesmenlərə böyük zərbə olacaq: “Amma bu komandanın rəhbəri, dövlət başçısı qiymətlərin artırılmaması ilə bağlı xəbərdarlıq edirsə, komanda burada vahib mövqedən çıxış etməlidir. Digər tərəfdən, dövlət başçısı belə bir iradə ortaya qoyursa, deməli, həmin inhisarçıların imkanlarına bələddir. Onların hansı müddətə qədər davam edə biləcəyini bilir. Yəqin ki, bunları hesablayıb”.
N.Əliyevin sözlərinə görə, bu üzdən hazırda baş verənlər hakimiyyət daxilində monolit birliyin olmadığını daha qabarıq şəkildə göstərir. N.Əliyev hesab edir ki, bu baxımdan devalvasiya qərarı verilərkən gərək əhalinin sosial durumu düzgün dəyərləndiriləydi. Bu addımın qiymət artımına səbəb olacağı şübhə doğurmamalıydı. N.Əliyevin fikrincə, hazırda inhisarçıların qiymətlərlə bağlı göstərdiyi müqavimətin bir sıra təhlükəli cəhətləri də var: “Birincisi, bu tendensiya inhisarçılarla ali hakimiyyət arasında ziddiyyətləri kəskinləşdirəcək. Bu isə mərkəzdənqaçmanı sürətləndirəcək. Iqtisadi tərəfləri isə ondan ibarətdir ki, bu inhisarçılara bir qədər də basqı olsa, onlar ölkəyə idxalı dayandıra bilərlər. Çünki idxal ilə məşğul olanlar başlanğıc mərhələdə ticarət şəbəkələrində yerləşdirdikləri məhsulların qiymətlərini əvvəlki səviyyədə saxlayacaqlar. Amma daha sonra həmin malların yerini doldurmaq lazımdır. Ona görə təzyiqlər davam edəcəksə, inhisarçılar mağazalara mal verilməsini azaldacaq. Bu isə itkilərin azaldılmasına xidmət edəcək”.
N.Əliyev onu da bildirdi ki, inhisarçıların hazırkı durumda ali hakimiyyətə güzəşti yalnız o ola bilər ki, onlar əllərində olan malları əvvəlki qiymətə satacaqlar. Amma həmin mallar bitdikdən sonra onlar bahalaşmaya gedəcək.
Xəyal