Razi Nurullayev
Ermənistanda vəziyyət o qədər də stabil deyil. Bir tərəfdən rus əsgərinin bir erməni ailəsini öldürməsi və nəticədə ölkədə insanların etiraza qalxması, digər tərəfdən isə cəbhə bölgəsindən erməni əsgərlərinin meyidinin gəlməsi Sərkisyan üçün vəziyyəti çətinləşdirib.
Hazırda, Ermənistan cəmiyyətində baş verən olaylardan dolayı ciddi narazılıq var. Birinci narazılıq Ermənistanın Avrasiya İttifaqına qoşulması və Qərbdən imtina etməsi, digəri isə bunun fonunda siyasi və iqtisadi vəziyyətin kəskinləşməsidir. Sərkisyan Avrasiya İttifaqına qoşulmaq barədə addım atandan sonra qərbyönümlülərin müqaviməti ilə üz-üzə qalıb.
Belə bir vəziyyətdə, Sərkisyan insanların vətənpərvərlik və millətçilik hissləri üzərində oynamaq istəyir. Azərbaycan ordusu itki versə, bunu bir qəhrəmanlıq kimi öz adına yazacaq və ictimai rəyi xeyrinə işləməyə vadar edəcək. Amma, son günlər yazılanlar və deyilənlərdən çixış etsək, bunun əksi baş verib.
Ordumuz çox ehtiyatlı olmalıdır. Ermənstan tərəfi mütləq revanş götürmək istəyəcək.
Amma məsələnin başqa tərəfi də var. Azərbaycanda da oxşar hadisələr baş verir və Ermənistana məxsus helikopterin vurulmasını, Ermənistanın iqtisadi vəziyyətinin ağırlığını, Azərbaycan hakimiyyəti uğur kimi təqdim edir.
Amma baş verənlərin nə 20 faiz torpağın işğaldan azad edilməsinə, nə Ermənistanın geri addım atmasına, nə də ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşmasında rolu olmur.
Daha dəqiq ifadə etsək, Azərbaycan hakimiyyəti 20 ildən artıq müddəti fürsət kimi dəyərləndirə bilməyib. Ermənistan Qərblə hansı məsafədə dayanıbsa, Azərbaycan da eyni məsafədədir.
Hər iki ölkə, səbəbindən asılı olmayaraq Rusiya seçimi etməklə, gələcək perspektivləri “qayçı”layıb. Nəticədə isə hər iki ölkənin xarici siyasətində ciddi uğurlar olmayıb. Ermənistan status-kvonu saxlamağı və bununla bərabər, Azərbaycan torpaqlarını işğal altında tutmağı bacarmaq faktını uğur kimi qələmə verir.
Azərbaycan isə hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən artıq olmasını, Ermənistan vətəndaşlarının ölkəni tərk etməsini və iqtisadiyyatının zəif olmasını Azərbaycanın uğuru kimi qələmə verir. Fakt isə, torpaqlar hələ də işğal altındadır.
İstənilən halda həm Qarabağ münaqişəsinin ədalətli həlli, həm də dövlətin dünyadakı layiqli yerinin təminatı üçün, demokratikləşmək əsas şərtdir. Əgər Ermənistan manevr imkanı tapıb, Qərbə birinci “ərizə”versə, siyasi uduş əldə etmiş olacaq. Ona görə də Azərbaycan hakimiyyəti birmənalı şəkildə mövqe bildirməli və beynəlxalq öhdəliklərə əməl etməlidir.
Əks halda heç bir sahadə uğur əldə etmək, inkişafa nail olmaq mümkün olmayacaq. Onu da nəzərə almaq lazımdır ki, artıq enerji amili dünya üçün cazibədar deyil.
Əsgərlərimiz döyüş səngərində, hakimiyyət siyasət səngərində ayıq olmalıdır. Çox təəssüf ki, hakimiyyətin atdığı addımlar mərkəzdən qaçma effekti yaradır. Belə “qaçış” həm də cəbhə səngərində duranları təhlükə altında qoyur.