Ramis Yunus
Bu günlərdə mənim ən isti, ən xoş münasibətlərlə bağlı olduğum “Azadlıq” qəzetinin 25 yaşı tamam olur. Mən bu qəzetin ilk baş redaktoru, böyük mədəniyyət və yüksək mənəvi keyfiyyətlərin sahibi olan Nəcəf Nəcəfovu çox yaxından tanıyırdım və onunla sıx təmaslarım vardı.
“Azadlıq” qəzetinin bizim ölkəmizin müstəqilliyinin qazanılması tarixi ilə həmahəng olan şanlı bir keçmişi vardır. Sovet totalitarizminin dağıldığı o illərdə Azərbaycan vətəndaşlarının əksəriyyəti üçün “Azadlıq” bir udum təmiz hava qədər önəmli idi.
Azərbaycanın müstəqillik əldə etdiyi o zamanlardan çox illər keçib, amma təəssüf ki, Sovet cəhaləti yenidən bizim həyatımızın gerçəkliyinə çevrilib və bizim cəmiyyətimiz, 25 il əvvəl olduğu kimi, dövlətin başqa fikirliliklə mübarizəyə atılması ilə eyni sovet gerçəklərini yaşamağa məcbur edilməkdədir.
Azərbaycanın bu mürəkkəb gerçəkliklərinə baxmayaraq, “Azadlıq” qəzetinin ilkin missiyasını daşımaqda olduğunu, bizim avtoritarizmlə, despotizmlə mübarizəmizin önəmli ifadəsi kimi, ölkəmizin azadlıqsevər vətəndaşları üçün əvvəllər olduğu kimi bir ümid adası olaraq qaldığını məmnuniyyətlə qeyd edirəm. Minlərlə insan hər gün bu qəzeti həqiqətin carçısı kimi gözləməkdə davam edir.
“Azadlıq”ın ləyaqətli kollektivini bu yubiley münasibətilə təbrik edirəm və sizə çox mühüm bir arzumu çatdırıram. Sizə avtoritarizmə qarşı mübarizədə dirəniş gücü arzu edirəm. Bu, “Azadlığ”ı indiki Azərbaycanın başqa kütləvi informasiya vasitələrindən fərqləndirən böyük bir keyfiyyətdir.