Bir anlığa təsəvvür edək ki, bu ölkədə “Azadlıq” adlı qəzet çap olunmur və “azadliq.info” saytı yayımlanmır. Nəzəri cəhətdən bu mümkündür, son ayların repressiya praktikası belə bir situasiyanı nəinki istisna etmir, əksinə, bunun üçün hazırlıqlar getdiyi bəllidir. Maddi məhrumiyyətlərlə, mənəvi terrorla sındırıla bilməyən əqidə və məfkurə insanlarının məhkəmə və ştatlı üzəduranlarla şərlənməsi ənənəsinin artıq “dövlətçilik” atributuna çevrildiyi cəmiyyətdə yaşayırıq. Ancaq istənilən halda səhər yuxudan durub dərhal sevimli gənc dostumla- “Azadlıq”la buluşmayacağımı təsəvvürümə gətirmək belə mənim üçün çətindir. Həm də təkcə ona görə yox ki, “Azadlıq” bu “xəyanət zəmanəsi”ndə çox az-az təsadüf etdiyimiz gerçək dostdur- dar günün dostudur! Təkcə ona görə yox ki, bütün sivil dünyada ədalətin tək ünvanı olan məhkəmə gözəl məmləkətimizdə öz funksional təyinatını dəyişərək daha çox məzhəkəyə çevrildiyindən, içi mən qarışıq, saxta “ədalət mühakiməsi” şoularından əli üzülən insanlar, ümid yeri, ədalət ünvanı olaraq “Azadlıq” qəzetinə pənah aparırlar. Özü məhrumiyyətlər içində boğulan bu qəzet isə aylarla maaş üzünə həsrət qalan fədakar əməkdaşları ilə heç bir təmənna güdmədən haqqı tapdalanan, hüquqları pozulan hər kəsin yanında olmağı özünə məslək və vicdan borcu bilir. “Azadlıq” azad sözün alınmaz qalası, alternativ fikrin çox az sayda qalan son ünvanlarından olmaqla cəmiyyətin nəbzini tutan gerçək barometrdir. Bu qəzetin prinsipial mövqeyinə inam onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda ölkəmizlə bağlı ictimai fikri formalaşdırmaq və ona təsir etmək gücünə malik olan real mexanizmə çevirmişdir. Ölkədə baş verən proseslər barədə ən dolğun və obyektiv informasiyanı cəmiyyət və demokratik dünya artıq uzun müddətdir ki, bu qəzetdən alır. Bir sözlə, “Azadlıq” həyatımızın gerçək güzgüsünə çevrilməyi bacardığı, “günü parlaq, gündüzü ağ, gecəni tar, pisi pis, əyrini əyri, düzü həmvar” yazmaq cəsarətini özündə tapdığı üçün ona böyük ictimai etimad var.
Bu gün “Azadlıq”ın və azadlıqların məhvinə susayanlar ən azı iki səbəbdən bu qəzetin yaşamasında, özü də bir çox döşünə döyən media qurumlarından fərqli olaraq məhz şərəflə, ləyaqətlə yaşamasında maraqlı olmalıdırlar. Öncə ona görə ki, azad media cəmiyyətin ağ ciyəridir və cəmiyyət onunla nəfəs alır, problemlərini ictimailəşdirməklə qismən də olsa mənfi yüklü, dağıdıcı enerjidən xilas ola bilir. Vurğulamaq istədiyim ikinci məqam isə azad mətbuatın “güzgü”, diaqnostika funksiyası ilə bağlıdır. Məhz azad, vicdanlı, qərəzsiz mətbuat cəmiyyətin düçar olduğu ictimai-siyasi mərəzləri gün işığına çıxarmaqla cəmiyyətin xəstəliklərinin düzgün diaqnozunu qoymaqla onların müalicəsinə yol açır. Azad mətbuatın boğulması, məhv edilməsi nə etiraz enerjisinin itməsi, nə də xəstəliklərin öz-özünə aradan qalxmasına gətirib çıxara bilməz. Əksinə, bu halda proses daha da dərinləşəcək, daha iltihabi, dağıdıcı və idarəolunmaz xarakter almaqla bur gün mütləq ən ağır fəsadları ilə ortaya çıxacaqdır. Lakin, təəssüf ki, başı bir qayda olaraq, pul saymağa qarışanların, bu gerçəkləri düşünmək üçün nə istəyi, nə də intellektual imkanları yetərincə deyil.
Əziz dostumu 25 yaşı münasibəti ilə təbrik edirəm. Bu dostluğa sədaqəti özümə hər zaman mənəvi borc sayacağam. “Azadlıq” bunu haqq edib.
Hörmətlə, Gültəkin Hacıbəyli