Siyavuş Novruzovdan hakim partiyanın tarixi ilə bağlı maraqlı açıqlamalar
Yeni Azərbaycan Partisyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov təmsil etdiyi partiyanın tarixindən danışarkən maraqlı açıqlamalar verib. YAP-çı deputat “Yeni Azərbaycan” qəzetinə bildirib ki, indi bəzi adamlar özünü 91-lərin üzvü kimi təqdim etsə də, bu belə deyil.
Siyavuş Novruzovun sözlərinə görə, hətta həmin adamlardan eləsi var ki, vaxtilə adı “91-lər”in siyahısına salındığı üçün onları məhkəmə ilə də hədələyib. Lakin YAP-çı deputat konkret ad çəkməyib: “Indi bir neçə adam telekanallarda sinəsinə döyüb deyir ki, mən də ”91-lər”ə imza atan adamlardan biriyəm və sairə. Az qalır ki özünü Yeni Azərbaycan Partiyasının yaradıcısı kimi aparsın. Ancaq vaxtilə onların qapısını döyəndə, “91-lər”ə imza atmaqdan imtina etmişdi. Bu cür şəxslər kifayət qədərdir və məndə bunların hamısının siyahısı var. Bu adamların adları həm öz yaddaşımda, həm də partiyanın arxivində mövcuddur. O vaxt “91-lər”ə imza atılması ilə bağlı bir neçə qrup fəaliyyət göstərirdi. Onların hər biri parlamentin deputatlarından, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), universitetlərin işçilərindən, incəsənət xadimləri və digər sahələrin tanınmış nümayəndələrindən imzalar toplayırdı.
O zaman Pedaqoji Universitetdə “91-lər”ə imzaları Həsən Mirzəyev toplayırdı. O dövrdə Həsən Mirzəyev bizə dedi ki, filankəsin də adını siyahıya yazın. Biz də yazdıq. Səhəri günü onun adı qəzetdə çıxanda, bizi məhkəməyə verirdi ki, mən ona imza atmamışam, adımı ora salıblar və sairə. Lakin Heydər Əliyev hakimiyyətə gələn kimi, hamıdan birinci o adam gəlib qapını kəsdirdi ki, mən də “91-lər”dənəm, özü də ən fəalından. Halbuki, o adam vaxtı ilə bizi məhkəmə ilə hədələyirdi”.
Həmin şəxsin kim olduğunu öyrənmək üçün qocaman YAP-çı, hakim partiyanın qurucularından olan Maksim Musayevlə əlaqə saxladıq. Maksim Musayev onda bununla bağlı hər hansı məlumat olmadığını dedi: “Həsən Mirzəyevin YAP-ın yaranmasında böyük xidmətləri olub. Hətta elə xidmətləri olub ki, bu gün bu barədə danışılmır. Amma Siyavuş Novruzovun dedikləri barədə məndə məlumat yoxdur. Bir də o gündə bir söz danışır”.