PA rəhbəri QMI-ni sıradan bir QHT səviyyəsinə endirmək istəyir?
Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, DQIDK sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, Dövlət Komitəsi qarşıdan gələn Aşura mərasimləri ilə bağlı müəyyən tədbirlər hazırlayıb və artıq həmin tədbirlərin icrasına başlanılıb.
Dövlət müşaviri Kamal Abdullayev isə bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərdə qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti ilə maraqlanıb.
Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalıdır.
Maraqlıdır ki, tədbirdə Qafqaz Müsəlmanları Idarəsinin (QMI) təmsilçiləri gözə dəyməyib. “Azadlıq”a daxil olan məlumata görə, QMI-dən tədbirə dəvət edilən olmayıb. Bu da bir sıra mülazihəzələrə səbəb olub. Bəzi ehtimallara görə, bu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə QMI sədri Allahşükür Paşazadə arasındakı ziddiyyətlərin təzaühürüdür. Bir neçə gün əvvəl Ramiz Mehdiyev Prezident yanında Dövlət Idarəçilik Akademiyasının Elmi Şurasının iclasında çıxış edərkən QMI sədrinin də bostanına daş atmışdı. Bundan başqa “Azərbaycan” qəzetində Ramiz Mehdiyevin dəsti-xətti seçilən “Mentalitet manifesti” məqaləsində də Allahşükür Paşazadənin fəaliyyətinə eyhamlar var. “Akademik Ramiz Mehdiyev 7 il öncə din xadimlərinə ictimai nüfuzlarını yüksəltməyi, cəmiyyətdə özlərinə etimad yaratmalarını, dini etiqadı cahillikdən uzaq, tam kamil səviyyədə həyata keçirməyi tövsiyyə edir, onları kənar təsirlərdən qorumağa çağırırdı. Dini maariflənmə məsələsinin aktuallığını xüsusi qabardır, bu sahəyə diqqət ayırmağı vacib sayırdı. Amma çoxsaylı təəssüflərin biri də məhz hələ də həllini tapmayan bu məsələlərə düşür…”
Məqalədə Mübariz Qurbanlı və Kamal Abdullayevin fəaliyyəti müsbət xarakterizə olunub və onların təyinatı da dolayısı ilə Ramiz Mehdiyevin adına bağlanıb.
Görünür, Ilham Əliyevin Rusiya ilə münasibətləri qaydasına salmasından sonra mövqeləri güclənən Ramiz Mehdiyev dini sahəni də tam nəzarətə götürmək, QMI-ni sıradan bir QHT səviyyəsinə endirmək istəyir.