Həmkarımız Xalid Qarayev həbs olundu. Xalid “Azadlıq” qəzetinin yazarıdır, eyni zamanda indi xüsusi hədəfdə olan “Azərbaycan saatı” verilişinin əsas əməkdaşlarından biridir. Xalidi küçədə ünvansız söyüş söyməyə görə tutublar. Onu kifayət qədər yaxşı tanıyıram. Lənətə gələsiniz, bu adamı dindirməsən dinmir, söyüş söymək hara, o hara?! Əxlaqlı, təmkinli bir adamdır. Amma…
Amması da odur ki, bu adam olduqca zəhmətkeş və çalışqan bir adamdır. Yorulmadan çalışır, yazır, lentə alır, foto çəkir, müsahibələr götürür, verilişlər hazırlayır, bu da bizim şanlı hakimiyyət üçün söyüşdən betərdir. Onlar üçün bundan pis söyüş yoxdur. Bizim hakimiyyət üçün utancaq, həyalı bir adam həqiqəti yayırsa, ən ucadan söyənin biridir.
Xalidin əməkdaşı olduğu “Azərbaycan saatı” verilişi də bu səbəbdən hədəfə çevrilib. Verilişin aparıcısı olan Seymur Həzi həbsxanadadır. Digər aparıcı Natiq Ədilovun qardaşı Murad Ədilov da həbsə atıldı. Dalbadal oldu bunlar. Dünən də Xalid Qarayev 25 sutka həbs cəzası aldı. Bundan əvvəl o qədər adam tutublar ki, Xalidin hələ yaxşı qurtardığını deyənlər var. Bu veriliş ölkədə çox məşhurlaşıb, amma həftədə cəmi 2 saat yayımı olan bir veriliş hakimiyyəti dəli edir. Onu ən ağır söyüş kimi qəbul edirlər. 24 saat yayım edən bir neçə TV-yə mütləq nəzarət edən bir hakimiyyət belə bir verilişin varlığını qəbul edə bilmir. Əslində, onun qarşısında tab da gətirə bilmir.
Prezident seçkilərində professor Cəmil Həsənlinin qısa çıxışlarının çox sayda oyuncaq namizədlə efirə çıxan hakimiyyəti necə ağır duruma saldığını heç kim unutmayıb. Tar-mar olurdular, böhtan, şər, yalan da köməyə çatmırdı. Çünki nəinki saatlar, dəqiqələr bəs edir bu hakimiyyətin ifşasına. Çünki “xirtdəyəcən çirkabın içindədirlər”. Odur ki, haradan azad sözün küləyi əsir, oranı bağlayır, qapayırlar, həbslər isə dayanmaq bilmir. Hətta özləri də anlayır ki, həbslər bu qədər davam edə bilməz, dütdülü işçi qrupunu da ona görə yaradıblar. Fəqət həbs etməyə bilmirlər. Bir tərəfdən həbslər dalğasını qismən də olsa azadetmə prosesinə çevirmək istəyirlər, başqa tərəfdən həbs etməyə bilmirlər. Ən kiçik tənqid və fəaliyyət işartısı da bunları ən ağır addımlara əl atmağa məcbur edir.
Amma nəhayət bir sualı özlərinə verməlidirlər. Tutaq ki, “Azərbaycan saatı” daxil olmaqla bütün “saatlar”ın, “dəqiqələr”in qarşısını aldılar. Təsəvvür edək ki, yoxdur bütün alternativlər. Bu nəyi həll edir? Bir saniyə bəs edir ki, hakimiyyət o verilişlərdəki, çıxışlardakı, yazılardakı, şərhlərdəki suallardan da sərt sorğularla üzləşsin. Bu hakimiyyətin siyasəti hər yanda fəsad verir. Məsələn, Avstriyadakı rüşvət qalmaqalı bir saniyədə bəlli oldu topluma. Hər yanda qəza, cəza ölkə həyatını tarıma çəkir. Tutaq ki, 3 ton heroin tutulur sərhəddən keçəndən sonra, elə bu hadisə bir saniyədə saatlarla gedən verilişlərin eləmədiyi ifşanı həyata keçirir. Gülərqeyt üçün veriliş gərək olmadı. Rəmzi bir saniyə bəs etdi ölkənin bunu bilməsini. Ifşanın qarşısı alınmazdır.
Hətta hakimiyyət nümayəndələrinin hər qayğılı sözü də ifşa yaradır. Məsələn, Ramiz Mehdiyev yaxşı kadrların çatışmazlığından danışır. Ilk baxışdan xalqın qeydinə qalır. Ola bilər ki, ciddi adamlar da bu çıxışın arxasında ciddi nüanslar axtarır. Amma xalq sadə düşünür. Deputat yerini satışa çıxarıb, yaxşı kadr axtarmağa ciddi baxmaq olarmı?!
Bizim xalq “Asan xidmət”ə gedə bilər, oradakı xidmətin fərqini görə bilər, qiymətləndirə bilər, amma bir-iki xırda xidmətin qaydaya düşməsi ilə ölkə həyatındakı çətinliyi kimsə unutmur. Hamı gözəl başa düşür ki, o biri çətinliklərə rəğmən bu “Asan xidmət” çox ağır söyüşdür bu xalqa. Həbslər isə bu söyüşü yaddan çıxara bilməz.