Tanınmış vəkil Aslan İsmayılov Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib. Müraciətdə deyilir:
“Yazıb bildirirəm ki, bu il avqust ayının 5-də 1977-ci il təvəllüdlü Azər Cəfərov, onun qardaşı, 1986-cı il təvəllüdlü Aslan Cəfərov və 1970-ci il təvəllüdlü Telman Nuriyev öz həyətlərində, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 19 saylı binanın qarşısında Qorçiyev Cavidan və dostları tərəfindən döyülərək bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Azər Cəfərova 3 ağır bıçaq zərbəsi vurulduğundan ancaq həkimlərin və qohumlarının səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Cinayət işi üzrə yalnız Cavidan Qorçiyev dərhal həbs edilmiş, dərhal da guya xəsarət almış kimi penitensiar xidmətin xəstəxanasına yerləşdirilmiş, digəriləri isə guya axtarışa verilmişdir. Öz evləri qarşısında döyülənlər sıradan şəxslər, xəsarət yetirən 5 nəfər isə hər biri 3-5 dəfə kikboksinq üzrə Dünya və Avropa çempionlarıdır. Cinayətin üstündən uzun müddət keçməsinə baxmayaraq istintaq orqanları demək olar ki, cinayət işinin obyektiv araşdırılması üçün heç bir hərəkət etməmişlər (cinayət törətmiş şəxslərin müəyyən edilməmiş, axtarış elan olunsa da heç kim axtarılmamış, ətrafda olan çoxsaylı kameralardan görünüş götürülməmiş, telefon danışıqları araşdırılmamış, şahidlər dindirilməmiş və s.). Əvəzində istintaq orqanları ilk gündən “bilirsiniz, bu işin arxasında kimlər dayanıb, özünüzə problem yaratmamaq üçün barışın” və i.a. hərəkətləri ilə sanki bazarlıq etmişlər. Zərəçəkənlərin cinayət işinin istintaqının araşdırılmaması barədə olan şikayətlərindən dərhal sonra iş DİN İstintaq Baş İdarəsinə götürülmüş və istintaqın aparılması müstəntiq Tural Hacıyevə tapşırılmışdır. 23 oktaybr tarixdə müstəntiq zərərçəkən Aslan Cəfərovla iştirakçılardan biri olan 5 qat Dünya çempionu Ehram Hacıyevlə üzləşdirmə apararkən bəlli oldu ki, o 2 aydan artıq guya cinayət işi üzrə axtarışda olsa da onu heç kim, heç vaxt, heç bir yerə çağırmamış və o Milli yığma komandanın Baş məşqçisi kimi öz işini davam etdirmişdir. 24 oktyabr tarixdə digər zərərçəkən Azər Cəfərov istintaq adı ilə çağırılmış və şübhəli şəxs kimi tutulmuşdur. Dərhal sonra müstəntiq onun qardaşı Aslanı “gəlin danışaq” deyə görüşə çağırmışdır. Aslan Cəfərov onun heç kimlə görüşmək və danışmaq fikri olmadığını bildirdikdə bu gün saat 12-də Xətai Polis İdarəsinə dəvət etmişlər. Biz həmin vaxtı ora gəldik və müstəntiq məni görən kimi uzaqlaşmağa çalışdı. Mən onu səsləyib nə üçün çağırdığını soruşduqda isə özünü itirmiş şəkildə “Aslan Cəfərov mənimlə görüşmək istədiyini bildirmişdir” dedi. Aslan Cəfərov isə dərhal ondan nə üçün yalan danışdığını soruşdu və bir daha bildirdi ki, lazım olan istintaq hərəkətini aparsın. Müstəntiq indi yox saat 16-da istintaq hərəkəti aparacağını bildirib uzaqlaşdı.
Nə üçün son hadisələri olduğu kimi təsvir etdim. Sadəcə, DİN müstəntiqinin nə ilə məşğul olduğu, çox qanunsuzluqlar görmüş, məni belə təəccübləndirdi. Baş verənlər barədə Respublika Prokurorluğu və DİN Baş İdarə rəisləri Kamal Qılıcov və Sərvər Mehralıyev məlumatlıdırlar və bu özbaşnalıqların qarşısını almaq fikirləri yoxdur.
Bu dəqiqələrdə aldığım məlumata görə Azər Cəfərovu barəsində həbs qətimkan tədbiri seçmək üçün məhkəməyə aparmışlar.
Bu özbaşnalıqlardan sonra artıq bu ölkədə yaşamağın belə təhlükəli olduğunu düşündüm və bir daha Sizlərdən xahiş edirəm, adı çəkilən işin obyektiv araşdırılmasını təmin edəsiniz.
P.S. Dünyada baş verən təlatümlər zamanı ölkəmizdə belə hadisələrin baş verməsi artıq Dövlətçilik üçün təhlükəlidir.
Aslan İsmayılov
Zərərçəkənlər Azər və Aslan Cəfərovların nümayəndəsi.
Qeyd: Müraciətimi Sizlərə ünvanlanmış ƏRİZƏ kimi qəbul etmənizi xahiş edirəm”.