Təhsil naziri rektorları nəzarətə götürməyə çalışır
Azərbaycanda ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclasında çıxışı zamanı deyib.
Mikayıl Cabbarov təhsil naziri təyin olunandan sonra ali təhsil ocaqlarını da nəzarətə götürməyə cəhdlər etdi. Bu məsələdə onun daxil olduğu qruplaşma da səylərini əsirgəmədi. Hakimiyyətdə güclü himayədarları olmayan bir neçə rektor yeni təhsil nazirinə uyğun adamlarla əvəzləndi. Lakin prosesi sona qədər aparmaq mümkün olmadı. Mikayıl Cabbarov və daxil olduğu komanda iqtidarda güclü himayədarları olan rektorları yerindən tərpədə bilmədi. Bundan sonra Mikayıl Cabbarov rayon və şəhər təhsil şöbələrini icra hakimiyyətlərinin nəzarətindən çıxarmağa cəhd elədi. Bununla bağlı hətta ölkə başçısı Ilham Əliyev də sərəncam da imzaladı. Sərəncamda rayon və şəhər təhsil şöbələrinin bazasında regional təhsil idarələrinin yaradılması nəzərdə tutulurdu. Lakin Mikayıl Cabbarov bu məsələdə də hələ istəyinə nail olmayıb. Təhsil naziri bu günlərdə mətbuata açıqlamasında bildirib ki, regional idarələrin yaradılması təxirə salınıb. Mikayıl Cabbarov bunun vəsait ayrılmaması ilə izah edib. Lakin məlumatlara görə, prosesə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev mane olub. Səbəb təhsil sahəsinin və bu sektorda dövr edən pulların tam olaraq Mikayıl Cabbarovun nəzarətinə keçməsinin qarşısını almaq olub.
Lakin görünür, Mikayıl Cabbarov iddialarından geri çəkilmək niyyətindədir. Ali təhsilin keyfiyyətinə nəzarət orqanının yaradılması faktiki olaraq rektorların fəaliyyətinə nəzarət deməkdir. Mikayıl Cabbarov bununla rektorları özündən asılı vəziyyətə salmağa çalışır. Təhsil nazirin bu istəyinə nail olub-olmayacağını isə zaman göstərəcək.