Məhəmməd Talıblı: «Hətta minimum layihələr və simvolik əməkdaşlıq görüntüləri də indi Rusiyanı düşündürür»
Sentyabrın 29-da Həştərxanda Azərbaycan və Rusiya hökumətləri arasında sənəd imzalanıb. Azərbaycan prezidenti Ilham Əliyev və Rusiya prezidenti Vladimir Putin imzalanma mərasimində iştirak edib.
Rusiya hökuməti və Azərbaycan hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması barədə sazişə Rusiya tərəfdən iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, Azərbaycan tərəfdən isə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qol çəkib.
Indiki reallıqlar çərçivəsində Rusiya ilə belə bir sazişin imzalanması absurd görünür. Belə ki, Rusiyaya qarşı Qərbin ciddi sanksiyaları var, bu ölkənin iqtisadiyyatı tənəzzül dövrünü yaşayır, bankların fəaliyyəti məhdudlaşır. Belə bir ölkəyə investisiya yatırmaq, öhdəlik götürmək, qarşılıqlı qorunma sazişi imzalamaq Azərbaycana zərər verə bilər.
Ötən müddət ərzində Azərbaycanın kənd təsərrüfatı mallarının Rusiyaya daşınması ölkədə qıtlıq və bahalığa səbəb oldu. Bu da insanların haqlı narazılığını yaratdı.
Indi də Rusiyanı vəziyyətdən çıxartmaq üçün növbəti addım atılır və bunun Azərbaycan üçün perspektivi görünmür.
Iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, Rusiya iqtisadiyyatında xarici sərmayələrin xüsusi çəkisi böyükdür. Artıq neçə aydır ki, Qərbin və AB-ın Rusiyaya qarşı sanksiyalardan qorunması üçün həmin xarici sərmayənin yerini doldurmaq üçün mənbələr və yollar axtarır: “Məhz bu səbəbdən ayın 29-da Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında Saziş imzalandı”.
Ekspert əlavə etdi ki, Rusiya iqtisadiyyatını gözləyən təhlükələrin qarşısını almaq, ölkədki nəinki xarici investorların, hətta daxildəki sərmayəçi qrupların bazarlara maraqları xeyli sönüb. “Banklardakı əmanətlərin vaxtından qabaq geri çəkilməsi, sanksiya təhlükəsi hesabına dondurulmuş əməliyyatların günü-gündən artması, biznes mühiti üçün risklərin daha da kəskin xarakter alması çox ciddi siqnallardan xəbər verir. Rusiya isə sürətlə mövcud aktivlərin xərclənməsi mərhələsinə daxil olub, lakin yeni gəlir mənbələri isə yaranmır. Hətta ”Qazprom” və digər enerji sektorunda fəaliyyət göstərən transmilli korporasiyalarında fəaliyyətlərində ciddi enişlər qeydə alınıb. Buna görə hətta minimum layihələr və simvolik əməkdaşlıq görüntüləri də indi Rusiyanı düşündürür. Bu baxımdan ənənəvi tərkiblə Xəzər hövsəsində yükdaşımaların həcmini artırmaq hesabına iqtisadi dinamizmi təmin etmək istəyirlər”.
Akif