Müzəffər Baxışov: «Həmin torpaqlar bələdiyyə mülkiyyətinə verilməlidir ki, bu halda onu qanuniləşdirmək mümkün olsun»
Sənədsiz evlərlə bağlı problem Azərbaycanda hələ də öz ömrünü yaşayır. Dövlət başçısı bu istiqamətdə zaman-zaman bəlli göstərişlər versə də, problem çözülmür və getdikcə artır.
Dövlət qurumlarından torpağa dair sənədləri alaraq ev tikən vətəndaşların sonradan onun sənədsiz, qanunsuz, icazəsiz tikili kimi tanınmasının çox şahidi olmuşuq. Biçəra vətəndaş pul verib aldığı torpağa dair sənədləri verən qurumu, yoxsa sonra ona müştəri çıxan digər qurumu günahlandırmağa çətinlik çəkir. Məsələ qanunsuzdursa, icra strukturları həmin torpağa dair sənəd verməyə necə cəsarət edir? Yox, qanunidirsə, evi minbir əziyyətlə tikib orda yaşamaq istəyəndə onu ya sökürlər, ya da sənədləşdirməyərək qanunsuz adı altında az qala girov saxlayırlar. Illərin problemi olan bu məsələ əslində, necə tənzimlənməlidir? Bu problemin həllində ən optimal yol hansıdır?
Hüquqşünas Müzəffər Baxışov söyləyir ki, paytaxtın müxtəlif ərazilərində Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqlar bələdiyyələr tərəfindən vətəndaşlara alqı-satqı yoluyla satılıb. Sulutəpə, Xocahəsən bələdiyyəsinin adını çəkən hüquqşünas, bu məsələdə onların məsuliyyətini yada salır:
“Bələdiyyələri məsuliyyətə cəlb etmək lazımdır. Vətəndaş Azərbaycanda qüvvədə olan qanunvericiliyin tələblərinə görə bələdiyyələrin ona torpaq sata bilməsini mümkün sayır. Vətəndaş müvafiq sənədlərlə birlikdə həmin torpağa dair alqı-satqı müqaviləsini həyata keçirir. Sonradan bəlli olur ki, həmin torpaqlar Dövlət Neft Şirkətinin qanuni istifadəsində olan torpaqlardır. Ona görə də bunun tənzimlənməsi üçün dövlət bir mexanizim tapmalıdır ki, vətəndaşlar bundan ziyan çəkməsin. Çünki vətəndaş qanuni şəkildə deyir ki, torpağı bələdiyyədən alıb. Bu məsələnin tənzimlənməsi üçün dövlət mütləq bir mexanizm tapmalıdır”.
M.Baxışov əlavə edir ki, əslində, problemin həlli yolu var. Həmin torpaqlar bələdiyyə mülkiyyətinə verilməlidir ki, bu halda onu qanuniləşdirmək, yəni torpağı alan şəxslərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış vermək mümkün olur. Problemin ən münasib həlli yolu budur ki, həmin torpaqlar yaşayış məntəqəsi torpaqları kateqoriyasına daxil edilməli və bələdiyyələrin mülkiyyətinə verilməlidir.
Nigar