Ekspertlər Nəcməddin Sadıqovun və «Naxçıvan» qruplaşmasının adını çəkir
Bir neçə gün əvvəl sabiq müdafiə naziri Səfər Əbiyev Azərbaycandan getməsi barədə yayılan məlumatlara münasibət bildirərkən ona qarşı kampaniya aparıldığına işarə vurdu. Bildirdi ki, bu tip xəbərlərin yayılması ilk dəfə deyil. Nazirin sözlərinə görə, hansısa qüvvələr vaxtaşırı onunla bağlı belə məlumatlar yayır.
Səfər Əbiyev bundan əvvəl də barəsində yayılan məlumatlara münasibət bildirərkən oxşar açıqlama vermişdi. “Mən bu məlumatların hansı mərkəzdən idarə olunduğunu yaxşı bilirəm”, – deyə o, bildirmişdi.
Lakin Səfər Əbiyev konkret ad çəkməmişdi. Ekspertlər hesab edir ki, keçmiş nazir bu açıqlamaları ilə Müdafiə Nazirliyindəki rəqiblərinə işarə vura bilər. Onların sözlərinə görə, Müdafiə Nazirliyində Səfər Əbiyevlə baş qərargah rəisi Nəcməddin Sadıqov arasında daimə çəkişmə olub. Elə bu səbəbdəndir ki, Səfər Əbiyev vəzifəsindən çıxarılandan sonra Nəcməddin Sadıqov onun ordudan uzaqlaşdırdığı şəxsləri Müdafiə Nazirliyində mühüm postlara çəkdi. Ekspertlərin başqa versiyası isə bundan ibarətdir ki, Səfər Əbiyev bu açıqlamaları ilə hakimiyyətdəki “Naxçıvan” qruplaşmasını nəzərdə tutur. Xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun timsalında bu qruplaşma daimə Səfər Əbiyevlə qarşıdurma vəziyyətində olub.