Amerikalı hüquq müdafiəçisi ölkəmizdə indi baş verənləri faşistlərin 1936-da etdiklərinə oxşatdı
“1936-cı ildə Berlindəki Olimpiya oyunlarından əvvəl faşistlər də buna bənzər basqılar təşkil edirdi”
Tanınmış Amerikalı vəkil, hüquq müdafiəçisi və blogger Mixael Kourabas Azərbaycanda baş verən son repressiyyalara münasibət bildirib. Mixael Kourabasın bloqunda dərc olunan yazını qısa ixtisarlarla diqqətinizə çatdırırıq.
***
Neftlə zəngin olan Azərbaycan gələn il Avropa Olimpiya Oyunlarının açılışına hazırlaşır, eyni zamanda da insan haqlarının pozulması haqda danışan fəallara qarşı dəhşətli təqiblərə başlayıb. Bu yazının yazıldığı ana qədər Azərbaycan hökuməti 20-dən artıq hüquq müdafiəçisini, o cümlədən ən tanınmış hüquq müdafiəçilərini həbsxanalara atıb.
Buna baxmayaraq, Avropa Olimpiya Oyunlarının təşkilatçıları bəyan edirlər ki, oyunları qəbul edən ölkəni tənqid etmək onların işi deyil. Avropa Olimpiya Oyunları Təşkilat Komitəsinin rəhbəri Azərbaycandakı repressiyalardan xəbərsiz olduğunu iddia etdi və Azərbaycanı “inanılmaz dərəcədə azad cəmiyyət” adlandırdı. Oyunların mövcud və potensial sponsorları isə hər halda, ehtiyatlı olmalı, onların qərarının ölkədəki olaylara təsirini nəzərə almalıdırlar.
Azərbaycanda sonuncu dünya çaplı tədbir və bu post-sovet ölkəsinin dünya çapındakı debütü 2012-ci ildə təşkil edilən “Eurovision” musiqi yarışması olub. Musiqi yarışmasına qədər Azərbaycan hökuməti, dünyanın bütün avtoritar rejimlərinin edə biləcəyi işləri gördü – şəhəri gözəlləşdirmək, ölkə ərazisini yad fikirlilikdən və tənqidlərdən təmizləmək…
Azərbaycan prezidenti Ilham Əliyevə görə, insanları evlərindən zorla çıxarıb onların yerində “Eurovision” kimi yarışmalar üçün saray tikməklə paytaxt Bakını gözəlləşdirmək insanların rifahına xidmət etmək deməkdir.
Belə də oldu və “Eurovision” yarışmasına qədər onlarla ailə evlərindən bayıra atıldı, onların mənzilləri söküldü və yerində bu yarışma üçün saray tikildi. Bir çox hallarda isə bu söküntü üçün səlahiyyəti olanlar heç bir xəbərdarlıq etmədən, insanların evlərinə gecələr hücum edir və boşaldırdılar.
“Eurovision” hazırlıqları vətəndaş cəmiyyətinin səsinin boğulması və “tənqidsiz ölkə” yaratmaq cəhdlərilə müşayiət olundu ki, bunu da yalnız Ilham Əliyev etmir. 1936-cı ildə Berlindəki Olimpiya oyunlarından əvvəl faşist təbliğat kampaniyası da buna bənzər basqılar təşkil etməkdə idi. 2012-ci ildə isə Bakıda etiraz edən hüquq müdafiəçilərini və jurnalistləri həbsxanaya salaraq, etirazları boğurdular.
2013-cü ildə Əliyevin bu qəddar taktikası Bakıda Qış Bulvarının və elə həmin ərazidə ticarət mərkəzinin tikintisi zamanı da davam etdi. Bu proses 2013-cü ildəki kirli-dumanlı prezident seçkiləri zamanı da tənqidçilərə və fərqli düşünənlərə qarşı sərt təqiblər şəklində davam etdi. O cümlədən, azərbaycanlıları çoxlu siyasi hüquq və azadlıqlardan – birləşmək, sərbəst toplaşmaq, ifadə azadlıqlarından məhrum edən qanunlar qəbul edildi.
2015-in Olimpiya Oyunları və hüquq müdafiəçilərinin təqibi
Azərbaycanda “Eurovision”dan əvvəlki “evləri təmizləmə” proyekti, həmçinin Ilham Əliyevin Ermənistana qarşı guya, müharibəni davam etdirdiyini göstərən təhdidlər insan haqları fəallarını haqlı olaraq narahat edirdi ki, Avropa Olimpiya Oyunları Azərbaycana hansı fəlakətləri gətirə bilər. Buna görə də onlar beynəlxalq diqqəti rejimin insan haqları ilə bağlı təhdidlərinin üzərinə yönəltməyə çalışırdılar. Təəssüflər olsun ki, hakimiyyətin cavabı olduqca çevik, qanunsuz və əvvəlki təcrübələrinə uyğun şəkildə oldu.
Avqustun ilk həftələrində hökumət vətəndaş cəmiyyətinə qarşı təqiblərin şiddətini daha da artırdı. Ölkənin aparıcı hüquq müdafiəçilərindən olan Leyla Yunus, daha sonra isə onun həyat yoldaşı Arif Yunus həbs edildi. Aşkar siyasi təqib motivi ilə hüquq müdafiəçisi Rəsul Cəfərov və vəkil Intiqam Əliyev də həbsxanaya göndərilib. Bütün ittihamlar qurama olduğu qədər də, hətta Azərbaycan qanunvericiliyinə də ziddir. Bu ittihamların sırasına narkotik, vergidən yayınma, vətənə xəyanət və s. daxildir. Əgər beynəlxalq təzyiqlər kifayət qədər olmasa, bütün bu ittihamlar ağır cəzalarla nəticələnəcək.
Biznes qayğıları və Avropa Olimpiya Oyunlarının təşkilatçıları
Beləcə, biz daha bir Soçi oyununa qoşuluruq. 2014-cü il Soçi Qış Olimpiya Oyunlarından əvvəl də yazdığım kimi, Beynəlxalq Olimpiya Komitəsi öz fəaliyyətində BMT-nin biznes və insan haqları prinsiplərinə əməl etməyə borcludur. Rusiyaya münasibətdə bu prinsiplər gözlənilmədi. MOK Soçi oyunlarını yaxşı sənədləşdirərək, bu prinsipləri gözləmədi. Avropa Olimpiya Oyunlarının təşkilat komitəsi üçün düşünməyə hələ də vaxt vardı. Amma təəssüf ki, onlar “siyasətə qarışmadıqlarını” bəyan etməkdədir.
Soçi oyunlarından əvvəlki təkidlərə baxmayaraq, korporativ sponsorlardan heç biri öz mövqeyindən geri çəkilmədi. Baxmayaraq ki, onlardan bəziləri Rusiyada insan azadlıqlarına qarşı təzyiqlər barədə danışırdılar. Avropa Olimpiya Oyunları da BP də daxil olmaqla, sponsorların geniş çevrəsini cəlb etməkdədir. Ümid edirəm ki, BP və başqaları bu oyunlarla (eləcə də, Əliyev hökuməti ilə) münasibətləri barədə yenidən düşünəcəklər. Onların sponsorluğu 2015 Oyunlarından öncə Əliyev hökumətinin etdiklərini bəyənmək kimi dəyərləndirilə bilər.