“Azadlıq” qəzetinin çapının dayandırılması sosial şəbəkədə geniş əks səda doğurub. “Azərbaycan” Nəşriyyatının qərarı ictimaiyyətə açıqlanandan sonra qısa zamanda onlarla facebook istifadəçisi bu xəbəri təəssüf və etiraz notları ilə paylaşıblar. «Azadlıq»ın üzləşdiyi maliyyə durumundan çıxması və çapını yenidən bərpa etməsi üçün ölkənin fəal gəncləri ianə kampaniyasına başlayıblar. «Azadlıq»ın üzləşdiyi duruma etiraz olaraq dünəndən bəri ölkənin tanınmış şəxsləri «facebook» səhifələrində münasibətlərini ifadə edirlər. Onladan bir qismini diqqətinizə çatdırırıq:
«Bu yolda hər cür riski gözə alanları meydanda tək qoymayacaq»
AXCP sədri Əli Kərimli:
– Tam əminliklə deyirəm ki, alınmayacaq. İlham Əliyev Azərbaycandan Şimali Koreya, Özbəkistan düzəldə bilməyəcək. Biz müqavimət göstərəcəyik! Fərq etməz, nisbi azadlıqda, yoxsa həbsxanada. Biz rejimin düşündüyündən çoxuq, təsəvvür etdiyindən iradəliyik! Rejim başbilənlərindən fərqli olaraq, biz xalqımız haqda yüksək fikirdəyik. Onu belə asanlıqla qorxutmağın, susdurmağın mümkün olacağına inanmırıq. Xalqımız haqq üçün, ədalət üçün çalışanları, bu yolda hər cür riski gözə alanları meydanda tək qoymayacaq.
Bu gün də “Azadlıq” qəzetinin çapını dayandırdılar. Həm də çox absurd səbəblə. Bir tərəfdən dövlətə məxsus olan yayım firması qəzetin satışdan əldə etdiyi 70 min manatdan artıq pulu kollektivə vermir, o biri tərəfdən isə dövlətə aid nəşriyyat tələb edir ki, “Azadlıq” onlara olan 20 min manat borcu dərhal ödəsin. Kimə aydın deyil ki, bu “əməliyyat” acı həqiqətlərin tribunası olan qəzeti susdurmaq planıdır. Bu hiyləni işlətməklə istəyirlər beynəlxalq aləmə belə təqdim etsinlər ki, “Azadlıq” guya siyasi səbəblə deyil, sadəcə maliyyəsi çatışmadığından bağlanır.
Leyla xanımın həbsindən, “Azadlıq”ın çapının dayandırılmasından sonra sosial şəbəkələrdə bədbin statuslar artıb. Xeyli adam yazıb ki, “Azadlıq”ın ardınca da feysbuku bağlayarlar. Rejimin istədiyi bu deyilmi ki, belə tez ruhdan düşəsiniz? Allahın köməkliyi ilə nəinki feysbuk, heç “Azadlıq”da bağlanmayacaq. Sadəcə, məsələn, bir-iki min adamın qəzetdə çalışan jurnalistlərin etdiyinin (onlar aylardır ki, maaşsız çalışırlar) əllidə, yüzdə biri qədər fədakarlıq edib, qəzetə abunə olması kifayətdir.
«Azadlıq» ölkədəki demokratiya qalalarından biridir»
DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu:
– «Azadlıq» qəzeti ölkədəki demokratiya qalalarından biridir. Mediya təhlükədədir. Bütün mediyaya, xüsusən «Azadlıq»a dəstəyimizi ifadə edirik.
“Azadlıq”ın çapından imtina olunması İlham Əliyevin qərarıdır”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı:
– “Azadlıq” qəzetinin nəşrindən imtina olunub. “Azərbaycan” Nəşriyyatı qəzetin 20 min manat borcu olmasını bəhanə gətirib. Ona görə bəhanə deyirik ki, dövlətintin başqa bir qurumu olan “Qasid” firmasına “Azadlıq” qəzetinə olan 70 min manat borcunu ödəməyi qadağan ediblər ki, qəzet borclu vəziyyətə düşsün və bundan bəhanə kimi istifadə etsinlər. Bu borc filan məsələsi deyil, “Azadlıq”ın çapından imtina olunması İlham Əliyevin qərarıdır. Həqiqətləri söyləyən və rejimin yalan üzərində qurulmuş siyasətini ifşa edən “Azadlığı”susudmaq istəyirlər.
İndi söz sizlərindir. Bu hakimiyyətin yalanları ilə barışmayan, hər gün doğruları eşitmək istəyən – “Azadlıq” oxucularının. Hamılıqla “Azadlıq”asahib çıxaq. Aylardır ki, məvacib almayan fədakar qəzet kollektivini meydanda tək, arxasız buraxmayaq. Onların fədakarlığı qarşılığında da biz də hər birimiz gücümüz çatan qədər qəzetə dəstək olaq.
«Xalq səsini bərpa etmək istəyirsə, “Azadlıq”ın çapını bərpa etməlidir»
AXCP sədrinin müavini Razi Nurullayev:
– “Azadlıq” qəzetinin çapının dayandırılması son günlərin ən ağır hadisələrindən biridir. Çünki, heç kimin demədiyini deyən, heç kimin yazmadığını yazan, tabuları sındıran, məhrumiyyətləri gülə-gülə qarşılayan, səsi boğulanların səsini müalicə edən, tribunasızlara tribuna tanıyan bir qəzet susduruldu. Xalqın səsi susduruldu. Xalq səsini bərpa etmək istəyirsə, tribunasını qaytarmaq istəyirsə, “Azadlıq” qəzetinin çapını bərpa etməlidir.
“Azadlıq” qəzetinin çapı bərpa olunmasa, demək ki, dəstək olmadı. Biz müxalifət olaraq mübarizəmizdən əl çəkən deyilik. Biz gələcəyimizə, mübarizəmizin müsbət sonluğuna inandığımıza görə mübarizə meydanındayıq. Qəzet olmasa, zərər çəkən AXCP olmayacaq. Çünki, AXCP qəzetin qorunması üçün dəridən-qabıqdan çıxıb və yenə də əlindən gələni edəcək.
Amma, səsi boğulanlar tribunasız qalacaq. Tribunanızı qorumaq üçün hərəkətə keçin. “Azadlıq” qəzetinin nəşriyyata 20,000 AZN borcu yaranıb. Bu borcu ödəmək üçün tribunaya ehtiyacı olanlar hərəsi bir manat ödəsə məsələ həll olunar. Azərbaycanda isə ən azından ağlı başında olan dörd milyondan çox tribunasız var.
Son tribunanızı itirməyin. Çünki, itirdikcə itirdiklərimiz artacaq.
“Azadlıq”ın müdafiəsində hamımız sıra nəfəri olmalıyıq»
AXCP sədrinin müavini Gözəl Bayramlı:
– Leyla Yunusun həbsi və «Azadlıq» qəzetinin çapının dayandırılması səbrimizi daşıran son damla olmalıdır! Avtoritar İlham Əliyev rejiminin sonunun başlanğıcı da bu olmalıdır! Leyla xanımın və “Azadlıq”ın müdafiəsində hamımız sıra nəfəri olmalıyıq. Gücümüzlə və qətiyyətimizlə rejimi vahimələndirməliyik…
«Bu azad mətbuatın son nəfəs yerinin bağlanması deməkdir»
Tanınmış hüquqşünas Aslan İsmayılov:
– “Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib. Səbəb kimi dövlətə məxsus nəşriyyata 20 min manat borcun olması göstərilir. Qəzetin çapının dayandırılmasının hakimiyət dairələrinin düşünülmüş şəkildə etdiyinə heç bir şübhəm yoxdur, çünki təkcə dövlətə məxsus “Qasid” firmasının “Azadlıq” qəzetinə 70 min manatdan artıq borcunun olduğunu ölkədə bilməyən yoxdur. Bu artıq onsuz da olmayan azad mətbuatın son nəfəs yerinin bağlanması deməkdir. Bundan sonra növbənin sosial şəbəkələr olacağına şübhəm yoxdur. Əgər Azərbaycanı Şimali Koreya sifətində görmək istəmiriksə buna hamımız etiraz etməliyik!
“Borc qaytarmaq şərtdirsə, bəs buna niyə “Qasid” əməl etmir!?”
Tanınmış yazar Zümrüd Yağmur:
– Nəşriyyata 20 min borcu olan “Azadlıq” qəzeti bağlanır. Çünki o borcunu ödəməlidir… Amma “Azadlıq”a 70 min manat borcu olan “Qasid”ə kimsə bir söz demir. Borc qaytarmaq şərtdirsə, bəs buna niyə “Qasid” əməl etmir!?
Bu qədər gülünc olmayın, cənablar! Özünüzü dünyanıən ən vacib adamları hesab etsəniz də həqiqətləri ki, dəyişmək iqtidarında deyilsiniz.
«Azadlıq”ın rolu mühüm və danılmazdır»
Politoloq Fikrət Cəfərli:
– “Azadlıq” qəzetinin çapının dayandırılması və müxtəif yollarla qəzetin oxucularını, oxucuların isə qəzeti itirməsinə çalışmaq çox üzücü haldır. Hakimiyyət mənsubları bununla azad sözü boğa biləcəklərinə ümidlidirlərsə, çox yanılırlar. Onlar bir şeyi unutmasınlar ki, artıq mətbuatı susdurmaqla yeni tipli diktatura qurmaq mümkün deyil. Müasir dünyada yeni dövrun başlanması Ukrayna-Rusiya münasibətləri ilə gündəmə gəldi. İnkişaf etmiş ölkələr Rusiya düşüncəli başlara bir daha göstərdi ki, savaşla nəyəsə nail olmaq mümkün deyil. Uğur qazanmaq üçün açıq cəmiyyətin inkişafında mühüm rol oynayan mətbuatın inkişafına nail olmaq lazımdır.
KİV-i susdurmaq təbi ki,diktatorlara xas olan xususiyyətdir. Onlar həmişə cəmiyyətin məlumatsız saxlanmasında maraqlı olur. Bu gün hakimiyyət “Azadlıq” qəzetini məcburi susdurmaqla bir daha subut etdi ki, cəmiyyətin məlumatlı olması onun üçün nə qədər qorxuludur.
Cəmiyyətin operativ və obyektiv məlumatlandırılmasında “Azadlıq”ın rolu mühüm və danılmazdır. Bu qəzeti sıradan çıxarmaq isətyində olanlar bir şeyi anlamalıdırlar ki, Azərbaycandan nə Şimali Koreya, nə d ə Belarus düzəltmək münkün olacaq. Azad cəmiyyət qurmaq istəyən xalqın müqaviməti qarşısında dayanmaq özünə qəsddir. Əminəm ki, azad cəmiyyət quruculuğunda mayak rolunu oynayan “Azadlıq” qəzetinin müdafiəsi və çapının yenidən bərpası üçün hər kəs əlindən gələni edəcək.
“İnanıram ki, “Azadlıq” sevərlər bu qəzeti darda qoymazlar”
Milli Şuranın üzvü, tanınmış hüquqşünas, ehtiyatda olan ədliyyə generalı Vidadi Mirkamal:
– “Azadlıq” qəzetinin baglanması məsələsi yeni deyil. Bu qəzetin həqiqi müxalifətçilik mövqeyində olması, çətinliklərə fədakarlıqla sinə gərməsi iqtidar mənsublarını həmişə qıcıqlandırıb və zaman-zaman hakimiyyət bu qəzetin üstünə gəlib.Qəzetin satışının məhdudlaşdırılması, qəzet əməkdaşlarının təzyiqə məruz qalması və “Qasid” firmasının onlara olan külli miqdarda borcunun ödənilməməsi qəzetin qapadılması üçün hakimiyyətin yaratdıgı maneələrdir. Bu şəratdə düşünürəm ki, “Azadlıq” qəzetə yenə də əvvəllərdə oldugu kimi abunəçilərə, “Azadlıq” sevərlərə, həqiqi müxalifətçilik yolunda olan şəxslərə müraciət etməlidir. Güman edirəm ki,sadaladığım bu insanlar “Azadlıq” qəzetinin kollektivini darda qoymazlar.
Xəyal