Bir qrup ictimaiyyət nümayəndəsi Avropa Şurasına müraciət edərək sabiq səhiyyə naziri Əli İnsanovun hüquqlarının pozulmasından şikayətlənib. Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın müraciətə cavabında deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan üzrə bir neçə işlə məşğul olur: “Yekun qərarlar qəbul olunmuş işlərin Avropa Şurası Nazirlər Komitəsində monitorinqi aparılacaq. Bu, cənab Əli İnsanovun işinə də aiddir. Bu yaxınlarda Azərbaycana səfərim zamanı Avropa Şurasının diqqətini cəlb etmiş işlər üzrə məsələləri yüksək səviyyədə qaldırdım. Sizi inandırmaq istəyirəm ki, Azərbaycanın sədrliyi zamanı və ondan sonra Avropa Şurasının müxtəlif institutları hakimiyyətin Avropa Şurası dəyərlərinə və prinsiplərinə hörmət etməsi məsələsinə diqqət göstərməkdə davam edəcəklər”.
Məlumatı “Turan” agentliyinə keçmiş səhiyyə nazirinin yaxınları veriblər.
Sabiq nazir 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.