Gültəkin Hacıbəyli: «Bu əslində müəyyən mənada Azərbaycanın xarici siyasətinin davamıdır»
Ukraynada Malayziya təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq ictimaiyyət sərt reaksiya göstərsə də, Azərbaycanın hadisəyə münasibəti nisbətən yumşaq olub.
Xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi Avropa Şurası Nazirlər Komitəsi adından təyyarə qəzasə ilə bağlı bəyanatı yalnız başsağlığı xarakterlidir.
Nazir bəyanatında Ukraynanın şərqində "Malaysia Airlines" şirkətinə məxsus təyyarənin qəzaya uğrmasından sarsıldığını bildirib. O, faciənin hərtərəfli, müstəqil və şəffaf istintaqının tez bir zamanda aparılmasına dair çağırışlara qoşulduğunu deyib.
Bəyanatda nəinki günahkarların cəzalandırılması tələb olunmur, hətta hadisə pislənilmir.
Azərbaycanın dünya tərəfindən pislənilən faciəyə belə «dişsiz» reaksiyası nə ilə bağlıdır?
Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edən ölkənin fəaliyyəti çərçivəsində müəyyən məsələlərə münasibət bildirmək, fikir söyləmək hüququnun, səlahiyyətinin olduğunu deyir. Lakin taleyüklü, prinsipial məsələlərlə bağlı bütün bəyanatlar razılaşdırılır, ümumi konsensusla qəbul edilir. Başsağlığı bəyanatlarına gəldikdə, bunu müzakirə etməyə ehtiyac qalmır. Nazirlər Kabinetinə sədrlik edən ölkənin xarici işlər naziri belə məsələlərdə mövqeyi ortaya qoyur. Azərbaycanın da ehtiyatlı mövqeyi tutduğu bəllidir: «Azərbaycan Krım məsələsində ehtiyatlı mövqe tutdu. BMT-də Ukraynanın ərazi bütövüyünü dəstəklədiyini bəyan edib. Amma sonra ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən tədbirində Rusiyanın işğal siyasətinə qarşı bəyanata Azərbaycan nümayəndə heyəti etiraz etdi. Hətta Azərbaycan nümayəndə heyətinin üzvləri Rusiyanın Krımı işğal etməsini açıq şəkildə ifadə etməkdən çəkindilər. Sözsüz ki, Elmar Məmmədyarovun da bu dişsiz bəyanatı Rusiya qarşısında müəyyən ehtiyatlılıqdan irəli gəlir. Hər şeyi öz adı ilə adlandırmaqdan çəkinir. Bu gün artıq bütün dünya bilir ki, Malaziya təyyarəsini Rusiyanın separatçılara verdiyi raket qurğusundan vurulub. Bütün dünya buna görə Putini günahkar hesab edir. Putindən haqq hesab sorulduğu bir vaxtda belə bir dişsiz bəyanatın verilməsinə təəccüblənmirəm».
G.Hacıbəylinin sözlərinə görə, bu əslində müəyyən mənada Azərbaycanın xarici siyasətinin davamıdır: «Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, ancaq Krımın Rusiya tərəfindən işğal edildiyini açıq şəkildə bəyan edə bilmir. Avropaya inteqrasiyanın prioritet olduğunu bilir, eyni zamanda «Qoşulmayanlar hərəkatına» üzv olur və Avropa Birliyi ilə Assosiasiya sazişi imzalamağı fikirləşmir. Bu Azərbaycan xarici siyasətindən gözlənilən növbəti bir addım idi. Kifayət qədər dişsiz bir addımdır və buna görə təəssüf edirəm. Düşünürəm ki, Məmmədyarov ən azı təyyarədə 298 sərnişinin vəfat etdiyini nəzərə alaraq bu məsələdə daha sərt mövqe ortaya qoya bilərdi. Amma bu o demək deyil ki, Avropa Şurasına üzv olan ölkələrin də mövqeyi ehtiyatlıdı. Avropa ölkələrinin bu hadisə ilə bağlı nə dərəcədə qətiyyətli və sərt mövqe tutduğunu bilirik».
Fizzə