Rəsmilər bunun büdcə daxilolmalarına ciddi təsir göstərməyəcəyini deyir
Natiq Cəfərli: «Mümkün deyil ki, idxalda ciddi azalma olsun, ancaq büdcəyə gömrükdən gələn vəsaitə təsir göstərməsin»
Son iki ayda Azərbaycana avtomobil idxalı 35-40 faiz azalıb. Bunu “Trend”ə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş Idarəsinin rəisi Mirqasım Vahabov deyib.
Ölkəyə avtomobil idxalının azalması Azərbaycanın tətbiqinə bu ilin aprel ayının 1-dən başlanılan Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Qeyd edilən ekoloji standarta cavab verməyən avtomobillərin Azərbaycana idxalı qadağan edilib.
Onun sözlərinə görə, avtomobil idxalının kəskin aşağı düşməsinin dövlət büdcəsinə daxilolmalara xeyli təsir edəcəyini demək olmaz: “Yığımlar təkcə bu kateqoriyadan olan mallar hesabına təmin edilmir. Il ərzində idxal strukturu dəyişə bilər və bu baş verir. Bir kateqoriyada azalma isə idxal edilən digər mallar hesabına kompensasiya ediləcək”.
M.Vahabov qeyd edib ki, digər amilləri də nəzərə almaq lazımdır: “Amillərdən biri ölkəyə daha bahalı avtomobillərin idxalına başlanılmasıdır. Avro-4 standartlı nəqliyyat vasitələri apreldən idxalı qadağan edilmiş köhnə avtomobillərdən daha bahalıdır. Bununla da bu avtomobillər üzrə gömrük yığımlarının azalması ƏDV üzrə yığımların artması ilə kompensasiya edilir”.
ReAL Vətəndaş Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ölkənin avtomobil bazarını ucuz maşınlar tuturdu: “Kreditləşmə də asan olduğundan ucuz maşınları uzunmüddətli və daha az ödəmək şərtləriylə insanlar ala bilirdilər. Indi Avro 4-lə əlaqədar həm ucuz maşınların ölkəyə gətirilməsində, həm də kreditləşmə və lizinqdə ciddi problemlər var. Banklar daha sərt siyasət yeridərək kreditləşməni çətinləşdiriblər. Həm sənədlərin çoxalması, həm kredit şərtlərinin ağırlaşması maşınların alınmasında da ciddi nəticəyə gətirib çıxarıb. Bu da ölkəyə gətirilən avtomobillərin azalmasıyla müşahidə olunur”.
Natiq Cəfərli Mirqasım Vahabovun dediyi “avtomobil idxalının kəskin aşağı düşməsinin dövlət büdcəsinə daxilolmalara xeyli təsir edəcəyini demək olmaz” fikirləri ilə razı deyil.
“Idxalın azalması öz təsirini göstərəcək. Azərbaycanın gömrük rüsumlarının yığımında mühüm yerlərindən birini avtomobillərdən yığılan rüsumlar təşkil edir. 2013-cü ilin məlumatına görə, dövlət büdcəsinə 1.1 milyard manata yaxın gömrük yığımı rüsumları daxil olub. Bunun da təqribən 15-20 faizi gətirilən maşınlara görə alınan rüsumlardandır. Idxalın 40 faiz enməsi avtomobil rüsumlarından büdcəyə gələn gəlirlərin azalmasıyla nəticələnəcək. Təbii ki, ümumi büdcə parametrlərinə nisbətən o qədər ciddi azalma deyil. Ancaq hər halda gömrük yığımlarının ümumi proqnozlarına ciddi təsir göstərə bilər. Ola bilər ki, ilin sonunda gömrük rüsumunun yığımlarında nəzərdə tutulmuş rəqəmlər olmasın. Mümkün deyil ki, idxalda ciddi azalma olsun, ancaq büdcəyə gömrükdən gələn vəsaitə təsir göstərməsin”, – deyə iqtisadçı ekspert bildirdi.
Ramin DEKO