Ötən yazımda rejimə qarşı müqavimətdə ibtidai şüurun çatışmazlığından yazmışdım. Əlbəttə, bu, subyektiv fikirlər idi və mən getdikcə iqtidardan çox milli təhlükəyə çevrilən YAP rejiminə qarşı mübarizə metodlarından biri kimi məhz cəmiyyətin ulu əcdadlarımızın bir sıra instinkt və vərdişlərindən istifadə etməyinin vacibliyindən söhbət açmışdım. Əslində burada qəribə və təhqiramiz bir şey yoxdur, əksinə, sivil dünyanın qazandığı ən qiymətli dəyərlərdən biri olan insanların sərbəst toplaşma hüququndan bəhs etmişdim. Ibtidai icma quruluşunda insanlar sürü halında gəzməsəydi, vəhşi heyvanların hücumu və təbiətin şıltaqlıqları qarşısında çətin ki, duruş gətirərdi. Təsəvvür edin, mamontlar, bizonlar, şirlər kimi acımasız vəhşi heyvanlarla qonşuluq edən insanlar, bu da azmış kimi, onlara qida mənbəyi(!) kimi baxırdı. Məhz toplaşmaq, bir yerdə olmaq sayəsində…
Məsələn, qədim zulus və tuareqlər şir ətinə ehtiyac duyduqda əl-ələ tutaraq onun ətrafında dövrə vuraraq, bizim dildə desək, yallı getməyə başlayırdılar. Hədəfinin tez-tez dəyişməsindən əsəbiləşən şirin əvvəlcə quyruğundan yapışırdılar, ardından isə onu yerə yıxaraq küt alətlərlə başına zərbələr endirirdilər. Bu yalnız şirlər üçün idi, hər bir heyvan üçün ayrı-ayrı taktika mövcud idi. Sonra manqal qurulurdu və ziyafət başlayırdı. Ov insanlar arasında bərabər bölünürdü.
Bəli, əziz oxucu, əcdadlarımızın yüz illər boyunca qazandığı bu instinktlər bu gün də öz aktuallığını itirməyib. Bu gün yenə sərbəst toplaşma insanların ən arzu etdiyi dəyərlərdən biri olaraq qalır. Bu hüququ əldə etmək üçün xalqlar avtoritar rejimlərlə ölüm-dirim savaşına girirlər. Və biri gec, biri tez olaraq mütləq bu savaşı qazanırlar. Buna azadlıq savaşı da deyirlər. Özünüz düşünün, kütlə hara, zümrə hara? Çətini kütləyə çevrilməkdir, gerisi asandır…
…Sovet ordusunda hərbi xidmətimin bir il altı ayını Litvanın paytaxtı Vilnüs şəhərində keçirmişəm. Düzü, buna qədər litvalılar haqqında o qədər geniş bilgiyə sahib deyildim, elə sovet tarixşünaslığı da onların azadlıq uğrunda verdiyi savaşın üzərindən sükutla keçirdi. XX əsrdə iki dəfə işğala məruz qalan, on minlərlə mübariz övladını rus işğalçılarına qarşı mübarizədə itirən bir xalq heç vaxt işğalçıya boyun əymədi. Təkcə onu demək kifayətdir ki, nə Hitler, nə də Stalin kimi bir diktator belə onların müqavimətini qıra bildi. Bu xalq 1940-cı ildən 1957-ci ilədək rus və faşist işğalçılarına qarşı vuruşdu. Onların sovet dövründə etiraz formaları isə dinc və effektli olurdu və başlıcası, kimisə həbs etmək və aksiyanı yatırmaq üçün heç bir bəhanə tapılmırdı.
Sovet dövründə Azərbaycanda 28 Mayı nəinki qeyd etmək, hətta bu haqda nəsə danışmaq üstündə illərinizi həbsxanada keçirə bilərdiniz. Litvada isə analoji bayramı bütün xalq qeyd edirdi. Onlar axşam xeyli keçəndən sonra, pəncərəyə şam yadırıb qoyur və işıqları keçirirdilər. Digər anım, məsələn, işğal və kütləvi qırğın günləri də buna bənzər mərasim və xalq gəzintiləri ilə ifadə olunurdu.
Sadəcə toplaşırdılar və ilk baxışda adi görünən hərəkətlər edirdilər. Bu, birliyin forması, böyük tarixi sınaqlara hazırlıq mərhələsi idi. Vətənin azadlığı uğrunda həlak olanların məzarları həmişə gül-çiçəklə dolu olur, bayram günlərində isə şam yandırılırdı.
Şəhər əhalisi Leninin heykəli olan parkı ən natəmiz yerlərdən birinə çevirmişdilər. Qışda qarğaların, yayda sərçələrin əlindən burada tərpənmək olmurdu. Etiraf edim ki, o vaxt buna mən də qəzəblənirdim.
Bu dinc, kollektiv etiraz formaları 80-ci illərin sonlarında izdihamlı nümayişlərlə əvəz olundu və Liva birinci olaraq SRRI-dən ayrıldı…
Eyni yolu biz də keçdik, müstəqil olduq. Amma litvalılardan fərqli olaraq, onu saxlaya bilmədik.
Hazırda isə, beş nəfərin bir yerdə “Azadlıq” qəzetini oxumasından təlaşa düşən bir rejimlə baş-başayıq. Bəli, rejimin pulu, hər zaman başımıza endirə biləcəyi dəyənəyi var, başqa heç nəyi yoxdur.
Ulu əcdadlarımızın, eləcə də müasir litvalıların təcrübəsi sübut edir ki, hər şey o qədər də qorxulu deyil.
Sadəcə məhdud sayda dəyənəyin bir neçə milyon dəfə (!) qalxıb-enə bilməsinə şübhə ilə yanaşmaq lazımdır…