Korrupsiya ilə mübarizənin əvəzinə onların qudurğan balaları ilə mübarizəni göstərirlər bizə. Hətta bu mübarizə bəlli qədər hiss olunur. Ən azı belə bir görüntülər var. Bu arada eşitmək də olur ki, filankəsi oğlunun hərəkətinə görə işdən atdılar.
Yaxşı hiylədir. Guya ataları qudurğan deyillər, aydan arı, sudan durudurlar, yeganə qüsurları var, o da oğlanlarının avtoş olmasıdır.
Əslində, məmur balalarının qudurğanlığına qarşı bu “mübarizə”nin xitabı başqadır:
– Maşınla, maşının qiyməti və sürəti ilə xalqın gözünə girməkdənsə, gedin xalqın cibinə girin!
Deyirlər ki, ay uşaqlar, bu maşın, “qonka”, sürət sevdasından əl çəkin, gedin atalarınız kimi mədəni korrupsioner olun! Niyə əlavə söhbətlər yaradırsınız? Niyə başımız ağrımalıdır buna görə? Bizə lazımdırmı bu? Əsas korrupsiya “avtoş”luğudur, yarışı orda edin, sürəti orada yığın, sizə o boyda yol açmışıq bu sahədə, min cür körpü, tunel düşünmüşük, qazanc üçün istifadə eləmədiyimiz üsul yoxdur. Siz də durub maşın sürətinə aludə olursunuz. Nə var axı onda? Daxili yanma mühərrikidir, yaxşısını düzəldərlər, güclüsünü yığarlar, maşın da o qədər iti gedər. Amma bundan biz daxilən yana bilərik. Gərəksizdir bunlar!
Bax, qudurğan balalarla mübarizənin çağırışı bundan ibarətdir!
Gerçək də isə Azərbaycan xalqı bunların atalarından çəkir dərdi. Hətta o qədər ki, elə balalarından da çəkir. Bunların avtoş olmayan övladları avtoş olanından daha çox ziyan vurur bəlkə də. Bunların savadlı yetirmələri savadsızlarından daha böyük iş görür xalqa qarşı. Bu da sübut olunub. Bunları bir-birindən ayırmaq da mümkün deyil. Amma məğz atalardır. Oğru atalar. Hamısı da oğrudur. Övladı avtoş olan da, olmayan da. Övladı olmayan da! Onlardır bahalı maşınların pulunu dövlətdən və bizdən oğurlayan. Onlardır balalarının uğuru.
Həm də əcəb məntiqdir! Xalqdan pulu oğurla, bahalı maşın al, amma sadəcə oğlun sürətə nəzarət etsin!
Əcəb işdir! Bəs bu balalar neyləsin? Maşını qarajda saxlasınlar? Pulun üzünə baxıb dursunlar? Bu boyda sərvət kef çəkmək üçün deyil? Kefi çox da gizlətmək olmur axı! Sürətsiz kef olmur axı?! Bərk getməlisən!
Nə isə… Hər şey o pulların başındadır. Onları bizdən rahat oğurlamaq üçün başımızın altına ən yumşaq yastıqları düzürlər. Sərvətləri oğurlayıb, sonra da deyirlər:
– Görürsünüz, biz məmurların övladlarının “avtoş”luğuna imkan vermirik!
Sərvətlər ki, oğurlanır! Haqlar ki, tapdanır! “Avtoş”luğu kasıblar da edə bilir. Bunun qarşısını almaq üçün yol polisinə hər cür haqlar tanınıb, maaşları qaldırılıb. Indi bütün ölkənin amalı “avtoş”luqla mübarizə olmalı deyil ki!
Ölkənin amalı korrupsiya ilə mübarizədir. Qudurğanlığı yaradan budur!
Indi isə korrupsiya ilə mübarizəni xatırlayın. Elə mübarizə aparıblar ki, korrupsiya daha da artıb, daha dərinə işləyib. Bu mübarizədən bəhs edən dövlət proqramları vardı, həmin proqramlar məhz ölkədə oğurluğun birinci hədəf olması ilə bitdi. Bəli, həbs edilənlər də oldu rüşvətə və yeyintiyə görə. Amma bir-iki müəllim, həkim, ən sadə işlərdə çalışan məmurlar. Bu mübarizə axırda da “avtoş”luqla mübarizəyə keçdi. Bu sahədə dövlət proqramı çatmır. Yerinə düşərdi.