Çexiyanın prezidenti: “Ukraynada bir qrup qanqsterə qarşı başqa qanqsterlər vuruşur”
Ukraynaya indiki hakimiyyətlə əlaqəsi olmayan güclü lider lazımdır. Bu fikri Çexiyanın prezidenti Miloş Zeman Qradeç-Kralov şəhərində universitet tələbələri qarşısında çıxışı edərkən səsləndirib.
“Ukraynanın güclü liderə ehtiyacı var. Heç bir halda çoxdan bəridir hakimiyyətdə olmuş qanqsterlərdən biri, o, lap mələk təbəssümlü və yaxşı hörüklü qadındırsa da, olmayan liderə”, – deyə Miloş Zeman vurğulayıb.
Çexiya prezidentinin fikrincə, heç kim, hətta Avropa Birliyi də kömək edə bilməz, çünki bu kömək “oliqarxların cibinə axacaq və vətəndaşlara çatmayacaq”. Zeman hesab edir ki, indiki Ukrayna inqilabının məğzi bundan ibarətdir ki, “bir qrup qanqsterə qarşı başqa qanqsterlər vuruşur”.
Rusiya-Ukrayna qarşıdurması barədə isə Zeman deyib ki, Kiyev “güclü rəqiblə” qarşılaşıb. Belə ki, onun fikrincə, “Putin şahmatda rəqibinin bütün zəifliklərindən istifadə etməyi bacaran soyuqqanlı oyunçudur”.