Və ya “neftı, qazı bir kənara qoymalıyıq” diskusiyasına sözardı…
(birinci hissə)
Məhəmməd Talıblı, İqtisadi Təhlil İnsitutunun rəhbəri
Təsadüfi elementlər çoxluqdan çıxarılmalıdır
(Riyazi ortanın alınması üçün qayda)
Riyaziyyatda mövcud olan bu qaydaya biz iqtisadiyyatda da riayət etməliyik. Təsadüf uğur və spontal gəlir qalıcı deyil. Qalıcı olan sistemlərdə təsadüf elementlərin yox, çoxluğun dominantlığının sabit və davamlı olmasıdır. Neft və qaz gəlirləri də bu mənada “təsadüf” elementlərdir. Hətta nəzəri baxımdan qəbul etsək ki, hətta bizim ehtiyatlar 100 il belə tükənməyəcək və gələcək nəsillərə belə gəlir gətirəcək, yenə də o təsadüf elementdən uğur gözləntilərimiz olmamalıdır. Çünki, o nə zamansa ya olmaya və yaxud az əhəmiyyətli ola bilər. Bəlkə də onu yalnız keçmiş tarixdə xatırlamalı olarıq. Onun təsadüf element olması iki səbəbdən qaçılmazdır: (ı) dünyada neft hasilatı üzrə müxtəlif mənbələrdən daxilolmalar artır və alternativ enerji mənbələri genişlənir. (ıı) bahalı neft erası geridə qaldığı üçün yüksək neft qiymətinə də arxayın olmaq müşkül məsələyə çevrilir. Bu baxımdan nəinki ehtiyatların artıqlığı, hətta resursların məhdudluğu və artan tələbatın sonsuzluğu şəraitində belə iqtisadi səmərəyə nail olmaq yolunu tutmalıyıq.
Neft və qaz gəlirlərini bir kənara qoymalıyıq tezisi yeni söhbət deyil. Dəqiq xatırlayıram, bu haqda daha çox iqtisadçı-ekspertlər narahatlıqlarını zaman-zaman öz təhlilləri ilə ortaya qoyanda, o zamanlar bizləri məsələyə qərəzli və qeyri-konstruktiv yanaşmada qınayırdılar. Sadı arqumentləri var idi: Körpü tikməyək? Dövlət büdcəsinin xərclərini artırmayaq? və bu s. kimi suallar yönəldirdilər.
Əslində on ildən artıq müddətdir ki, neft gəlirlərimiz daxil olmağa başlayanda da, hətta o olmayanda da təbii resurslarsız yaşamağın yolun tapmalı idik. Çünki, ən ağır işlər zamanında görülməyən yüngül işlərdir ki, biz onu vaxtında etmədik. İndi biz postneft dövrünə daxil olduğumuz bir ərəfədə daha bu haqda danışmağın da əslində mənası qalmır. Çünki, neft-qaz gəlirlərinin əhəmiyyətli dövrü geridə qalıb. Daha bundan sonra ona arxayın olmaq da heç nəyi dəyişmir. Necə deyərlər, boş süfrəyə nə bisimillah? Resurs üstünlüyümüz olanda biz onsuz yaşamağa öyrənsəydik, indi biz inkişaf standartı baxımından tamam başqa ölkə idik. Tam məsuliyyətlə deyirəm ki, biz neft gəlirlərinin qazandırdığı üstünlüklərdən faydalanıb rasional qərarlar qəbul edib əlimizə düşən “limonu limonada çevrə bilsəydik” (Deyl Karnegi) indi biz tamam başqa Azərbaycanda yaşayırdıq. Bizim iqtisadi göstəricilərimiz və rifah səviyyəmiz nəinki postsovet məkanı ölkələri ilə müqayisə edərdik, əksinə biz orta səviyyəli Avropa ölkəsi ola bilərdik. Güclü iqtisadiyyat, rəqabətədavamlı biznes sferası, yüksək rifah göstəriciləri və keyfiyyətli təhsil sahəsində üstünlüklərimiz formalaşacaydı. Bütün bu nəticələr isə məhz yaxşı idarəetmənin nəticəsində meydana çıxa bilərdi.
Bir halda ki, “nefti, qazı bir kənara qoymalıyıq” diksusiyası açılıb, o zaman gəlin neftsiz iqtisadiyyatımızı təsəvvür edək. Qabaqcadan obrazlı söyləyim ki, bu ətsiz canı xatırladacaq. Necə? Çox aydın! Böyük ölçülü sümüyü olan canlısan. Səni canlı göstərən ət-qan və sistemdaxili inkişafdır. Onu təmin edən və orqanizmanın əsas donoru -“neftdır”. Neft həmin orqanizmin qan-damar sistemini təmin edir. Neft olmayanda qanın dövretmə gücü və sürəti də olmayacaq. Bu mənada quru vücudun əsası və onu daim qidalandıran da elə neft olacaq.
Rəqəmlərin “dili” nə deyir?
İkinci müstəqillik illərindən sonra biz indiyə qədər “Əsrin kontraktı”ından irəli gələn neft-qaz gəlirlərimiz cəmi 107 milyard manat olub. Bunun 72 milyard manatı xərclənib. Yerdə qalan 35 milyardı isə ARDNF-da saxlanılır. Neftdən əldə olunan gəlirin isə 67 faizi xərclənib. Neft faktorunun makroiqtisadi göstəricilərində payına diqqət edəndə neftsiz iqtisadiyyatımızın vəziyyətini aydın görmək olur. 2014-cü ildə ölkənin yuvarlaq olaraq 59 milyard manatlıq ÜDM-nin 33 milyard manatını qeyri-neft sektoru təşkil edib. Yəni, 56 faizin.
Yeri düşmüşkən bu rəqəmin özü də mübahisəlidir. Çünki, əvvəllər neft sektoruna aid olan bir neçə iri istehsal müəssisələri, o cümlədən kimya müəssisələri sonradan qeyri-neft sektoruna aid edildi. Bu zaman metodoloji fərqlilik nəticəsində qeyri-neft sektorunun xüsusi payı ÜDM-də əvvəlki illərə nisbətən fərqləndi.
Dövlət büdcəsi gəlirlərinin 73 faizi neft sektorundan formalaşır. Bunun əsaslı hissəsi NF-dan köçürmələr şəklində, yerdə qalan hissəsi isə ABƏŞ-də transmilli neft korporasiyalarının hasil etdiyi neft sektorundan vergilər formasında ödənilən vəsaitlər hesabına yaranır. Əgər 2013-cü ilin göstəriciləri əsasında müqayisə aparsaq, məlum olacaq ki, Azərbaycanda adambaşına düşən qeyri-neft ÜDM-i 4012 dollar olduğu halda, “acından ölən” Ermənistanda bu rəqəm təxminən 3000 (2959 $) həddində olub. Gürcüstanda isə bu rəqəm 3425 dollar təşkil edib. Bu qədər parlaq üstünlüklər fonunda əslində bizdə adambaşına düşən qeyri-neft ÜDM-in səviyyəsi daha yüksək olmalı idi.
Ölkəmizin ümumi ixracatının 94,5 faizi neft və neft məhsullarından ibarətdir. Bu isə o deməkdir ki, ixracatın cəmi 5,5 faizi qeyri-neft məhsulları təşkil edir. Bunun isə valyuta ilə ifadəsi 1,7 milyard dollar səviyyəsində qiymətləndirmək olar. Yəni, bizim neftimiz olmasaydı, biz cəmi 21,8 milyardlıq yox, 1,7 milyard dollarlıq məhsul ixrac edə bilərdik. Bu ixracat “analoqunu” yenə də Cənubi Qafqaz Respublikaları ilə müqayisə edək: heç nəyi olmayan Ermənistanın ümumi ixracatı 1,4 milyard dollar və Gürcüstanınkı isə 3 milyard dollar səviyyəsindədir.
Ona görə də biz neftin qiyməti istər 140 dollar (2008) və 50 dollar(2015) olanda da bir ölkə olaraq inkişaf etməyi bacarmalıyıq. Dünya Bankının proqnozlarına görə, İrana qarşı sanksiyalar götürüləndən sonra neftin hər barelində 10 dollar aşağı düşəcək. Biz neft pullarımız çox olanda da, lap az olanda da optimal xərclər koridorunu müəyyənləşdirməliyik. Dünyada bunun çox parlaq təcrübəsi vardır: Orta Müddətli Xərclər Strategiyası hazırlamaq!
Neftsiz Azərbaycan iqtisadiyyat necə olardı?
Hasil etdiyimiz neftin bizim iradəmiz olmadan qiymətinin artması hesabına bizə əlavə vəsaitlər qazandırması lotoreya uduşuna bənzəyir. Zamanında aldığın aktivlər bazarda dəyər qazanır. Bu zaman səndən heç bir bacarıq tələb olunmur. Əgər neftimiz olmasaydı, iqtisadiyyatımızda hansı proseslər gedərdi və biz hansı durumda olardıq? İndi gəlin bütün bunları təsəvvür etməyə çalışaq.
Neft pulları olmasaydı, bizdə orta aylıq əməkhaqqı 475 manat yox, daha aşağı olacaydı. Çünki, orta aylıq əməkhaqqı belə hesablanır: Biri neft sektorunda çalışıb 1000 manat əməkhaqqı alır, digər biri isə müəllim olaraq 200 manat. Bizim orta aylıq əməkhaqqımız 500 manat hesablanır. Neft pulları olmasaydı, bizdə orta aylıq əməkhaqqının səviyyəsi indiki minimum istehlak səbətindən bir az daha artıq ola bilərdi. Demək, neft gəlirləri orta aylıq əməkhaqqını şişirdir. Çoxluğun aşağı məbləğdə olan gəlir səviyyəsi neft sektorundakı “vulkan” hesabına orta səviyyəyə gətirilir.
Neftsiz olsaydıq, Azərbaycan vətəndaşı aylıq xərclərində daha çox kommunal və nəqliyyat xərcləri ödəyərdi. Çünki, sorğular göstərir ki, sadə azərbaycanlı gəlirinin 65-72 faizini gündəlik istehlak xərclərinə, 7 faizini isə kommunal xidmətlərə yönəldir. Bahalı xərclərin ortaya çıxmasında neft və neft məhsullarının ölkə daxilində baha qiymətə satılması mühüm rol oynayır. Əgər biz nefti bir kənara qoysaq, onda gərək ölkədə avtomobil yanacağı qiymətləri 2-3 manat, təyyarə qiymətləri daha da artıq olar. Təyyarənin əsas yanacağı olan gerosini Gürcüstana ixrac edən ölkədə eyni məsafə üçün uçuş qiymətləri Azərbaycandan ucuzdur. Neft ixrac yox, idxal edəcəyimiz təqdirdə vəziyyəti özünüz təsəvvür edin.
Bizim ölkə olaraq paradoksal vəziyyətimizi xarakteriza edən digər məziyyətlərdən biri də yalnız bizə çatan neft gəlirlərimizi xərcləmək deyil. Burada biz iki ağır yükü gələcək nəsillərin çiyninə qoymuşuq: (ı) bu qədər neft gəlirləri fonunda həm də beynəlxalq maliyyə qurumlarında uzunmüddətli borclar alırıq. Hələlik dövlət zəmanəti ilə alınan kreditləri nəzərə almasaq, bunun yekun məbləği 6,3 milyard dollardır. (ıı) biz nəinki nefti bir kənara qoymuşuq, əksinə daha da irəli gedərək neftdən biz nəslə çatanı , yəni öz payımızı “yeməklə” kifayətlənməyib, gələcək nəslin payını da “yeyirik”. Yəni neft-qaz gəlirlərindən gələcək nəsil üçün yığım üçün nəzərdə tutulan aktivləri də xərcləməyə başlamışıq. Bütün bunlar NF-dan dövlət büdcəsinə edilən transfertlərin artmasında özünü göstərir. Əgər hələ neft gəlirlərinin ilkin daxilolması ərəfəsində, yəni 2003-cü ildə dövlət büdcəsinə cəmi 100 milyon manat, 2008-ci ildə 1,1 milyard manat köçürülürdüsə, 2014-cü ildə bu rəqəm təxminən ondan 10 dəfə çox – 10,3 milyard manat səviyyəsində olub. Bu cür səxavətli transfert siyasəti neft pulları olmadan dövlət büdcəsinin gəlirlərinin neft pulları hesabına necə formalaşmasını tam çılpaqlığı ilə göstərir. Yəni, neftsiz biz dövlət büdcəsinin ən yaxşı halda cari xərclərini təmin edə bilərik. Başqa sözlə neftsiz dövlət büdcəmiz ən yaxşı halda 2,5-3 milyon əhalisi olan ölkə üçün yetərli olardı.
Neftsiz yaşamağa öyrənmək həm də ona görə lazımdır ki, neft hasilatının pik dövrü artıq geridə qalıb. Əgər 2010-ci ildə hasilatımız 50,7 milyon, 2011-ci ildə 45,4 milyon, 2012-ci ildə isə 43 milyon, 2013-cü ildə 43,2 milyon ton olmuşdusa, 2014-cü ildə isə bu rəqəm 41,9 milyon ton olmuşdur. Yəni, illər üzrə azalan hasilatla bərabər dünyada neftin qiymətindəki ənənəvi trendinin sınma riski bizi neft gəlirlərindən daha səmərəli və şəffaf istifadəsi üçün daha məsuliyyətli davranmağa çağrır.
(ardı var)