Elxan Şahinoğlu: «Qazaxıstan Avropa Birliyi ilə əməkdaşlığa can atması, Ukrayna ilə münasibətləri Putinin xoşuna gəlmir»
Rusiya Dumasının deputatı, qeyri-adi çıxışları ilə məşhur olan Vladimir Jirinovski yenə skandal sayılacaq açıqlama verib. Onun fikrincə, Rusiya Qazaxıstanı zəbt etməlidir. Çünki Qazaxıstanda “rusofobiya meydan sulayır”.
Jirinovski “Exo Moskvı” radiosuna müsahibəsində bildirib ki, Qazaxıstanın bütün yeni dərsliklərində və hər yerdə anti-rus əhval-ruhiyyəsi hakimdir. Onun sözlərinə görə, bir vaxtlar qazax tayfaları Çar Rusiyasına yalvarıb ki, onları cunqarların qətliamından xilas etsin. Çar Rusiyası da ora ordu göndərərək şimalı Qazaxıstanı azad edib.
Jirinovski hesab edir ki, indi Qazaxıstana “dərs vermək” lazımdır. Lakin Ukryana ilə məsələni yoluna qoyandan sonra.
Bu arada Rusiya prezidenti Vladimir Putin də Qazaxıstanla bağlı maraqlı fikir səsləndirib. O, Rusiya gənclərinin forumunda çıxışı zamanı deyib ki, Nursultan Nazarbayev heç zaman dövlət olmamış ərazidə dövlət qurub. Bununla da Putin Qazaxıstanı bir dövlət kimi ciddiyə almadıqlarını nümayiş etdirib.
Qazaxıstan prezidentinin cavabı özünü çox gözlətməyib.
“Qazaxıstanın maraqlarına toxunulsa, Astana Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququndan istifadə edəcək”. Belə bir bəyanatla Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxış edib.
Qazaxıstanın dövlət başçısı yerli telekanallardan birinə müsahibəsində bildirib ki, əgər müqavilədə göstərilən qayda və şərtlərə əməl olunmasa, onun ölkəsinin Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İttifaqından çıxmaq hüququ heç bir halda mübahisə və müzakirə predmetinə çevrilə bilməz: “Qazaxıstanın belə bir addım atmaq, birliyi tərk etmək hüququ var. Mən bunu əvvəl də demişəm, bu gün də bir daha bəyan edirəm”.
N.Nazarbayev qeyd edib ki, ölkəsi onun təhlükəsizliyini və müstəqilliyini təhdid edəcək heç bir birliyin tərkibində olmayacaq.
Maraqlıdır ki, Rusiyanın xarici siyasətindəki bu dəyişiklik Minsk görüşündən sonra açıq şəkildə görünməyə başladı. Ekspertlər hesab edir ki, buna səbəb Putinin Minsk görüşündə Poroşenkoya qarşı Nazarbayevin dəstəyini tam ala bilməməsi olub.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, son olaylarda dönüş nöqtəsi məhz Minskdə olub. Bu görüşdə Putin Qazaxıstan və Belarusdan istədiyi dəstəyi ala bilmədiyini açıq şəkildə görüb: «Qazaxıstan Avropa Birliyi ilə əməkdaşlığa can atır, Ukrayna ilə münasibətləri normalaşdırmağa çalışır. Bu isə Putinin xoşuna gəlmir. Putin guya Nazarbayevi tərifləyir. Amma eyni zamanda Qazaxıstanı aşağlayır ki, tarixdə belə bir dövlət olmayıb. Putin əlaltısı Jrinovski ilə Qazaxıstanı daha sərt formada hədələyir. Rusiyanın problemi odur ki, eyni zamanda bir neçə iş görmək istəyir. Rusiya Gürcüstanı, Moldovanı, Azərbaycanı parçaladığı kimi Ukraynanı da parçalamaq istəyir».
Rusiyanın Ukrayna siyasətində Belarus və Qazaxıstandan aktiv dəstək gözlədiyini deyən E.Şahinoğlu vurğuladı ki, Belarus və Qazaxıstan isə açıq formada Rusiyanı dəstəkləmədiklərini bəyan edirlər. Çünki onlar gözəl bilirlər ki, Rusiya siyasətininnın qurbanlarına çevrilə bilərlər: «Ona görə həm Qazaxıstan, həm də Belarus liderləri tədricən etirazlarını bildirməyə başlayıblar. Putin isə Avrasiya İttifaqı üzvlərinə məcbur etmək istəyir ki, siz mənimlə birgə Ukrayna siyasətini dəstəkləməlisiniz. Onlar isə buna etiraz edirlər. Qazaxıstanın ardınca Belarus da Putinin siyasətindən narazılığını ortaya qoyacaq. Onsuz da Belarusun Poroşenkonu dəstəkləməsi də Rusiyanı qıcıqlandırır. Amma görünür ki, Putin hamı ilə birdən ümnasibətləri korlamaq istəmir».
Xəyal