Ramil Usubovun göstərişilə polislər kafe və çayxanalardan peyk antenalarının yığışdırılmasını tələb edir
Bərdə rayonunda iaşə obyektlərində Türkiyənin “Medya TV” kanalına baxmaq qadağan edilib. Səbəb təbii ki, bu kanalda “Azərbaycan saatı” (artıq “Qafqaz xəbər”) verilişinin yayımlanmasıdır. Bu barədə “Azadlıq”a Bərdə sakinləri məlumat verib. Onların sözlərinə görə, rayon polisi iaşə obyektlərinə gələrək peyk antenalarının yığışdırılmasını tələb edir.
Polislər açıq şəkildə bildirir ki, bu əhalinin kafe və çayxanalarda “Medya TV” kanalına baxa bilməməsi üçündür. Polislər kafe və çayxana sahiblərinə deyiblər ki, peyk antenaları yığışdırlmasa ciddi problemlə üzləşəcəklər. Bərdə sakinləri bildirir ki, bu əməliyyat daxili işlər naziri Ramil Usubovun Bərdə səfərindən sonra başlayıb. Bildirilir ki, rayon polisinə göstərişi də elə daxili işlər nazirindən gəlib. “Rayonda əhali əsasən kafe və çayxanalara yığışıb ”Medya TV” kanalına baxırdı. Orada yayımlanan “Azərbaycan saatı” verilişi rayonda çox populyar idi. Ona görə də kafe və çayxanalardan peyk antenalarının yığışdırılmasını qərara alıblar”, – deyə sakinlər bildirib.