«Seçki öncəsi İlham Əliyevin istefası məsələsi də qoyula bilər»
Gündəmin əsas mövzuları ilə bağlı “Azadlıq”ın suallarını AXCP sədrinin müavini Asəf Quliyev cavablandırıb.
– Seçki ilinə daxil olmuşuq. AXCP-nin bu mərhələdə əsas hədəfləri nədən ibarətdir?
– Hələ bir neçə ay əvvəl AXCP-nin 2013-cü il seçki strategiyası müəyyənləşib. Bu barədə məlumat müxtəlif mətbuat orqanlarında gedib. Bizim əsas işimiz seçkilərə qədər demokratik seçki mühitinin yaradılmasıdır. MSK, dairə, məntəqə seçki komissiyalarının dəyişdirilməsidir. Əgər proses bu cür gedərsə, bu hakimiyyətlə seçkiyə getməyin mümkünlüyünə baxılacaq. Düşünürük ki, bu MSK, DSK-larla seçkiyə getmək mümkün deyil. Son iyirmi ildə Azərbaycanda keçirilən seçkilər göstərdi ki, bu hakimiyyətlə demokratik seçkilərin keçirilməsi mümkün deyil. AXCP-nin qarşısındakı əsas məsələ 2013-cü ildə hakimiyyət dəyişikliyinə, Azərbaycanda demokratik cəmiyyətin qurulmasına nail olmaqdır. Artıq insanların ruhunda, düşüncəsində, hərəkətində müəyyən dəyişiklik var. Sözsüz ki, hər hansı siyasi partiya ölkədə gedən siyasi prosesləri nəzərə alıb ona uyğun addım atmalıdır. Son vaxtlar siyasi partiyalardan kənarda, gənclərin yanvarın 12-də keçirdiyi mitinq, Binə hadisəsi, Qubada baş verən proses göstərdi ki, ölkədə artıq hakimiyyətə qarşı kütləvi lokal etirazlar baş qaldırır. Bu da onu göstərir ki, artıq cəmiyyət indiki bu oğru, quldur hakimiyyətdən bezib, cana yığılıb. Sözsüz ki, siyasi partiyalar bunu nəzərə alıb xalqın istəyinə uyğun addım atmalıdır. Düşünürəm ki, bu il seçki öncəsi Azərbaycanda hakimiyyətin, Ilham Əliyevin istefası məsələsi də qoyula bilər. Seçki mühiti yaradılmasa, digər dəyişiklilərə nail olmaq olar. Ancaq biz konkret görürük ki, 2013-cü il dəyişiklik, hakimiyyət dəyişikliyi ili olacaq. Azərbaycanda demokratik cəmiyyət qurulacaq.
“Seçkidən əvvəl hakimiyyət dəyişikliyinə gedilməlidir”
– İllərdir seçki şəraitini, mühitini dəyişməyən hakimiyyət bu dəfə geri çəkiləcəkmi?
– Hakimiyyət də başa düşməlidir ki, dünyada diktatura rejimlərinin dəyişilməsi prosesi gedir. Sözsüz ki, seçki mühiti yaradılmasa, şərait dəyişməsə, artıq adekvat addımlar atıla bilər. Bütün dünyada qəbul olunmuş formalar var. Bu, cəmiyyətin də özünün istəyi ilə ola bilər. Cəmiyyətin buna haqqı var və başqa formalara əl atıb, tutaq ki, meydanlara çıxa bilər. Ukraynada, Gürcüstanda bu hadisələr baş verib. Azərbaycanda da ola bilər bu cür inqilab olsun. Yəni seçkidən öncə hakimiyyət dəyişikliyi baş versin, müvəqqəti hakimiyyət qurulsun, sonradan isə seçki keçirilsin. Fikrimcə, artıq cəmiyyətdə bu proses gedir və seçkidən əvvəl hakimiyyət dəyişikliyinə gedilməlidir. Indiki vəziyyətdə, cəmiyyətin indiki fəallığı ilə buna nail olmaq olar.
“Hakimiyyət xaricdə olan bütün rıçaqlarını itirib”
– Beynəlxalq təşkilatların da Azərbaycan hakimiyyətinə təzyiqləri artıb. Seçkidə beynəlxalq aləmin hansı mövqe tutacağını gözləyirsiniz?
– Beynəlxalq təşkilatların dəstəyinin olmaması 2003, 2005-ci il seçkilərində müxalifətin uduzmasına gətirib çıxardı. Əgər əvvəl müxalifət hakimiyyətin əleyhinə deməyə bir fakt axtarırdısa, bu gün belə faktlar artıb. Beynəlxalq təşkilatlarda, Avropa Şurasında müzakirələr, son vaxtlar Ilham Əliyevin diktatorlarla bir yerdə göstərilməsi, dünyanın aparıcı mətbu orqanlarında ailənin korrupsioner kimi təqdim edilməsi, bunların varidatlarının açılıb göstərilməsi də bunu deməyə əsas verir. Bunların hamısı göstərir ki, artıq Azərbaycan hakimiyyətinə münasibət həddən artıq dəyişib. Təkcə Avropa, yaxud Amerikada deyil, Rusiyadakı proseslər də bunu göstərir. Rusiya-Azərbaycan münasibətlərində həddən artıq gərginləşmə müşahidə edilir. Eyni zamnada Iranla münasibətlərdə gərginləşmə var. Son iki il göstərdi ki, indiki hakimiyyətin həm xarici, həm də daxili siyasəti iflasa uğrayıb. Artıq beynəlxalq dəstək ala bilməyəcəklər. Onun işartıları da görsənir. Tutaq ki, əvvəlcədən pul, kürü ilə ələ aldıqları Avropa Şurası deputatları artıq Azərbaycan deputatları ilə bir yerdə oturmağa çəkinir. Bu onu göstərir ki, artıq hakimiyyət xaricdə olan bütün rıçaqlarını itirib. Azərbaycanda baş verən daxili proseslər də göstərir ki, ölkədə hakimiyyət yoxdur. Sadəcə xalqın meydana çıxıb öz haqqını tələb edib hakimiyyəti dəyişməyə imkanı var. Bunun üçün şərait yaranıb. Düşünmürəm ki, bu seçkidə beynəlxalq təşkilatlar, Avropa, Amerika Azərbaycan hakimiyyətini müdafiə etsin.
“İlham Əliyev hakimiyyəti itirib…”
– Elşad Abdullayevin yaydığı videolarda adları çəkilən yüksək rütbəli məmurlar hələ də öz vəzifələrindədir. Bir çoxları dövlət başçısının bu məsələdə son söz deyəcəyini gözləyir. Sizcə, Ilham Əliyev buna iradə göstərəcəkmi?
– Xeyr, bunu gözləmirəm. Elşad Abdullayevin videoları Azərbaycan cəmiyyətinə açıq göstərdi ki, bu hakimiyyətdə olanların böyük əksəriyyəti oğurluqla, quldurluqla, adam oğurluğu, siyasi qətllərlə məşğul olub. O da məlum oldu ki, hakimiyyət, ümumiyyətlə, müxtəlif qruplar vasitəsilə idarə olunur. Ümumiyyətlə, Ilham Əliyevin hakimiyyəti idarə edə bilmədiyini də artıq ortaya qoyub. Bu boyda proses baş verib. Onun adicə bir nazir haqqında söz demək qabiliyyəti yoxdur. Gürcüstanda bir kiçik hadisə baş verdiyinə görə neçə nazir istefa verdi. Azərbaycanda bu boyda proseslər baş verir, ancaq bunun gücü adicə naziri cəzalandırmağa çatmır. Bu onu göstərir ki, Ilham Əliyev hakimiyyəti itirib. Sadəcə olaraq müəyyən qruplar onu orda saxlayıb, ondan istifadə edir. Bu qruplar öz biznesinin genişləndirməsi, siyasi maraqlarının həyata keçirməsi ilə məşğuldur. Düşünmürəm ki, Ilham Əliyev hər hansı məmur haqqında bir söz desin, onun haqqında tədbir görsün. Əgər doğrudan da Azərbaycanda daxili işlər nazirinin müavininin, yaxud digər nazirlərin iştirakı ilə adam oğurluğu baş verirsə, burda görünür Ilham Əliyevin özünün də barmağı olub. Çünki ola bilməz ki, onun informasiyası olmasın. Ola bilər ki, Ilham Əliyev onlarla şərik, bu oğurluq, quldurluq hadisələrində, bu boyda baş verən cinayətlərdə əli olduğu üçün heç kimə söz deyə bilmir. Bunun da bir göstəricisi o idi ki, o vaxt Hacı Məmmədovun məsələsində Ramil Usubovun işdən çıxarılmaq məsələsi qoyulmuşdu. O da hədə-qorxu gəldi ki, mən sizə görə nəvələrimin də həyatını təhlükəyə qoymuşam. Əliyevin ona da gücü çatmadı. Yaxud Gülər Əhmədova açıq dedi ki, elə eləməyin mən danışım. Indi məlum olur ki, Gülər Əhmədovanın özündə də kasetlər var. Bunlara göstərir ki, əgər mənim haqımda bir şey olsa, o kasetləri açacam. Bütün bunlar bir daha göstərir ki, bu hakimiyyətin aşağıdan yuxarı hamısı cinayət əməlləri ilə məşğul olub və hamısı bir-birinə bağlıdır. Ona görə kiminsə başqasının haqqında qərar qəbul etməsi, yaxud kiminsə cəzalandırılması indiki hakimiyyətdə mümkün deyil.
“Əsgər ölümünə münasibəti Əliyevin səviyyəsini göstərdi”
– Cəmiyyətdə ciddi etiraza səbəb olan əsgər ölümündən sonra çoxları ölkə başçısının buna reaksiya verəcəyini düşünürdü. Ancaq o, günahkarları deyil, bu hadisəyə etiraz edənləri hədəfə alıb onlara “ünsür” dedi. Bu cür yanaşmanı necə qiymətləndirirsiniz?
– Bu, ölkə başçısının səviyyəsini, düşüncəsini göstərdi. Eləcə də bu cəmiyyətə, millətə münasibətini göstəricisidir. Mənə elə gəlir ondan başqa söz gözləmək olmazdı. Özü yəqin ki, acıqlıdı. Hakimiyyətdə olan qüvvələrə öz sözünü deyə bilmir. Ona görə bütün hirsini tökür cəmiyyətin üzərinə. Onun yalnız gücü çatacağı şey müxalifətin əleyhinə, yaxud cəmiyyətin əleyhinə söz deməkdir. Ondan başqa cavab gözləmirəm. Nə vaxtsa cəmiyyətə, siyasi qüvvələrə normal münasibətini, normal danışığını görməmişəm. Düşünürəm ki, bu həm də hakimiyyətin necə idarə olunmasınn bir göstəricisidir. Əsgər ölümünə etiraz edən xalqın yanında olmaq, günahkarları cəzalandırmaq əvəzinə qalxıb müxalifəti, yaxud meydanda etiraz edənləri günahlandırırsa, buna başqa ad vermək olmaz. Ilham Əliyev böyük tərbiyəsizlik edib, ondan da başqa heç nə gözləmək olmaz.
“Naxçıvan Azərbaycanın laboratoriyasıdır”
– Naxçıvanda sahibkarların təzyiqlərə məruz qalması, işgəncələrlə üzləşməsi problemi həllini tapmayıb. Bu kimi problemlər Naxçıvanda get-gedə də artır. Bununla bağlı nə deyə bilərsiniz?
– Naxçıvanda xüsusi bir rejim yaradılıb. Naxçıvan Azərbaycanın laboratoriyasıdır. Bu təkcə naxçıvanlıların məsələsi deyil. Bütün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, ziyalıların diqqəti yönəlməlidir Naxçıvana. Bu məsələni müəyyən dərəcədə dəyişmək lazımdır. Biz neçə illərdir çalışırıq ki, orda beynəlxalq təşkilatlardan birinin nümayəndəliyi açılsın, yaxud onlardan kimsə tez-tez ora getsin. Bu camaatın sözünü deyə biləcəyi, müraciət edə biləcəyi bir yer olsun. Bizim çalışdığımız budur. Artıq şərait də dəyişib. Mənə elə gəlir ki, Naxçıvanda baş verən proseslərlə bağlı Avropa Şurasına müraciət olunmalıdır. Bu birinci məsələ deyil. Bir neçə dəfə belə hadisələr baş verib. Naxçıvan haqqında xüsusi qərar qəbul olunmalıdır. Məsələn, Avropa Şurasında məsələ qaldırılıb müəyyən vəzifəli şəxslərə sanksiyaların tətbiq olunması vaxtı çoxdan çatıb. Bu cür sanksiyalar tətbiq olunmasa, Naxçıvanda belə hadisələr bundan daha çox olacaq. Hər iki adam, Məhəmməd Qurbanov və Nadir Məmmədov noyabrda Ictimai Palatanın keçirdiyi iclasda iştirak ediblər. Mən həmin yığıncaqda olmuşam, orda onunla görüşmüşük. Ondan sonra bu adamlara siyasi fəaliyyətinə görə cəza tətbiq ediblər. Biz hər ikisini siyasi məhbus hesab edirik. Mənə elə gəlir ki, hər ikisinin həbs olunması Naxçıvanda insanların gözünü qorxutmağa yönəlib. Naxçıvanda son vaxtlar AXCP-nin ətrafında xeyli insan toplaşıb, partiyaya axın var. Bunun qarşısını almaq üçün o iki nəfəri həbs edib o cür işgəncə verirlər və cəmiyyətə göstərirlər ki, Ictimai Palataya, yaxud AXCP-yə gedənlərin taleyini bunlar gözləyir. Onların ailəsi beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb. Biz də bu şəxsləri həbsdən azad olunmasına çalışırıq. Çünki onlara qarşı cinayət işinin özü də qanunsuzdur. Bunlara qarşı cinayət törədilib. Ancaq əksinə, özlərini tutub həbsxanaya salıblar, işgəncə veriblər. Yanvarın soyuğunda insanın üstünə su tökmək, onu dondurmaq nə deməkdir. Bu cür işgəncəyə nə cür susmaq olar. Ona görə biz onların həbsdən azad olunması üçün müəyyən tədbirlərə əl atacağıq. Mənə elə gəlir ki, artıq bu məsələ siyasi partiyaların Naxçıvana diqqətini artırmalıdır. Eləcə də beynəlxalq təşkilatlar xüsusi diqqət yetirməlidir. Əgər beynəlxalq təşkilatlar diqqət yetirsə, müəyyən nəticələrə nail olmaq olar.
“Binə” hadisəsi son deyil
– “Binə”də sahibkarların etirazına, onların cəzalandırılmasına necə qiymət verərdiniz?
– Narazılıq elə həddə çatıb ki, artıq siyasi partiyaların keçirdiyi tədbirlərdən əlavə camaatın özündə də bu hakimiyyətdən bezmə hiss olunur. Azərbaycanda elə bir iş adamı yoxdur ki, ondan hər ay Heydər Əliyev fonduna pul alınmasın. Hər mağazadan 10-15 min pul alırlar. “Binə”də əlavə kassa pulu istəyirlər. Bu da artıq cəmiyyəti bezdirib və camaat öz etirazını bildirir. Bu da cəmiyyətin artıq hərəkətə keçdiyini göstərir. AXCP olaraq onların hüquqlarını müdafiə edəcəyik. Sahibkarların həbs olunmasına qəti şəkildə etiraz edirik. Çalışacağıq ki, onlara arxa duraq və bu şəxslər həbsdən azad olunsunlar. Ancaq düşünürəm ki, “Binə” hadisəsi son deyil. Qarşıdan növbəti addımlar gəlir, cəmiyyətdə böyük bir narazılıq var. Ola bilsin yenə də iş adamlarından bu cür etirazlar olsun. Bunun hamısı hakimiyyətin dağlıması prosesini göstərən səbəblərdən biridir. Sözsüz ki, bu, hakimiyyətin heç bir partiya mənsubiyyəti olmayan iş adamlarına münasibətidir. Hamı səsini kəsib sakit oturmalıdır, rüşvət verməlidir. Bunlar da pullarını yığmalıdır, kimsə səsini çıxara bilməz. Mənə elə gəlir ki, bunun da son həddi olmalıdır. Onların işi haqq işidir. Cəmiyyətin özü də sahibkarların həbsinə qarşı etirazını bildirməlidir. Kütləvi tədbirlərdə hüquqları pozulan hər bir insana yaxın durmalıdır, onu müdafiə etməlidir. Kiminsə haqqını müdafiə ediriksə, həm də öz haqqımızı müdafiə edirik.
Fizzə