Daxili işlər naziri «Hacı Məmmədov olayı»nda olduğu kimi yenə «kartları» açacaqmı?
Fəaliyyət dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı son video bəzi mülahizələrə səbəb olub. Xatırladaq ki, həmin vidoeda Elşad Abdullayev, hazırda həbsdə olan iş adamı Arzu Kazımov və Mahir Abdullayevin qayınatası Şamil Şahməmmədovun söhbətini əks etdirir. Videoda diqqətçəkən məqamlardan biri Arzu Kazımovun daxili işlər nazirinin müavini Zahid Dünyamalıyevə istinadən Mahir Abdullayevin sağ olduğunu iddia etməsidir. Iş adamı daha sonra bildirir ki, Zahid Dünyamalıyev Mahir Abdullayevin ailəsinə qayıtmasını təmin etmək üçün tapşırıq gözləyir.
Lakin Arzu Kazımov Zahid Dünyamalıyevin kimdən tapşırıq gözlədiyini açıqlamır. Bəzi ehtimallara görə, Arzu Kazımov daxili işlər naziri Ramil Usubovu nəzərdə tutur. Zahid Dünyamalıyevin də nazirdən başqa kimdənsə tapşırıq gözləməsi ağlabatan deyil. Elşad Abdullayevin Ramil Usubovla hər hansı konflikti olmayıb. Ona görə də Mahir Abdullayevlə bağlı baş verənlərin Ramil Usubovda bitməsi inandırıcı görünmür. Bəs daxili işlər naziri məsələlərə aydınlıq gətirəcəkmi? Oxucular xatırlayırsa, “Hacı Məmmədov olay”ında bütün diqqət Ramil Usubovun üzərinə yönəlmişdi. “Turan” Elşad Abdullayevin son videosu ilə bağlı yazısında bu məsələyə toxunaraq Ramil Usubovun o zamankı bəyənatını xatırladıb: “Qeyd edək ki, Hacı Məmmədovla qalmaqal başlananda (2005-ci il) nazir gözlənilmədən telekanallardan birinə çıxaraq bildirmişdi ki, bəzi təhlükəli cinayətkarlar Heydər Əliyevin əmri ilə buraxılıb. Bu bəyanat bir çoxları tərəfindən Ramil Usubovun susmayacağı və bütün bu günahların onun üzərinə qoyulmasına imkan verməyəcəyi barədə xəbərdarlığı kimi qarşılanmışdı.
Ramil Usubov növbəti dəfə belə bəyanat verəcəkmi? Bunu zaman göstərəcək”.
Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.