Bir neçə gün öncə Xədicə İsmayılın həbsində yeganə zərərdidə sayılan Tural Mustafayevin video müraciəti yayıldı. Ölkə ictimaiyyətinə ünvanlanmış müraciətdə Xədicə İsmayılın qanunsuz həbsi haqqında ilk mənbədən şok effekti doğuran məlumatlar aldıq. Əslində, bunun belə olduğunu hamı bilirdi. Amma hadisələrin iştirakçısı olmuş bir şəxsin canlı olaraq dilindən bütün bunları eşitmək Xədicə xanımla hakimiyyətin törətdiyi qanunsuzluğa rüsvayçılıq xarakteri verdi. Qanunun keşiyində durmalı, onun aliliyini təmin etməli olan prokurorluq orqanları sən demə dövlət adından öz vətəndaşına qarşı qanunsuz cinayət işi açılması üçün xüsusi əməliyyat qurub. Bakı şəhər prokurorluğunun bilavasitə vəzifəli şəxsləri (şəhər prokurorunun müavini Azər Əsgərov və müstəntiqi Vaqif Süleymanov) Tural Mustafayevi Xədicə xanıma qarşı şikayət ərizəsi yazmağa məcbur ediblər. Çox qəribə də olsa son bir neçə il ərzində prokurorluq orqanları hakimiyyətin demokratiyaya qarşı mübarizə strategiyasının mərkəzi iqamətgahına çevrilmişdir. Siyasi partiya öncülləri, QHT təmsilçiləri, fəal gənclər, imanlı adamlar və vətəndaşlıq mövqeyi olan ziyalılara qarşı ən natəmiz əməllər məhz prokurorluq orqanların əli ilə rəsmiləşdirilir. Tural Mustafayevin yaydığı video müraciətdə göstərilən faktlar prokurorluq orqanlarının timsalında dövlətin rəsmən mütəşəkkil cinayətkarlıq əməlinə qurşandığını ortaya qoydu. Əslində hüquq terminlərin, az-çox hüquqi anlayışların işlədiyi bir ölkədə dərhal bu adamlar haqqında cinayət araşdırılmasına başlanmalı idi. Söhbət vətəndaşa qarşı saxta cinayət işinin açılmasından, qanunsuz yollarla təmiz bir adamı cinayət məsuliyyətinə almaqdan gedir. Azərbaycan cinayət məcəlləsində bunun xüsusi maddəsi var və bu adamlar təzyiq, şantaj və qorxutma yolu ilə Turalı Xədicə xanıma qarşı şikayət ərizəsi yazmağa məcbur ediblər.
“Hakimiyyətin başlıca işi vətəndaşlarla mübarizədir”
Milli Şura sədri Cəmil Həsənli şikayəti əsasında Xədicə İsmayılı həbs etdirən Tural Mustafayevin etiraf dolu video müraciətinə münasibət bildirib:
Qeyd edilən video açıqlama bizim təhlükəsizlik orqanlarının hansı natəmiz əməllərlə məşğul olduğunu bir daha təsdiqlədi. Bir anlığa diqqət yetirin və baxın görün Tural Mustafayev MTN-nin yüksək rütbəli əməkdaşlarının əməlləri ilə bağlı nə deyir: “14 fevral tarixində MTN-nin xüsusi təyinatlıları tərəfindən döyülərək, 1 saylı Ruhi Əsəb Xəstəxanasına yerləşdirildim. Orada mənə məcburi şəkildə psixotrop dərmanlar içirirdilər. Onlar istəyirdilər ki, şikayət ərizəsini geri götürməyim…MTN-nin Anti-Terror Mərkəzinin rəhbəri, general Ilqar Əliyev, MTN əməkdaşı Azər Məcidov və bir neçə başqa əməkdaş tərəfindən hədələnmişəm, şikayətimi geri götürəcəyim halda, təhlükədə olacağımı, başıma oyunlar açılacağını bildiriblər”. Normal ölkələrdə vətəndaşa qarşı törədilmiş bu qanunsuzluqlar ictimailəşsydi hökumət istefa verməli olardı. Bizdə isə hər belə qanunsuz əməldən sonra onu törədən hüquq mühafizə və təhlükəsizlik orqanları əməkdaşlarının rütbəsi artırılır. Yaxşı ki, ölkənin rütbə cədvəlində general-polkovnikdən yüksəyi yoxdur. Əks təqdirdə bu şikəst adamların çoxu indiyə, ordu generalı, marşal, generalissimus olmuşdular. Son iki onillikdə 20 faiz əraziləri işğal altına alınmış bir ölkənin təhlükəsizlik, hüquq və ordu sistemində rütbə artırmağın yolu öz xalqına qarşı mübarizədən keçir. Vətəndaşların şəxsi həyatına müdaxilə, insanların intim həyatının izlənməsi, yataq otağından çəkilmiş video görüntülərin siyasi mübarizə arsenalına gətirilməsi hazırda Azərbaycan hakimiyyətinin başlıca starateji xəttidir. Çünki Tural Mustafayev açıq şəkildə bəyan edir ki, “bu işdə tək mən yox, videosu olan şəxslərin bir neçəsi də “verbovat” olunub, Xədicə Ismayılın əleyhinə ərizə yazıblar”. Əlbəttə, bu video ictimai rəyin təsir imkanlarını ortaya qoymaq, onu etiraf etməklə yanaşı, Azərbaycan generalitetinin siyasi və ictimai həyatı intim görüntülərlə ram etmələrinin mübhəm məqamlarına da aydınlıq gətirdi. Xüsusi əməliyyat nəticəsində “vicdanı” MTN və prokurorluqda girov saxlanılan bəzilərinin son vaxtlar nala-mıxa vurması göz qabağındadır. Həm video çəkənlər, həm də videosu çəkilənlər səksəkəli bir həyat yaşadıqları halda bu prosesin mənəvi qələbəsini demək olar ki, hər həftə beynəlxalq mükafatlara layiq görülən Xədicə xanım yaşayır. Öz təmkini, iradəsi və ironiyası ilə o, video çəkənləri də, videosu çəkilənləri də bir balaca utandırdı. Kürdəxanıda olsa belə.