AXCP-dən rəsmi açıqlama; partiya funksionerləri keçmiş müavinin ittihamlarını darmadağın etdilər [color=red]YENİLƏNİB
AXCP sədri Əli Kərimlinin sərəncamı ilə partiyadakı sədr müavini vəzifəsindən çıxarılan, bundan sonra isə partiyadan çıxmağa məcbur olan Razi Nurullayev keçmiş partiyasına və partiyadaşlarına qarşı ittihamlara başlayıb. Hakimiyyət mediası ittihamlarını tirajlamaq üçün ona səxavətlə yer ayırmaqdadır. Razi Nurullayev ayrı-ayrı media orqanlarına danışmaqla da kifayətlənməyib, fevralın 24-də mətbuat konfransı keçirib. Mətbuat konfransında o, AXCP-yə qarşı ittihamlarında ABŞ və Böyük Britaniya səfirliklərinin də adını hallandırıb.
AXCP-dən isə onun ittihamlarına sərt cavab verilib. Partiyanın mətbuat xidməti rəsmi açıqlama ilə Razi Nurullayevin səfirliklərlə bağlı dediklərinin yalan olduğunu bildirib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da facebook səhifəsində keçmiş partiyadaşını sərt üslubda tənqid edib.
“Hakimiyyətin anti-Qərb kampaniyasına dəstək”
Mətbuat xidmətinin açıqlamasında deyilir:
“AXCP mətbuat xidməti bildirir ki, hökumətə işlədiyinə görə partiya sədrinin müavini vəzifəsindən azad edilmiş Razi Nurullayev artıq hakimiyyətə xidmətini leqallaşdırıb, hakimiyyətin anti-Qərb təbliğatına öz qatqılarını verməyə çalışıb. Fevralın 24-də keçirdiyi mətbuat konfransıda o, bunları deyib:
“Əli Kərimli mənə dedi ki, ”sən hakimiyyətə satılmısan, əlimdə bununla bağlı faktlar var”. O, dedi ki, hətta Amerika və Britaniya səfirlikləri bununla bağlı ona məlumat veriblər. Mən bu deyilənlərdən narahatam. Bu, o deməkdir ki, həmin səfirliklər siyasətçiləri dinləyir. Mən bu fikirlə bağlı həmin iki səfirliyə dünən məktub göndərmişəm. Bu gün də buradan müraciət edirəm. Necə ola bilər ki, onlar məni dinləyir və bununla bağlı Əıli Kərimliyə məlumat ötürürlər?”.
AXCP mətbuat xidməti bu yalan məlumatı rəsmən təkzib edir və bəyan edir ki, Razi Nurullayevin bu açıqlaması hökumətin anti-Qərb kampaniyasına onun öz yalanları ilə dəstək verməsindən başqa bir şey deyil. AXCP mətbuat xidmətinə görə, Razi Nurullayevin məhz ABŞ və Böyük Britaniya səfirliklərini ittiham etməsi bununla əlaqədar ola bilər ki, AXCP sədrinin xarici diplomatlarla son görüşləri bu iki ölkənin diplomatları ilə olub. AXCP sədri ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Susan Çesli ilə ötən həftənin cümə günü saat 15:00-da (Razi Nurullayevin müavinlikdən azad edildiyi haqda AXCP sədrinin sərəncamı yayıldıqdan 2 saat sonra), Böyük Britaniya səfiri İrfan Sidqi ilə isə bu həftənin bazar ertəsi saat 12:00-da (Razi Nurullayevin müavinlikdən çıxarılmasından iki gün sonra) görüşüb. Hər iki görüşdə müvafiq olaraq Azərbaycan-ABŞ və Azərbaycan-Böyük Britaniya münasibətləri, ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbusların taleyi, qarşıdan gələn parlament seçkiləri və AXCP-nin seçki hazırlıqları ilə bağlı məsələlər müzakirə olunub”.
“Yığıncaqlarda mürgüləməyinləmi Əli bəyə rəqib olacaqdın?”
AXCP-sədrinin müavini Fuad Qəhrəmanlı isə keçmiş partiyadaşının ittihamlarına müxtəlif kontekslərdən iki qeydlə cavab verib. Qəhrəmanlı yazır ki, iqtidar Əli Kərimlinin nüfuzuna zərbə vurmaq üçün indiyədək istifadə etdiyi personalardan birinə də Razi Nurullayevi çevirib. O, keçmiş partiyadaşına özünü bu qədər qeyri-ciddi duruma salmamağı məsləhət görür.
“Adam qeyri cddi şeylər danışır. Özü etiraf etdi ki, 5 il ərzində AXCP-də olduğu müddətdə ondan tərcüməçi kimi istifadə olunub. Niyə? Çünki qabiliyyəti partiya siyasətinin formalaşmasında iştirak etməyə çatmayıb. İndi durub deyir ki, partiyanın yeniləşməsini istədiyi üçün onu çıxarıblar. Ayıbdır, Razi bəy, axı sən dəfələrlə Rəyasət Heyətində çıxışlarında "quş" buraxdığın üçün qınanmısan. Hətta iş o yerə çatıb ki, sənə daxili siyasətə qarışmamaq barədə tövsiyyələr də edilmişdi. Bu ağılla, bu intellektlə AXCP-ni yeniləşdirmək istəyirdin? Hansı təklif, hansı fikir sahibi omusan ki, o qəbul edilməyib? Birini deyə bilərsənmi? Belə bir təklif olmayıb. Belə təklif verməyə sənin intellektin yetməzdi axı. Rəyasət Heyətinin yığıncaqlarında mürgülədiyin üçün gülüş hədəfi olmaqlamı özünü Əli bəyə rəqib kimi təqdim edirsən? Ayıbdır, özünü bu qədər qeyri-cddi duruma salma, sənə acıyıram.
Nəinki konseptual bir təklif, heç adi, normal siyasi təhlil yazdığını da görən olmayıb. Heç bir tədbirdə intellektual qabiliyyətini göstərən çıxışını kimsə eşitməyib. Partiya sənədlərinin hazırlanmsında bir cümlənin belə müəllifi olmadığın halda özünü nəinki Əli bəylə, Rəyasət Heyətinin heç bir üzvü ilə müqayisə edə bilməyəcəyini kim də bilməsə, özün yaxşı bilirsən. Bəzən cəbhəçilər bizdən soruşurdular ki, Əli bəy bu ağılın sahibini necə özünə müavin qoyub, biz də xətrinə dəyməmək üçün bunu sənin özünə bildirmirdik.
Sənin intellekt kasadlığından əziyyət çəkdiyini təkcə cəbhəçilər deyil, bu gün səni danışdıranlar da bilir, əmin ola bilərsən. Zəif iradəli və tamahkar olduğunu bildikləri üçün ən axırıncı səviyyəyə qədər səni AXCP-yə qarşı istifadə edəcəklər.
Hamı sənin iqtidarla işbirliyinə görə partiyadan qovulduğunu bilir, ancaq hələ də tutduğun vəzifədən istefa verdiyini deməklə yalan danışırsan. Heç olmasa hamının bildiyini təhrif etmə…”, – deyə o yazıb.
Fuad Qəhrəmanlı həmçinin, Razi Nurullayevə ironiya edib ki, bir sərəncamla müxalif çevrədən iqtidaryanlıların cərgəsinə düşdü, Qərblə yaxşı münasibətini anti-Qərb kampaniyasına dəyişdi: “Əli bəyin sərəncamının gücünə baxın. 3 gün bundan qabağa qədər Razi Nurullayev AXCP və Milli Şura çevrəsində idi. Bəs Əli bəyin məlum sərəncamından sonra haradadır? İndi Azər Həsrət, Niyaməddin Orduxanlı, Aynur Camalqızı, Taleh Şahsuvarlı, Rauf Arifoğlu, Azay Quliyev, Xəzər TV, ATV, Lider TV olan çevrədə. Adam səmimi cəbhəçi idisə, necə 1 günün içində 180 dərəcə dəyişdi?
Razi Nurullayev bu sərəncama qədər Qərb ölkələri səfirlikləri ilə yaxşı münasibətləri olan biri kimi tanınırdı. İndi Əli bəyin sərəncamından dərhal sonra hökumətin Qərbə qarşı kampaniyasına qoşulub. ABŞ və Böyük Britaniya səfirliyini rəsmən Əli Kərimliyə informasiya ilə kömək etməkdə ittiham etdi. Avroatlantika tərəfdarı bir gecədə Qərb əleyhdarına çevrildi.
Nə baş verir? Yəni doğrudanmı bir günün ərzində belə sürətli dəyişiklik bir sərəncamın gücüdür? Əli bəyə olan bütün hörmətimə baxmayaraq, etiraf etməliyəm ki, yox, bu, bir sərəncamın yaratdığı dəyişiklik deyil. Sadəcə olaraq AXCP sədrinin sərəncamı bu adamın üzünə taxdığı cəbhəçi maskasını çıxarıb. İndi gördüyünüz, qarşınızdakı əsl Razi Nurullayevdir”.
"Bəy bu yolnan cəmiyyətə mesaj verir ki, narahat olmayın, Əli bəyə yüksək səviyyəli xarici dəstək var"
"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid də Razi Nurullayevin Əli Kərimliyə qarşı ittihamlarına münasibət bildirib. Qənimət Zahidə görə, Razi Nurullayev bu ittihamlarla özü də bilmədən AXCP-yə, Əli Kərimliyə xidmət edir. Qənimət Zahid şəxsi "facebook" səhifəsində baş verənləri belə dəyərləndirib:
"Məni qınamayın. Mənə elə gəlir ki, bu Razi məsələsi Əli bəyin hökumətə qarşı növbəti əməliyyatıdır. Veteran cəbhəçilər xatırlayar, 2005-ci ildə Ramiz Tağıyev əməliyyatını da Əli bəy hökumətə qarşı çevirə bilmişdi. Əli bəy bu səs –küylü bəyanatlarla Razi bəyi hökumətin içinə yerləşdirir. Razi bəy Polat Ələmdar olub, hökuməti içindən dağıdacaq. Soruşursuz ki, mən niyə bu fikrə düşmüşəm? Cavab verirəm, Razi bəy heç vaxt AXCP –yə, Əli bəyə indiki kimi effektli xidmət etməmişdi. Adam əməlli – başlı Əli bəyin propaqandasını aparır, xarizmasını gücləndirir. Deyir ki, Amerika və İngiltərə telefonları dinləyib, lazımı məlumatları Əli bəyə verir. Bəy bu yolnan cəmiyyətə mesaj verir ki, narahat olmayın, Əli bəyə yüksək səviyyəli xarici dəstək var. Sonra nə deyir? Deyir ki, hökumətin içində Əli bəyə işləyənlər var və onlar Əli bəyə yazılı hesabatlar verirlər, üstəlik maddi baxımdan da Əli bəyə kömək edirlər. Bəy bu yolnan cəmiyyətə mesaj verir ki, Əli bəy artıq hökuməti də parçalayıb, hökumətin də bir hissəsi ona işləyir. Sonra nə deyir Razi bəy? Deyir ki, müxalifətdə də artıq çoxdandır ki, hər şeyi Əli bəy həll edir. Deyir ki, “Hər kəs Əli Kərimlinin filtrindən keçməlidir – keçən müxalifətdir, keçməyən müxalifət deyil”. İndi mən başa düşə bilmirəm, əziz cəbhəçilər siz bu adamdan nə istəyirsiniz? İmkan verin, adam işləsin də".
"Razi Nurullayevin bu barədə bu qədər pafosla danışması mənəvi deqradasiyanın ifadəsidir"
AXCP sədr müavini Nurəddin Məmmədli isə Razi Nurullayevin ittihamlarına belə cavab verib:
"Razi Nurullayev AXCP-yə gələn gündən həmişə onunla münasibətim yaxşı olub. Etiraf edim ki, onun haqqında neqativ fikir söyləmək istəyində deyildim. Amma onun bu səviyyədə yalançı, böhtançı olmasını sükütla qarşılamaq da mümkün deyil. İddia edir ki, partiyada müxalifət fikrə qarşı dözülməzlik mühiti var. Rəyasət Heyətinin hər bir üzvü etiraf edər ki, AXCP-də qəbul olunmuş bir sıra qərarlara məhz mən etiraz etmişəm, hətta təkcə qalmağımdan belə narahat olmamışam. Lakin heç zaman özümə qarşı heç bir təzyiq və ya irad eşitməmişəm. Ömründə bir dəfə belə qəbul olunmuş qərara etiraz etməyən Razi Nurullayevin bu barədə bu qədər pafosla danışması mənəvi deqradasiyanın ifadəsidir. Partiyada yaşlı insanların təqib olunmasına dair fikirləri də cəfəngiyyatdır. Mən partiyada ən yaşlı bir neçə nəfərdən biriyəm. Dəfələrlə təşkilatın kadr potensialının kifayət qədər genişləndiyini nəzərə alaraq, səmimi şəkildə gəncləşmə siyasəti aparılmasını təklif etmiş, lakin bütün hallarda təpki ilə qarşılaşmışam. Razi Nurullayevin kimlərinsə diqtəsi altında bu qədər böhtan püskürməsi onun nəinki siyasətçi, hətta bir insan kimi tamamilə itirilməsinə səbəb olacaq. Razi Nurullayev "fenomeni" cəmi bir neçə gündən sonra onun üzqarasına çevriləcək. Ortada nə qədər acı nümunələr var".
"Mən də bu satqınçılığın üstünü açmış adsız qəhrəmanlara buradan təşəkkürümü bildirirəm…"
AXCP sədrinin digər müavini Gözəl Bayramlı da Razi Nurullayevin özünü ifşa etdiyini, hökumətə işlədiyini təkzib edə bilmədiyini bildirib. Gözəl Bayramlı "facebook" səhifəsində bununları yazıb:
"Adam öz-özünü bax, belə ifşa edərmiş. Razi Nurullayev artıq başa düşüb ki, xəyanət edib, hökumətə işləmək ittihamını təkzib edə bilməyəcək, indi öz aləmində onu Əli Kərimliyə satanları axtarır. Hələlik gümanı 2 yerə gəlir. Deyir ki, onun hakimiyyətə işləməyini ya hökumətin içində ola-ola Əli Kərimliyə işləyən vəzifəli şəxslər deyib, ya da Amerika və İngiltərə səfirlikləri onun danışıqlarını dinləyib, səs yazısını da veriblər Əli bəyə. İndi axtarır ki, onu missiyasını başa vurmadan kimlər yandırıb. Sən axtarmağında ol, Razi bəy. Mən də bu satqınçılığın üstünü açmış adsız qəhrəmanlara buradan təşəkkürümü bildirirəm…"
"Razi Nurullayev sədrin son tapışırığını niyə can-başla yerinə yetirdi?"
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov da keçmiş sədr müavininin partiyaya qarşı “hücuma keçməsinə” növbəti münasibətini bildirib. O, iqtidaryönlü medianın Razi Nurullayevə gen-bol yer verməsini nə qədər qəribə səslənsə də, AXCP-yə xidmət kimi qiymətləndirib. N.Ədilov facebook səhifəsində yazır:
“Biz də hökumət mətbuatından xeyir görərikmiş. Təəccüblənməyin. İndi izah edəcəm ki, iqtidar mətbuatı AXCP-yə necə işləyir.
Aydındır ki, Razi bəyin hökumətə işlədiyi sübut olunandan sonra Əli bəy onu müavinlikdən uzaqlaşdırdı. Yadınıza salıram ki, AXCP sədrinin sərəncamı “Azadlıq” qəzetində gedəndə informasiyaya heç bir şərh əlavə olunmamışdı. Sonradan Razi bəy açıqladı ki, AXCP sədri onu vəzifəsindən uzaqlaşdırmamış, onunla ətraflı söhbət edib. Əli Kərimlini tanıyanlar da bilir ki, o, heç vaxt ikilikdə olan söhbətləri ictimaiyyətə açmır. Hətta onun bu keyfiyyətindən sui- istifadə edərək bir çoxları “Əli bəy mənə belə dedi, mən Əli bəyə belə cavab verdim” tipli yalanlar da danışır. Bu zamanlarda da Əli bəy belə dedi-qodulara qoşulmağı, onun adından deyilənləri təkzib etməyi özünə yaraşdırmır. Təcrübə göstərir ki, düz də edir. Çünki onun haqqında bu yalanları danışanlar bir azdan hökumətin qoltuğundan boylananda hamıya aydın olur ki, AXCP sərinin növbəti ifşaçısının qarnının ağrısı nə imiş?
Nə isə, sözümün canı bu idi ki, hökumət mətbuatı Razı bəyi danışdırmasaydı, bizim də o söhbətin məzmunundan xəbərimiz olmayacaqdı. Razi bəy indi o ikilikdə olan söhbəti öz xeyrinə nə qədər dəyişib, mətbuata ötürsə də, yenə diqqətli müşahidəçi o söhbətdən özü üçün maraqlı nəticələr çıxara bilər.
Razi bəyin dediyinə görə, bu söhbətdə Əli bəy onun üzünə deyib ki, sən satqınsan. Söhbəti fırlatmayıb, bəhanə gətirməyib, kişi kimi üzünə deyib ki, adam, satılmısan və daha mənim müavinim ola bilməzsən.
Razi bəyin söhbətindən daha sonra bu məlum olur ki, AXCP sədrinin onu müavinlikdən çıxarmaqla da ürəyi soyumayıb, ona tapşırıb ki, get özün partiyadan çıx. Razi bəy də gedib sədrin tapşırığına uyğun olaraq partiyadan çıxıb. Düzdür, burada Razi bəy tam da təlimata uyğun davranmayıb. Çünki, Razi bəyin sözlərinə görə, sədr ona tapşırıbmış ki, səssiz-küysüz get. Amma buna görə gəlin Razi bəyi məzəmmət etməyək. Görünür ona səs-küysüz getməyə imkan verməyiblər.
İndi isə hökumət mətbuatının sayəsində bu bildiklərimizi bir az analiz edək. Razi bəyin hesabına söhbətin bizə məlum olan hissəsindən aydın olur: AXCP sədri əlindəki faktların dəqiqliyinə o qədər əmin olub ki, Razi bəyə rahatlıqla “müavinlikdən çıxarıldıqdan sonra özün partiyadan gedərsən” deyə bilib. Söhbətin bu hissəsi çox vacibdir. Çünki Razi bəy həm də partiyanın Rəyasət Heyətinin üzvü idi. Sədr onu nəinki partiya üzvlüyündən, heç Rəyasət Heyətindən də çıxara bilməzdi. Belə qərarları yalnız partiyanın kollegial orqanları verə bilər. Amma nəyə görəsə Əli bəy özünə arxayın olub ki, Razi bəyə deyəcək, get partiyadan, o da gedəcək?
Hərçənd, Razi bəy məni və başqa dostlarımızı zombi elan edib, amma mən eksperiment üçün bu situasiyada özümü Razi bəyin yerinə qoyuram. Mən zombi- filan olmasam da, Əli bəyi ürəkdən dəstəkləyən bir adamam. Buna baxmayaraq, onun da səhv qərarlar verə biləcəyini təsəvvür edirəm. Məsələn, əgər günün birində Əli bəy məni də Razi bəy kimi dəvət edib, mənim aləmimdə haqsız olan xeyli ittihamı üzümə oxuyub, sonra da desəydi ki, Natiq bəy, səni mətbuat xidməti rəhbəri vəzifəsindən azad edirəm, partiyanın Rəyasət Heyəti üzvlüyündən və AXCP sıralarından da özün istefa verərsən, mən nə edərdim? Sonrakı addımlarım təqribən belə olardı. İmkanım çatan qədər sədrin mənə qarşı irəli sürdüyü ittihamları ya təkzib, ya izah edərdim. Sonra da deyərdim ki, Əli bəy, məni mətbuat xidmətinin rəhbəri vəzifəsindən çıxarmaq sizin hüququnuzdur. Bunu başa düşdüm. Amma partiyanın nəinki üzvlüyündən, heç Rəyasət Heyəti üzvlüyündən də mənim getmək fikrim yoxdur. Sizin də məni oradan çıxarmaq hüququnuz yoxdur. Əgər siz mənimlə bağlı məsələni partiyanın ali orqanının gündəliyinə çıxarmaq istəyirsinizsə, buyurun çıxarın. Mən dostlarım qarşısında özümü müdafiə və sizin ittihamlarınızın əsassız olduğunu sübut edə bilərəm. Bax belə.
Amma Razi bəy belə etmədi. İndi bu məsələdə hələ də nə baş verdiyini kəsdirə bilməyən dostlara məndən məsləhət.
Sizcə hansı səbəbdən Əli bəy özünə belə arxayın idi ki, xəyanətdə ittiham etdiyi keçmiş müavini onun sözü ilə partiyanı tərk edəcək? Sizcə niyə Razi bəy dəyişmək istədiyi partiyanın kollegial orqanlarında özü ilə bağlı müzakirə açmaq istəmədən, sədrin son tapşırığına uyğun olaraq AXCP üzvlüyündən də özü getdi?
Yenə aydın olmadı?”.